İnsanlara hürriyət, millətlərə istiqlal!

“Prezident Göyçayı böyük fəlakətdən qurtardı”- rayon sakinlərinin təşəkkürü

1216 22.10.2019 08:40 Ölkə A A

Göyçay çayının əvvəlki məcrasına qaytarılması, qoruyucu bəndlərin vurulması işləri həyata keçirilir

Bir qrup Göyçay rayon sakini Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Rayon sakinlərinin müsavat.com-a verdiyi məlumata görə, Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində Göyçay rayonu böyük sel fəlakətindən xilas olub.

Belə ki, Göyçay çayının üzərində inşa edilmiş qanunsuz qum-çınqıl karxanaları uzun illər çayın yatağını talan ediblər, onun təbii məcrasını dəyişiblər. Son 10 il ərzində çayın yatağının bir neçə şirkət tərəfindən qanunsuz olaraq qazılması çayın dərinliyinin 2-3 metrdən 15-20 metrədək dərinləşməsinə, onlarla evin həyətyanı sahəsinin, əkin yerlərinin, bir neçə evin yuyulub uçulmasına, ən nəhayətdə isə 2 iyun 2018-ci ildə Göyçay çayının üzərindəki körpünün uçmasına səbəb olmuşdu. Nəticədə rayon faktiki olaraq ikiyə bölünmüşdü. Prezident İlham Əliyev məsələyə dərhal reaksiya vermişdi, körpü qısa müddətdə yenidən qurularaq, istifadəyə verilmişdi. Həmçinin bu fəlakəti yaradanlar cəzalandırılmışdı.

Körpü uçduqdan sonra ortaya dəhşətli faktlar çıxmışdı. Məlum olmuşdu ki, Göyçay çayı elə bir vəziyyətə salınıb ki, təcili tədbirlər görülməsə, çayın üzərində - Ulaşlı Şıxlı kəndi ərazisində inşa edilmiş, Göyçay çayı ilə Yuxarı Şirvan kanalının kəsişməsində axını tənzimləyən tunel (düker) partlaya və bununla da rayonun mərkəzi hissəsini və onlarla kəndi sel basa, azı 5 kənd xəritədən silinə bilər.

Əslində bu durum xeyli illər öncədən - 2013-2014-cü illərdən rayon ziyalılarının diqqətini cəlb edib. Araşdırmalar zamanı üzə çıxmışdı ki, rayonun ağsaqqal, nüfuzlu şəxslərindən olan millət vəkili Elxan Süleymanov hələ 2014-cü ildə Göyçay çayındakı fəlakət vəd edən durumla bağlı həyəcan təbili çalıb, müvafiq qurumlara rəsmi müraciətlər ünvanlayıb.

eee.jpg (43 KB)

Bundan sonra rayon icra hakimiyyəti karxanaların fəaliyyətini dayandırmaq barədə rəsmi göstəriş də verib. Lakin həmin şirkətlər qanunsuz şəkildə çayı talamaqda davam ediblər, nəticədə isə 2018-ci ildə körpü məhv olub.

Göyçay çayının əvvəlki məcrasına qaytarılması, ile ilgili görsel sonucu

Körpü fəlakətindən sonra dövlət başçısının göstərişi ilə Göyçay çayındakı vəziyyəti araşdırmaq və müvafiq tədbirlər üçün komissiya yaradıldı. Həmin vaxt müstəqil ekspert qrupu da rəy vermişdi ki, Göyçay çayının məcrası,  dərinliyi əvvəlki səviyyəsinə qaytarılmalıdır, əks təqdirdə, rayonda qarşıdakı illərdə sel böyük faciələr törədə bilər.

Dərhal da mərhələli şəkildə həmin prosesə başlanılmışdı. Göyçay sakinləri bildirir ki, məhz dövlət başçısının göstərişi və həmin məsələni daim diqqətdə saxlaması nəticəsində hazırda Göyçay çayının əvvəlki məcrasına qaytarılması, qoruyucu bəndlərin vurulması işləri həyata keçirilir. Ötən həftə prezident bu işlərin həyata keçirilməsi üçün 7 milyon manat vəsait ayırıb. Rayon sakinləri bununla bağlı Prezident İlham Əliyevə təşəkkür məktubu yazaraq, Göyçayın sel fəlakətindən qurtulmasına böyük diqqət ayırdığına görə minnətdarlıqlarını bildiriblər.

100-dən çox sakinin Göyçay əhalisi adından imzaladığı təşəkkür məktubunda prezidentin apardığı siyasətin daim dəstəkləndiyi vurğulanır, həyata keçirilən islahatlara, əhalinin rifahının yüksəldilməsinə, ölkədə sabitliyin qorunmasına görə dövlət başçısına təşəkkür edilir.

Məktubda daha sonra qeyd edilir:

- Hörmətli İlham Əliyev!

2018-ci il iyun ayının 2-də Göyçay çayı üzərində olan körpünü sel yuyub dağıtmışdı. Bəzi korporativ maraqlarını güdən sahibkarlar, məmurlar uzun müddət Göyçay çayının məcrasında qum-çınqıl karxanaları inşa edərək, çayın yatağını taladıqlarından həmin acınacaqlı vəziyyət yaranmışdı. Göyçay çayının üzərindəki körpü dağıldıqdan sonra rayon faktiki ikiyə bölünmüş, bir tərəfdən digər tərəfə gediş-gəliş kəsilmişdi. Sizin məsələyə dərhal müdaxiləniz nəticəsində körpü çox qısa bir müddətdə yenidən qurularaq, istifadəyə verildi.

Siz yaranmış vəziyyəti ciddi nəzarətə aldınız və Göyçay çayını talayan, hətta məcrasını süni şəkildə dəyişən, körpünün uçmasına səbəb olan şəxslər cəzalandırıldı.

Siz bununla da kifayətlənmədiniz. Göyçay çayının məcrasının durumu ilə bağlı məlumat aldıqdan dərhal sonra orada yeni bəndlərin qurulmasına, çayın məcrasının əvvəlki vəziyyətinə qaytarılmasına dair müvafiq göstərişlər verdiniz. Bununla siz faktiki olaraq Göyçay rayonunu gözləyən böyük bir fəlakətdən xilas etmiş oldunuz! 2018-ci ilin iyununda körpü uçarkən Prezidentin ehtiyat fondundan təmir-bərpa işlərinə dərhal 3,5 milyon manat ayırmışdınız.

Siz bu gün də həmin məsələni diqqətdə saxlayırsınız. Göyçayın qarşıdakı müddətdə də fəlakətdən - qış və yaz aylarında əkin sahələrinə, fərdi evlərə ziyan dəyməsindən, körpüyə yaranan təhlükədən birdəfəlik xilas olması üçün Siz bir neçə gün öncə daha bir sərəncam imzaladınız və “Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri”nin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 7.0 (yeddi) milyon manat ayırdınız.

Sizin qayğıkeşliyiniz, diqqətiniz nəticəsində artıq bir neçə aydır ki, mərhələli şəkildə çay yatağında əsaslı təmir işlərinə başlanılıb. Göyçay çayının məcrasının dəyişdirilməsi ilə bağlı aparılan təmir işləri zamanı çayın üzərində standartlara uyğun olaraq alternativ körpü də inşa edilib. Bununla göyçaylılara yaranmış çox qorxulu vəziyyət aradan qalxdı, evimizin, yurd yuvamızın dağıldılmasının qarşısının alması üçün  çayın yatağının əvvəlki - tarixi yerinə dəyişdirilməsi ilə təhlükə bizdən uzaqlaşdı.

Cənab Prezident!

Biz göyçaylılar Sizin göstərdiyiniz bu diqqət və qayğını heç zaman unutmayacağıq. Sizə dərin təşəkkürümüzü bildiririk! Allah Sizi və ailənizi qorusun!

20191023_113738.jpg (4.35 MB)

20191023_113749.jpg (4.49 MB)

20191023_113938.jpg (4.25 MB)

 M.MAHRIZLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR