İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident dünya bazarında yeni brend yaradır: “Azərsilah...”

1321 09.09.2023 10:23 Gündəm A A

İlham Əliyev bunun anonsunu yerli televiziya kanallarına müsahibəsi zamanı vermişdi; Azərbaycan Türkiyə, Pakistan və bir sıra dünya ölkələri ilə ortaq silah istehsal edəcək

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti yaradılması ilə bağlı fərman imzalayıb.

Sənədə görə, QSC silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirir, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirəcək.

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirəcək.

Fərmanla Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi Cəmiyyətin tabeliyinə verilir.

Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaranmasından  18 il ötür. Bu  müddətdə günün tələblərinə cavab verən silah istehsal etmək olduqca məsuliyyətli və çətin bir məsələdir. Azərbaycan bunun öhdəsindən gələ bildi. Bu müddətdə təkcə hərbi sursatlar deyil, eyni zamanda hərbi texnika və silah istehsalına nail oldu. Azərbaycan bir sıra hərbi texnikanın özündə istehsalını təşkil etdi, bu isə xarici bazardan asılılığımızı azaltdı. Bu gün Azərbaycan müdafiə sənayesinin buraxdığı məhsullar təkcə Azərbaycan Silahlı Qüvvələrinin deyil, eyni zamanda xarici ölkələrin də ordularında arzuolunan silahlardır. Hərbi sənayesi günü-gündən daha da təkmilləşən qardaş Türkiyənin təcrübəsindən, eyni zamanda öz mütəxəssislərimizin bilik və bacarıqlarından geniş istifadə olunur. Yada salaq ki, ötən il sentyabrın 6-dan 8-dək Bakıda keçirilən “ADEX” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində 26 ölkədən 200-dən çox şirkət iştirak edib.

Bu ilin yanvarında Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı da Azərbaycanın silah bazarında önəmli yerə iddialı olduğunu demişdi. Ölkə başçısı demişdi ki, dünya silah bazarında boşluq yaranıb: “Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq. Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik”.

Emin Həsənli: “Bu görüşlər qardaşlığımızın təməlinini daha da  möhkəmləndirir”

Emin Həsənli

Hərbi ekspert Emin Həsənli fərmanın əhəmiyyətini olduqca böyük sayır: “Azərbaycan dövləti ordu quruculuğu ilə yanaşı, ordunun öz silahlarımızla təmin edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bu baxımdan Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının özü tarixi bir hadisə idi. 44 günlük Vətən müharibəsində də Azərbaycan Ordusu öz silahlarımızdan da istifadə etdi. Bu gün həm ordumuz, həm də Daxili İşlər Nazirliyi əməkdaşlarımız Müdafiə Sənayesi Nazirliyinin silahlarından istifadə edir, beynəlxalq sərgilərdə Azərbaycan silahlarını nümayiş etdirir. Bu silahların bəzilərinə milli qəhrəman Mübariz İbrahimovun adı verilib, eləcə də, milli adlar da verilib. Ölkəmizdə keçirilən beynəlxalq silah sərgiləri də çox önəmlidir. Dünyanın bir sıra yerlərində keçirilən silah sərgilərində də Azərbaycan çox yaxından iştirak edir. Son illər Türkiyədə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə türk ordusu 80 faiz silahı ilə özü-özünü təmin edir. 20 il bundan öncə, təsəvvür edin ki, bu, 20 faiz idi. Bu da çox önəmli faktdır. Türkiyənin həm pilotsuz uçuş aparatları, həm də hərbi gəmiləri, tankları var. İndi də təyyarə istehsal etməyə başlayıblar. Bu da çox vacib amildir ki, hər bir ölkə öz ordusunu öz silahı ilə təmin edir. Cənab Prezidentin Müdafiə Sənayesi Nazirliyinin tərkibində ”Azərsilah"  Qapalı Səhmdar Cəmiyyəti yaratması haqqında fərmanı çox önəmli hadisədir. Azərbaycan qardaş Türkiyə, Pakistan və bir sıra dünya ölkələri ilə ortaq silah istehsal edəcək. Silahlarımız dünyanın bir sıra ölkələrində istehsal olunacaq. Bundan sonra bu istiqamətlərdə xeyli addımlar atılacaq. Hərbi potensialımız bütün bunlara imkan verir. Qardaş Türkiyə ilə bu sahələrdə birgə işlər görüləcək. 44 günlük Vətən müharibəmiz onu göstərdi ki, dünyada müharibəyə baxış da dəyişib. Günün tələbləri başqadır. Bu tələblərə uyğun da silahla istehsal olunur. Ordu da həmin silahlardan istifadə etməlidir. Bu baxımdan fərmanın əhəmiyyəti olduqca böyükdür". 

Telman Qasımov: “Əziz Ələkbərli Ramiz Mehdiyevin ən sadiq adamlarından biri  idi” Pravda.az

Telman Qasımov 

Hərbi ekspert Telman Qasımov hərbi bir ölkədə bu tipli qurumların olduğunu söylədi: “Cənab Prezidentin həmin fərmanı ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan ”Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə bu qurum hazırlanan silahların satılması ilə məşğul olacaq. Hərbi arsenalımıza yeni-yeni müasir silahların, texnikaların alınıb-gətirilməsi prosesi də keçiriləcək. Bu da normal bir haldır. Müxtəlif dövlətlərdə də bu belədir. Yəni silahların alınıb-satılması ilə məşğul olan qurum mütləq şəkildə olur. Elə məsələlər olur ki, əsas qurum alqı-satqıda iştirak etmir, amma bu holdinqlər həmin işləri görərək, lazım olan tələbatı yerinə yetirir. Təbii ki, burada təkcə silah alqı-satqısı və s. məsələlər deyil. Digər məsələlər də var ki, orduya aid olan vacib məsələlərdir. Xarici ölkələrdən mütəxəssislər gətirilməsi məsələsi də var. Kurslar təşkil olunur, hərbçilər ora cəlb edilir. Bir sözlə, bu və ya digər işlərlə məşğul olan bundan sonra bir holdinq olacaq. Hər şey birbaşa nəzarətdə saxlanılacaq. Daimi dövlət nəzarəti olacaq. Sistemli, ardıcıl işlər görülür. Hər kəs buna əmin ola bilər". 

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR