İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev hədəfləri anons etdi, Xankəndiyə də növbə çatdı: Ermənilər şəhəri mütləq təhvil verməli olacaqlarını artıq bilirlər

30109 02.09.2022 08:40 Analitika A A

Böyük ehtimalla yaxın aylarda Cənubi Qafqazda həlledici geopolitik hadisələr baş verə bilər... Hər halda, Paşinyan hakimiyyəti də, Araik Arutyunyanın separatçı-terrorçuları da anlayırlar ki, Laçın şəhərinin azad edilməsindən sonra indi rəsmi Bakının əsas hədəfi birbaşa Xankəndi olacaq...

Ermənistanda dövlətçilik üçün ən ciddi təhlükələrdən biri də ölkədaxili ziddiyyətlər hesab oluna bilər. Çünki, Ermənistanın bundan sonra hələ uzun müddət daxili qarşıdurma mərhələsində ola biləcəyi qətiyyən istisna deyil. Hər halda, savaş meydanında və diplomatiya masası arxasında uğradığı ağır məğlubiyyətlərin real təsirlərinin artıq Ermənistanın daxilinə sıçradığı açıq-aşkar nəzərə çarpır.

Məsələ ondadır ki, indi Ermənistan cəmiyyəti hərbi və diplomatik məğlubiyyətlərə günahkar axtarışındadır. Paşinyan hakimiyyəti özündən əvvəlki iqtidarı - Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi Qarabağ klanını suçlayır. Qarabağ klanı isə Paşinyan hakimiyyətini Ermənistanın bütün biabırçı məğlubiyyətlərinin yeganə baiskarı hesab edir.

Üstəlik, bu qarşıdurma hər ötən gün daha da güclənərək, intensivləşir. İndi Ermənistan yeni siyasi böhrana sürətlə yaxınlaşır. Buna əlavə olaraq, 10 milyard dollar xarici borcu olan Ermənistanda maliyyə-iqtisadi böhranın da qaçılmaz olduğu artıq şübhə doğurmur. Yəni, Ermənistanı yaxın gələcəkdə dərin daxili xaos gözləyir.

Təbii ki, Ermənistanın indiki vəziyyəti erməni diasporunu da sarsıtmağa başlayıb. Erməni diasporu son vaxtlar Ermənistanın mövcud durumdan xilas edilməsində aciz vəziyyətə düşmüş kimi görünür. Adətən, ənənəvi "erməni xəyalları" uğrunda mübarizəni lobbiçilik fəaliyyətinə çevirən erməni diasporu artıq bu istiqamətdə elə bir ciddi uğur qazana bilmədiyindən, tədricən küçələrə çıxmaq məcburiyyətində qalıb.

6f4b4ed77c899cb0ca4a70591b7bad2c.jpg (180 KB)

Xüsusilə də, ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatlarının küçə aksiyalarına üstünlük verməyə başladığı müşahidə edilir. Belə ki, Nyu-Yorkun erməni diasporu BMT-nin binası qarşısında Rusiya, Türkiyə və Azərbaycan əleyhinə aksiyalar keçiriblər. Onların əsas tələbləri Qarabağdan rus sülhməramlıların çıxarılması və əvəzində beynəlxalq sülhməramlıların yerləşdirilməsi olub.

Təbii ki, ermənilərin Azərbaycan və Türkiyəyə qarşı münasibəti elə bir təəccüb doğurmur. Ancaq Rusiyanın açıq hədəfə alınması bir qədər gözlənilməz xarakter daşıyır. İndi erməni toplumu Rusiyanı Ermənistanın bütün məğlubiyyətlərində əsas xarici günahkar kimi qəbul edir. Və ermənilər arasında Rusiya əleyhinə əhval-ruhiyyə güclənərək, dərinləşir.

Halbuki, cəmisi bir neçə ay əvvələ qədər erməni siyasi elitası Rusiyanı Ermənistanın təhlükəsizlik maraqlarının əvəzolunmaz qarantı elan edirdilər. Rus sülhməramlıların missiyasının müddətinin uzadılmasında israrlı mövqe tuturdular. Hətta unudurdular ki, rus sülhməramlıların missiyasının uzadılması və ya onların Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarılması, birmənalı şəkildə rəsmi Bakının siyasi iradəsinə bağlı məsələdir. Və bu baxımdan, beynəlxalq sülhməramlılar barədə tələblər də əslində, ənənəvi "erməni xəyalı"ndan başqa bir şey deyil.

Məsələ ondadır ki, rus sülhməramlıların nə vaxt çıxarılacağının Ermənistana və ermənilərə heç bir aidiyyatı yoxdur. Rəsmi Bakı vaxtı çatanda bu məsələni də Azərbaycanın maraqları çərçivəsində həll edəcək. Rəsmi İrəvan isə indi daha çox Azərbaycan ərazisindən Ermənistan silahlı birləşmələrinin tez bir zamanda çıxarılması barədə düşünməlidirlər. Və Kremlin vaxtaşırı rəsmi İrəvana üçtərəfli anlaşmaların icrasının vacibliyini xatırlatması da bu məsələnin qaçılmaz olduğunu göstərir.

Kremlə yaxınlığı ilə diqqəti çəkən politoloq İqor Korotçenko da hesab edir ki, Ermənistan Azərbaycan ərazilərində qanunsuz olaraq, qalan silahlı dəstələrini dərhal çıxartmalıdır: "Azərbaycan ərazisində bir nəfər də silahlı erməni qalmamalıdır. Buna paralel olaraq, Qarabağda olan bütün separatçı qurumlar ləğv olunmalıdır və onların funksionerləri Azərbaycan ərazisini tərk etməlidirlər".

233991ab74f783e3c4e2d2eae50d5a38.jpg (109 KB)

İqor Korotçenko onu da qeyd edir ki, Qarabağda yalnız Azərbaycan vətəndaşlığını qəbul edən silahsız və dinc ermənilər qala bilərlər: "Müəyyən yoxlama prosedurlarından sonra Qarabağda qalmaq hüququ qazanacaq dinc ermənilərin təhlükəsizliyini isə Rusiya sülhməramlıları və Azərbaycan Daxili İşlər Nazirliyinin qüvvələri qorumalıdır".

Təbii ki, Ermənistanda Rusiyanın vaxtaşırı üçtərəfli anlaşmaların icrasının vacibliyini xatırlatmasından həm məyusdurlar, həm də ciddi şəkildə narazıdırlar. İrəvanda nəşr olunan "Lragir" qəzetinin materialında vurğulanır ki, Rusiya Ermənistan ilə açıq qarşıdurma mərhələsinə start verib: "Zaman keçdikcə, aydınlaşır ki, Rusiyanın Ermənistana münasibəti ermənilərin kölə edilməsinə hədəflənib. Ona görə də Rusiya Ermənistanı xaosa sürükləməyə çalışır".

Ermənistan mətbuatı son vaxtlar Rusiya ilə münasibətlərin hərbi müttəfiqlik çərçivəsindən ciddi şəkildə kənara çıxdığını vurğulayır. İddia olunur ki, münasibətlərin korlanmasından sonra Kreml rəsmi İrəvana öz davranışlarına diqqət edərək, ehtiyatlı olmağı "məsləhət" görür. Və Kreml hazırda əsasən rəsmi İrəvanın Rusiya və Qərb arasında prinsipial seçim etməkdən yayınmağa çalışmasından ciddi şəkildə narazıdır.

Erməni politoloq Vaqe Ovannisyan Ermənistanın son vaxtlar çox təhlükəli daxili qeyri-sabitlik dönəmindən keçdiyini düşünür. Onun fikrincə, ölkə daxilində baş verən qorxunc hadisələrin bir çoxu rəsmi İrəvana yönəlik xarici xəbərdarlıq mesajıdır: "Əgər, bu mesajların əsas məqsədini düzgün anlamasaq, Ermənistan uzun müddət bu dəhşətli mərhələdən çıxa bilməyəcək".

Bütün bunlar onu göstərir ki, Ermənistan ABŞ və Qərb ilə Rusiya arasında "sürüşkən siyasi oyun" qurmaq cəhdləri nəticəsində Kremlin dəstəyini demək olar ki, tamamilə itirmək üzrədir. Belə vəziyyət istər-istəməz Azərbaycanın Xankəndi və ətraf bölgəsində mövcud olan ümumi situasiyaya da birbaşa təsir göstərir.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)

Vaxtilə rus sülhməramlılara güvənən ermənilər indi Xankəndi və ətraf bölgədə qalmaq və ya getmək arasında seçim məcburiyyətindədirlər. Bəzi məlumatlara görə, bölgədəki ermənilər də artıq anlayırlar ki, ümumerməni propoqandasının girovuna çevriliblər. Hətta Xankəndidə bir çoxları əmindirlər ki, Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpa olunacağı gün o qədər də uzaqda deyil.

Ona görə də, rəsmi İrəvanın Qarabağ ermənilərinə çıxılmaz vəziyyət ehtimalı üçün Ermənistanda yaşamaq təminatı verdiyi bildirilir. Ancaq indiyə qədər Paşinyan hakimiyyətinin verdiyi vədləri necə "yerinə yetirdiyini" Xankəndi və ətraf bölgədə yaşayan ermənilər hamıdan yaxşı bilirlər. Hətta rəsmi İrəvanın vaxtilə Ermənistana köçmüş ermənilərin ölkəni tərk etmələri üçün onlara sosial və psixoloji təzyiqlər göstərdiyi də artıq kimsəyə sirr deyil. Və belə vəziyyətdə Ermənistana getmək əvəzinə Azərbaycan vətəndaşlığını qəbul edib, Qarabağda yaşamaq real alternativ olaraq, diqqəti çəkir.

Ancaq bütün bunların baş verməsi üçün əvvəlcə Ermənistan silahlı birləşmələri Xankəndi və ətraf bölgədən çıxarılmalıdır. Ardınca erməni separatçıların silahlı terrorçu dəstələri də tərksilah olunmalıdır. Və separatçı-terrorçuların hamısı Azərbaycan ərazisini tərk etməlidirlər.

Böyük ehtimalla bütün bunlar yaxın aylarda reallığa çevrilə bilər. Yəni, bu istiqamətdə müəyyən proseslərin cərəyan edə biləcəyi qətiyyən istisna deyil. Hər halda, Paşinyan hakimiyyəti də, Araik Arutyunyanın separatçı-terrorçuları da anlayırlar ki, Laçın şəhərinin azad edilməsi ilə bağlı problem artıq həll edildiyindən, indi rəsmi Bakının əsas hədəfi məhz birbaşa Xankəndi olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev də öz açıqlamalarında rəsmi Bakının əsas hədəfini artıq anons edib. Ukraynada "savaş bataqlığı"na düşən Rusiya isə rəsmi Bakının hədəflərinə müqavimət göstərmək imkanlarından xeyli uzaqdır. Yəni, istənilən halda, Xankəndidə Azərbaycan bayrağının yaxın aylarda mütləq dalğalanacağı qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR