Avqustun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin daxil olduğu "İctimai Liderlər Platforması"nın üzvləri ilə onlayn görüş keçirib.
Hikmət Hacıyev Prezident İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. O, QHT sektorunun ölkəmizin ictimai həyatında fəal iştirakını vurğulayıb, hökumətin QHT-lərlə dialoqun genişlənməsində və QHT-lərin diqqətində olan məsələlərin müzakirəsində maraqlı olduğunu bildirib. Görüşün QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağı və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcəyi bildirilib.
Bəs bu görüş gələcəkdə daha nə kimi yeniliklər vəd edir? Konfransda QHT sektoru ilə bağlı hansı problemlər müzakirə edilib?
Musavat.com-a görüş haqqında təəssüratlarını bölüşən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, konfrans olduqca pozitiv keçib:

“İlk dəfədir ki, vətəndaş cəmiyyətinin problemləri ilə bağlı açıq müzakirələr aparılır. Əlbəttə ki, ayrı-ayrı vaxtlarda dar çərçivədə dialoqlar olurdu. Amma bu formatda dialoq uzun illərdir ki, baş vermirdi. Digər tərəfdən Hikmət müəllim vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı geniş çıxış etdi. O, ictimai nəzarətin təşkili, beynəlxalq təşkilatlarda iştirak, cəmiyyətdə baş verən proseslərə operativ reaksiya, vətəndaş cəmiyyəti ilə dövlət əməkdaşlığının genişləndirilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dünyaya çatdırılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq və vətəndaş cəmiyyətinin qarşısında duran problemlərin həlli istiqamətində ətraflı danışdı. Bizi narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq".
Ə.Nuriyev QHT nümayəndələrinin təkliflərinin qeydə alındığını nəzərə çatdırıb:

"Qanunvericiliklə bağlı məsələlərə yenidən baxılması, dəyişikliklərin təkmilləşdirilməsi, bununla bağlı İşçi Qrupunun yaradılması zərurətini diqqətə çatdırdıq. Vətəndaş cəmiyyətinin resurslara çıxışı, qarşılaşdıqları maneələrlə bağlı məsələlərə toxunuldu. Həmkarlarımın dayanıqlı inkişafda vətəndaş cəmiyyətinin rolu ilə bağlı səsləndirdiyi fikirlər çox diqqətlə dinləndi, hər bir təklif və irad qeydə alındı.
Konfransın formatından da görünür ki, bu, sadəcə görüş xarakteri daşımır. Hikmət müəllim dövlət və vətəndaş cəmiyyətinin problemlərini bölüşür və bu istiqamətdə dəyişikliklərin olmasını istəyir. Bu görüşlərin davamlı olacağı və sektoral xarakter daşıyacağı bildirildi. Qanunvericilik, demokratiya, şəffaflıq, hesabatlılıq, qadın hüquqları, veteranlar və Qarabağ həqiqətləri ilə bağlı ayrılıqda görüşlər keçiriləcək. Bildirildi ki, dövlət orqanları vətəndaş cəmiyyətinin işinə, təkliflərinə diqqətlə yanaşır. Məsələyə bu dəfə konseptual yanaşma var: problem var, problemin həlli istiqamətində təkliflər də var. Növbəti görüşlər konkret istiqamətlər üzrə olacaq və ixtisaslaşmış QHT-lər iştirak edəcək. Vətəndaş cəmiyyəti ilə bağlı yeni strategiyanın hazırlanmasının zəruriliyi də vurğulandı. Bu strategiya bütövlükdə vətəndaş cəmiyyətini mövcud böhrandan çıxarmağı hədəfləyir".
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da görüşün keçirilməsini müsbət addım kimi dəyərləndirib:

"Hikmət müəllim fərqli bir insandır, dialoq qurmağı, münasibət yaratmağı yüksək səviyyədə bacarır. O, vətəndaş cəmiyyətinin mövcud durumunun daha da inkişaf etməsini istəyir. O, beynəlxalq qurumlarda, beynəlxalq təşkilatlarda bizim də vətəndaş cəmiyyətinin nümayəndələrinin təmsil olunmasını istəyir. Görüşdə, əsasən, vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş müzakirələr edildi, rəy və təkliflər irəli sürüldü. Burada 20-dək QHT rəhbəri iştirak edirdi, hər kəs üçün 3 dəqiqə vaxt verildi. Hikmət müəllim söz verdi ki, bu görüşün davamı olacaq. Hazırda Azərbaycanda vətəndaş cəmiyyəti olduqca pis vəziyyətdədir. Hikmət müəllim qeydiyyatdan, şuralardan danışdı. Mən ictimai şuranın fəaliyyəti ilə bağlı təklif və iradımı bildirdim".
M.Qəhrəmanlı onu da əlavə edib ki, 20 nəfər QHT nümayəndəsi vətəndaş cəmiyyətinin fikrini tam şəkildə çatdıra bilməz:
"Peşəkar QHT-lərlə, komissiyalarla, platformalarla görüşlər təşkil olunmalıdır. Əgər doğurdan da hökumətin niyyəti vətəndaş cəmiyyətini beynəlxalq aləmdə möhkəmlədirməkdirsə, bu görüşlər təkrar keçirilməlidir. Ümumi təkliflər hazırlanmalıdır. O ölkədə ki vətəndaş cəmiyyəti inkişaf etmir, orada demokratiyadan söhbət gedə bilməz. Beynəlxalq təşkilatların təşkil etdiyi görüşlərdə vətəndaş cəmiyyətinin nümayəndələrinin təmsil olunması ölkəmiz üçün önəmlidir. Bu görüşü dövlət qurumları tərəfindən atılan ilk addım kimi dəyərləndirirəm, əgər nəticəsi olarsa, o zaman müsbət qiymətləndirəcəm".
Afaq Mirayiq,
Musavat.com






