İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev "İsgəndər"in sahibinə sərt mesaj verdi: Rəsmi Bakı Rusiyadan izahat tələbini yenilədi

5596 12.04.2021 19:48 Analitika A A

Rusiya bütün dünyanın diqqətində olan "İsgəndər M" skandalı qarşısında çətin vəziyyətə düşüb, veriləcək cavab tapmır; Rəsmi Bakı isə israrlı davranır, bu silahın Ermənistana necə verilməsi barədə daha geniş məlumatlara malik olduğunu gizlətmir və hər an açıqlaya biləcəyinə eyham vurur...

Müharibə sona çatsa da, siyasi-psixoloji savaş hələ davam edir. Bir çox maraqlı məqamlar ortaya çıxmağa başlayıb. Həmin məqamlara aydınlıq gətirilməsi istiqamətində olduqca ciddi addımlar atılmaqdadır.

Azərbaycan tərəfi kifayət qədər qətiyyətli davranmaqdadır. Rəsmi Bakı müharibədən sonra ortaya çıxan problemlərlə bağlı bütün məsələlərdə siyasi iradə nümayiş etdirir. Güzəştlər barədə düşünmək niyyətində olmadığını qabariq şəkildə biruzə verir.

Məsələ ondadır ki, rəsmi Bakı Ermənistan ordusunun minaladığı sahələrin xəritələrini israrla tələb edir. Çünki, müharibə bitsə də, minalanmış sahələr ciddi insan itkilərinə səbəb olmaqdadır. Bu, Ermənistanın hərbi cinayətlərinin davam etməsi anlamına gəlir.

cqafff-unnamed.jpg (26 KB)

Yəqin ki, Azərbaycan minalanmış sahələrin xəritəsini almamış Ermənistan ilə nəqliyyat-kommunikasiya xətlərinin açılmasında tələsməyəcək. Böyük ehtimalla bu proses həmin xəritələr Azərbaycana təhvil verilənə qədər təxirə salınacaq. Və bu barədə rəsmi İrəvanın daha ciddi şəkildə düşünməsi lazım gələcək.

Məsələ ondadır ki, Ermənistan ilə nəqliyyat-kommunikasiya xətlərinin açılması Azərbaycan üçün o qədər də ciddi əhəmiyyət daşımır. Ermənistan iqtisadiyyatı öz maliyyə-ticarət resursları baxımdan, Azərbaycana elə bir ciddi mənfəət vəd etmir. Yəni, Ermənistan ilə iqtisadi-ticari əlaqələr həm Azərbaycan, həm də ümumiyyətlə, region üçün elə də böyük əhəmiyyət daşımır.

Ancaq Ermənistana münasibətdə eyni fikirlərdə israr etmək mümkün deyil. Hazırda qonşularla düşmənçilik ənənələrini davam etdirən Ermənistan dünyadan təcrid olunmuş vəziyyətdədir. Bu ölkənin iqtisadiyyatı demək olar ki, çökmüş durumdadır. Hətta Ermənistanın iqtisadiyyatının olub-olmadığı da müəyyən mübahisələrə yol aça biləcək mövzudur.

Ona görə də, Azərbaycan ilə nəqliyyat-kommunikasiya xətlərinin açılması hazırda yalnız Ermənistanın maraqları baxımından vazkeçilməz addımdır. Bu halda, Ermənistan yeni iqtisadi-ticari şəbəkəyə qoşulub, həyati maliyyə qaynağı qazanmaq şansına sahib ola bilər. Və bu, indiki durumda Ermənistan üçün vazkeçilməz xilas variantı da sayılır.

savash-2020.jpg (77 KB)

Deməli, Ermənistan qonşu dövlətlərlə yeni münasibətlər sistemi barədə prinsipial qərarlar vermək məcburiyyətindədir. Hər halda, bundan sonra heç bir region dövləti rəsmi İrəvanın əsassız "kaprizlər"inə zaman sərf etməz.

Əgər, Rəsmi İrəvan nəqliyyat-kommunikasiya xətlərinin açılmasını, regional iqtisadi-ticari şəbəkəyə qatılmaq istəyirsə, yeni geopolitik şərtlərə də boyun əyməli olacaq. Xüsusilə də, Azərbaycanın prinsipial tələblərini yerinə yetirmək barədə düşünəcək. Əks halda, Ermənistan regiondan və dünyadan hələ uzun müddət təcrid olunmuş vəziyyətdə qala bilər.

Təbii ki, rəsmi Bakı Ermənistanın qonşu dövlətlərə münasibətinin dəyişdiyinə əmin olmayınca blokada şəraitini davam etdirməkdə tamamilə haqlıdır. Rəsmi İrəvanın region dövlətləri üçün təhlükə törətmədiyinə tam təminat verilməlidir. Əks halda, bu barbar dövlət yenidən güclənərək, regionda sülhə və əmin-amanlığa təhlükə törədə bilər. Və bunun belə ola biləcəyinə inandırıcı görüntülər verən kifayət qədər ciddi faktorlar var.

Məsələ ondadır ki, Rusiya hələ də Ermənistanı gücləndirmək niyyətindən əl çəkməyib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistan ordusuna ehtiyac duyduqlarını açıq mətnlə dilə gətirib. Amma bu başıpozuq ölkənin ordusunun Rusiya kimi güclü dövlətin nəyinə lazım olduğu kifayət qədər ciddi suallar doğurur. Kreml erməni ordusunu kimə qarşı istifadə etmək niyyətindədir?

888-1601990225-1602002766.jpg (45 KB)

Rusiyanın rəsmi dairələri bu suala mütləq cavab verməlidirlər. Ən azından Azərbaycan ilə normal münasibətlərin qorunması üçün Kremlin bütün müəmmalı məqamlara aydınlıq gətirməsi vacibdir. Çünki Azərbaycan artıq regional lider dövlət kimi, öz ətrafında baş verənlərə seyirçi qala bilməz.

Məsələ ondadır ki, Kreml Ermənistan ordusunu vaxtilə artıq bir dəfə gücləndirib. Nəticədə Azərbaycan əraziləri 30 il ərzində işğal altında saxlanılıb. Cəmisi 5 ay əvvəl isə Ermənistan ilə Azərbaycanın tarixi qələbəsi ilə nəticələnmiş müharibə baş verib. Belə anlaşılır ki, Rusiyanın gücləndirdiyi Ermənistan ordusunun hərbi hədəfi bir qayda olaraq, Azərbaycan olur.

İndi Rusiya növbəti dəfə Ermənistan ordusunun gücləndirilməsinin Azərbaycana qarşı yönəlmədiyinə təminat verə bilərmi? Hər halda, Rusiyanın Ermənistana "hədiyyə" etdiyi silahların Azərbaycana qarşı istifadə edildiyi inkaredilməz reallıqdır.

Azərbaycan Prezidenti İlham Əliyev son açıqlamasında 44 günlük savaşda Ermənistan ordusunun 5 milyard dollar dəyərində hərbi texnikasının sıradan çıxarıldığını bəyan edib. Bu, o deməkdir ki, Rusiyanın külli miqdarda xərci batıb, nəticə verməyib. Kreml Ermənistana belə nəhəng məbləğlər xərcləyərək, hansı ölkəni hədəfə aldığını birmənalı şəkildə açıqlamağa borcludur.

0acfeeca5dc42d79065f8c199311fc29.jpg (117 KB)

Ancaq daha bir önəmli və müəmmalı məqam da var. Rusiyanın həmin müəmmalı məqamın üzərindəki sirr pərdəsini də mütləq götürməsi lazımdır. Və bütün dünya Şuşanın "İsgəndər M" raketləri ilə vurulmasının necə baş verdiyini nəhayət ki, bilməlidir.

Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu məsələnin ən qısa zamanda aydınlaşdırılmasının vacibliyinə eyham vurur: “Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Hardandır, bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün”.

Göründüyü kimi, Azərbaycan Prezidenti konkret və prinsipial mövqe tutur. Şuşanın məhz "İsgəndər M" raketləri ilə vurulduğunu qabardır. Çünki bu silahın Ermənistana verilməsi beynəlxalq hüquq normalarına da ziddir.

Məsələ ondadır ki, 300 kilometrdən uzağa uça bilən raketlərin xarici ölkələrə satışı, yəni, dünyada yayılması qadağandır. "İsgəndər M" isə 500 kilometr uzaqlıqdakı hədəfləri vura bilir. Üstəlik, 250-300 kilometr uçuş məsafəsi olduğu üçün xarici ölkələrə satışı mümkün sayılan "İsgəndər E" raket sistemlərindən fərqli olaraq, "İsgəndər M" yalnız ballistik deyil, həm də nüvə başlığı da daşımağa qadirdir.

putin-pasha-7109.jpg (43 KB)

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin “İsgəndər M” raketlərinin Ermənistanın əlinə necə düşdüyünü israrla soruşması qətiyyən təsadüfi deyil. Yəni, Azərbaycan dövlətinin lideri xarici ölkəyə satışı qadağan olan bir silah növünün Ermənistanın əlinə necə keçməsinə rəsmən aydınlıq gətirilməsini tələb edir.

Əlbəttə ki, Azərbaycan Prezidenti bu tələbində tamamilə haqlıdır. Rusiya bu məsələyə mütləq aydınlıq gətirməyə borcludur. Çünki, bu suala yalnız Kreml dəqiq cavab verə bilər.

Əslində, Azərbaycan Prezidenti ad çəkməsə belə, sualın məhz Ermənistanın əsas himayədarı olan Rusiyaya ünvanlandığını anlamaq o qədər də çətin deyil. Üstəlik, "Bizdə kifayət qədər məlumatlar var... Sadəcə olaraq, rəsmi açıqlama gözləyirik..." deyə vurğulayan Prezident İlham Əliyev əslində, sualın dəqiq cavabını bildiyinə də eyham vurmuş olur.

Yəni, rəsmi Bakı artıq bu barədə daha geniş məlumatlara malikdir və hər an açıqlaya bilər. Ancaq əsas niyyət bu məsələyə Kremlin rəsmi reaksiya verməsinə nail olmaqdır.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev olduqca prinsipial mövqe tutur. Ermənistanın əsl sahibinə - Rusiyaya əvvəlki davranışların təkrarlanmasına bundan sonra seyirçi qalınmayacağının sərt mesajını verir. Eyni zamanda, dolayısı ilə Kremlə "İsgəndər"inə sahib çıx" tələbi yönəldir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR