Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edərkən nitq söyləyib. Musavatşcom həmin çıxışdan çıxarışlar ı təqdim edir.
Prezident İlham Əliyev deyib:
Hesab edirəm ki, bizim görüşlərimiz və fikir mübadilələri Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, bizim görüşlər və sıx qarşılıqlı əlaqələr çox uğurla inkişaf edən və artıq çoxdan bəri strateji tərəfdaşlıq səviyyəsinə çatmış Rusiya-Azərbaycan münasibətlərinin mühüm amilidir.
"Rusiya Prezidenti ilə çoxsaylı görüşlərimiz əlaqələrimizin daha da möhkəmlənməsində çox mühüm rol oynayır"
Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə mənim çoxsaylı görüşlərim bizim dostluq, mehriban qonşuluq əlaqələrimizin daha da möhkəmlənməsində çox mühüm rol oynayır. Bu yaxınlarda - ötən ay mən Rusiya Prezidentinin dəvəti ilə Soçidə “Valday” Diskussiya Klubunun işində iştirak etdim və həmin səfər çərçivəsində Rusiya Prezidenti ilə də görüşümüz oldu. Biz münasibətlərimizin çox geniş gündəliyinə bir daha nəzər saldıq və əlaqələrimizin bütün istiqamətlər üzrə durmadan inkişaf etdiyini bir daha gördük.
"Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqını çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır"
Əlbəttə, Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir. Hamıya yaxşı məlumdur ki, Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqını çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır. Biz, sadəcə, atalarımızın, babalarımızın ənənələrini davam etdirir, əlaqələrimizi möhkəmlədir, bununla da Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk. Dəfələrlə dediyimiz kimi, Qafqaz vahid orqanizmdir, o elə bir məkandır ki, orada yerli xalqlar əsrlərboyu yaşayır, qurur, yaradırlar, memarlıq abidələri yaradırlar və gələcəyə inamla baxırlar. Əlbəttə, hesab edirəm ki, Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır.
"Bugünkü Azərbaycan Heydər Əliyevin qəhrəmancasına fəaliyyətinin nəticəsidir"
O, Azərbaycanın inkişafı üçün həmişə çox böyük səy göstərirdi. Sovet dövründə, 1969-cu ildə Azərbaycana rəhbərlik edəndə o, cavan idi, 46 yaşı vardı. O, Azərbaycanı inkişaf səviyyəsinə görə SSRİ-də ən axırıncı yerdən ən qabaqcıllar sırasına çıxardı. O vaxt Rusiya Federasiyasından başqa cəmi iki respublika – Azərbaycan və Belarus ümumittifaq xəzinəsinə aldıqlarından çox verirdi. Rusiya Federasiyası sırf şərti mənada müttəfiq respublika idi. O, dövləti və respublikanı yaradan qurum idi. Bütün digər respublikalar dotasiya alırdı. Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan bütün göstəricilər üzrə ən yüksək yerlərə çıxdı - həm sənayedə, həm kənd təsərrüfatında, həm elektronikada, həm infrastrukturda, həm də regionların inkişafında. Təsadüfi deyil ki, bizim xalqımız böyük çətinliklərlə, faciə ilə üzləşəndə insanlar, ilk növbədə, Heydər Əliyevə müraciət etdilər. Xalqımız 1993-cü ildə onu Azərbaycana rəhbərliyə dəvət etməklə, əslində, bizi fəlakətdən xilas etdi. Mən dünən də, bundan əvvəlki tədbirlərimizdə də demişəm ki, Heydər Əliyevin möhtərəm şeyx ilə dostluğu təkcə onların şəxsi münasibətləri deyildi. Onlar bir-birini çoxdan tanıyırdılar, hələ möhtərəm şeyx gənc yaşlarında Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etməyə başladığı vaxtdan. Biz də çox sıx dostluq münasibətləri saxlayırıq. Düşünürəm ki, bu, bizim uğurlu inkişafımızın rəhnidir.
"O vaxt hakimiyyət tam iflasa uğramışdı və hakimiyyətə küçə adamları gəlmişdi"
Əlbəttə, biz hamımız tariximizin qaranlıq dövrünü xatırlayırıq. O vaxt təsadüfi adamlar hərbi çevriliş yolu ilə ölkə rəhbərliyinə gəlmişdi. Hərçənd bunu çevriliş də adlandırmaq çətindir. Ona görə ki, hətta çevriliş etmək üçün cəsarət və ağıl lazımdır. Bu, sadəcə, hakimiyyətsizlik dövrü idi. O vaxt hakimiyyət tam iflasa uğramışdı və hakimiyyətə küçə adamları gəlmişdi.
Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı. Hər bir cəmiyyətdə töküntülər var. Onlar da belə idi. Onlar hakimiyyəti qəsb etdilər. Mahiyyət etibarilə Azərbaycan xalqının çoxəsrlik ənənələrini məhv etdilər. Onlar düşmənçilik, nifrət toxumu səpir, dinlərarası ayrı-seçkiliyi qızışdırır, oğurluqla məşğul olur, tramvay xətlərini kəsirdilər, çünki orada mis vardı, kəsdiklərini qonşu ölkələrə satırdılar. Təsəvvür edin ki, savadsız bir demaqoq müdafiə naziri olmuşdu. Xırda alverlə məşğul olması ilə tanınan bir adam baş nazir olmuşdu. İdarəçilik sahəsində heç bir təcrübəsi olmayan insan ölkəyə başçılıq edirdi. O, hətta kolxoza da rəhbərlik etməmişdi. Hələ onu demirəm ki, parlamentin rəhbəri 11 il kiçik elmi işçi olmuşdu və bu illər ərzində hətta namizədlik dissertasiyasını da müdafiə edə bilməmişdi. Onlar, sadəcə, savadsız adamlar idi. Dövlət katibi isə keçmiş komsomol fəalı, karyerist və qorxaq adam idi. Onun qorxaqlığını bütün Azərbaycan xalqı bu yaxınlarda bir daha gördü. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində də pis danışan fizika müəllimi xarici işlər naziri olmuşdu. Belə işlər də olub, ümumiyyətlə, o, nə ingilis dilini bilirdi, nə də rus dilini. Ümumiyyətlə o, diplomatiyanın nə demək olduğunu anlamırdı. O vaxt vəziyyət belə idi. Bax, şeyx bunu yaxşı xatırlayır. Onlar faciəyə, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə, vətəndaş müharibəsinə gətirib çıxardılar. Orada ərazilərimiz işğal olunur, onlar isə öz hakimiyyətini möhkəmlətmək üçün Gəncəni bombalamaq əmri verirdilər. Onların Gəncə aeroportunu, bir çox evləri bombalamasını, insanların həlak olmasını göstərən kadrlar var. Bu canilər vətəndaş müharibəsi təşkil etmişdilər. Burada onları asmaq üçün dar ağacı qurulanda onlar qorxuya düşərək o vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevə müraciət etdilər ki, gəlib onları xilas etsin. Onlar xalqı deyil, özlərini düşünürdülər. Onlar Heydər Əliyevi uzun müddət dilə tutdular, üç dəfə onun üçün təyyarə göndərdilər. O vaxt Heydər Əliyevin yaşı az deyildi, 70 yaşı vardı. O, xalqı fəlakətdən xilas etmək üçün gəldi və bunu etdi. Biz belə yollar keçmişik. Ona görə biz bunların hamısını xatırlayırıq və qiymətləndiririk. Gərək gənc nəsil bunu bilsin. Çünki o vaxt onlar balaca idilər və ya heç doğulmamışdılar. Buna görə də möhtərəm şeyx də, biz də çalışırıq ki, bu həqiqət hamıya məlum olsun və bunu xatırlayanlar unutmasınlar. Çünki yaxşı olana çox tez vərdiş edirlər. Buna görə biz bütün bunları xatırlayırıq və öz müstəqilliyimizin, ləyaqətimizin, öz yolumuzun – inkişaf, əməkdaşlıq, tərəqqi yolunun qədrini bilirik.
Əlbəttə ki, bugünkü görüş, mənim fikrimcə, çox böyük əhəmiyyət kəsb edir. Biz hamımız Qafqazın birliyini, qardaşlığımıza, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığa sadiq olduğumuzu nümayiş etdiririk və İnşallah, beləcə irəli gedəcəyik.
"Rusiya Prezidenti ilə mənim çoxsaylı, məzmunlu görüşlərim bir-birimizə səmimi münasibətin təzahürüdür"
Rusiya Prezidenti ilə məni yaxın, etimada əsaslanan münasibətlər bağlayır. Bu, çox vacibdir. Biz dəqiq başa düşürük ki, sıx qarşılıqlı fəaliyyətimiz, strateji tərəfdaşlığımız bizim üçün, xalqlarımız üçün vacibdir. Bundan əlavə, şəxsi münasibətlər də var. Məhz bu qarşılıqlı etimad səviyyəsi çoxillik, səmimi və həqiqi əməkdaşlıq sayəsində qazanılıb. Bu etimad səviyyəsi bizim hər hansı məsələləri müzakirə etməyimizə və onları həll etməyimizə imkan verir. Mən də Rusiya Prezidentinə böyük hörmət bəsləyirəm. Mən onunla hələ Heydər Əliyev Azərbaycan Prezidenti olduğu dövrdən tanışam. O vaxt Vladimir Vladimiroviç Azərbaycana səfər etmişdi. Ona qədər Sovet İttifaqı dağılandan sonra 10 il ərzində Rusiya Prezidenti Azərbaycana gəlməmişdi. Hərçənd, biz qonşularıq, bizi çox şey bağlayır. Vladimir Vladimiroviç isə Prezident olan kimi atamın dəvətini qəbul etdi, Azərbaycana gəldi və bizə hörmətini göstərdi. Əslində, o vaxt Heydər Əliyevlə o, bizim münasibətlərimizin təməlini qoydu, bu münasibətlər bu gün də davam edir. Ona görə mən bu yolla gedirəm və Rusiya Prezidenti ilə mənim çoxsaylı, məzmunlu görüşlərim bir-birimizə səmimi münasibətin təzahürüdür. Xalqlarımız bunu bilir və görür. Bu, böyük sərvətdir.
Musavat.com






