PREZİDENT ƏMƏKHAQQI VƏ PENSİYALARIN ARTIRILMASI HAQQINDA SƏRƏNCAM VERDİ
Prezident dünən əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilib. Prezident Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırıb ki, qanunvericiliklə müəyyən olunmuş müvafiq hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin. Sərəncamla Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.






