dən aldığımız məlumata görə, müzakirələrdə Venesiya Komissiyasının nümayəndəsi, Litvadan gəlmiş qonaqlar, Milli Məclisin deputatları, Ədliyyə Nazirliyinin təmsilçiləri, BDU-nun konstitusiya hüququ üzrə mütəxəssisləri iştirak edib. P.Hüseyn dedi ki, belə maraqlı diskussiyalarda KİV-in iştirak etməməsindən təəssüflənir. Deputatlardan Pənah Hüseyn, Əli Məsimli, Fazil Mustafa və digərləri çıxış edib. Xəbər verdiyimiz kimi, qanun layihəsi prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib. Ancaq qəribəsi odur ki, müzakirələrə Prezident Administrasiyasının nümayəndələri qatılmayıb. P.Hüseyn də bu faktla bağlı təəccübünü ifadə etdi: “Biz orda Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyevi görmək istəyirdik. Çünki o, mayın əvvəllərində APA-ya müsahibəsində opponentlərin arqumentlərinə dair qeyri-professional və qeyri-hüquqi fikirlər səsləndirmişdi. Ona xeyli suallarımız var idi. Təəssüf ki, təəccüblü və qəribə bir şəkildə müəlliflər və onların nümayəndələri görünmədi. Bu, onu sübut edir ki, ciddi diskussiyaya hazır deyillər və onların deyəcəkləri söz yoxdur. Çünki bu qanun layihəsinin özü konstitusiyanın 96-cı maddəsinin 7-ci hissəsinin pozulmasıdır. Orda birbaşa qeyd olunur ki, qanun layihələrinin məqsədləri göstərilməli və onlar əsaslandırılmalı, müvafiq sənədlərlə birlikdə göndərilməlidir. Hətta konstitusiyanın bu tələbinə də əməl olunmayıb. Bu da çox mənfi proseslərin getməsinin əlaməti kimi dəyərləndirilməlidir”.
Müxalifətçi deputat çıxışında əsas tezislərini səsləndirib. Pənah Hüseyn qeyd edib ki, etiraz doğuran əsas müddəalar qanunvericiliklə bağlıdır: “Əsas tezislərimiz ondan ibarət oldu ki, konstitusiyaya görə Azərbaycanda faktiki olaraq üç müstəqil hakimiyyət qolu var. Ancaq icra hakimiyyətinin timsalında bunlardan birinin hegemonluğu mövcuddur. Ölkənin inkişafı isə əslində mütənasibliyin bərpa olunmasından və digər hakimiyyət qollarının da həqiqətən müstəqilləşməsindən keçir. Demokratikləşmənin də əsas yolu bundan ibarətdir. Lakin bu qanunun bir sıra müddəaları, konkret 43-cü maddə - orada illik qanunvericilik planının Milli Məclis tərəfindən həm də prezidentlə razılaşdırılması nəzərdə tutulur - qarşılıqlı razılaşma kimi ifadə olunsa da, faktiki olaraq Milli Məclisin planının prezidentlə razılaşdırılmasından söhbət gedir ki, bu isə hegemonluğu daha da çox dərinləşdirir və onu dönməz edir. Faktiki olaraq prezident bir şəxsdir. Amma Milli Məclis çoxpartiyalılıq əsasında seçilən bir orqandır. Milli Məclisin qanunvericilik planı müzakirələr nəticəsində, o cümlədən müxtəlif siyasi baxışlara, görüşlərə malik olan deputatların məsələyə münasibətini ifadə etməsinin nəticəsi olaraq formalaşır. Ona görə də əslində bu işdə qanunvericilik prosesinin də icra hakimiyyəti tərəfindən tamamilə icra hakimiyyəti tərəfindən nəzarət altına alınması nəzərdə tutur”.
P.Hüseyn müzakirələrdə də bildirib ki, bununla əslində parlamentin prezidentin sədr olduğu partiyanın nəzarətindən çıxarılmasına hazırlıq görülür. Millət vəkili digər dəyişikliklərə də etirazını ifadə edib: “Prezidentin təqdim etdiyi qanun layihələri üçün tələb olunan sənədlər Milli Məclisə göndərilmir və bu, konstitusiya qanununun birbaşa pozuntusudur. Halbuki ayrı-ayrı deputatlardan qanun layihələrinin müzakirəsi üçün bütün absurd, yəni mümkün olan və olmayan sənədlər tələb edilir. Bu da deputatların qanunvericilik hüquqlarını faktiki olaraq qeyri-mümkün edir, belə demək mümkünsə, ləğv edir. Çıxışımda mahiyyətcə bir sıra digər bu kimi müddəaların da olduğunu vurğuladım. Bunu konstitusiyanın bir sıra maddələrinə zidd olan bir qanun kimi dəyərləndirdik və siyasi cəhətdən bunun ciddi fəsadlara səbəb olacağını qeyd etdik”. P.Hüseyn qanunların imzalanması, qüvvəyə minməsi və sair kimi məsələlərə də toxunub. Dediyinə görə, ona opponentlik edən tərəf bu arqumentləri qanuna təklif etməsə də, hansısa inandırıcı dəlil və arqumentlər səsləndirməyib.
PA nümayəndələri müzakirələrə qatılmasa da, P.Hüseyn dedi ki, əgər onlar müzakirə təşkil edərsə, Müsavat deputat qrupu diskussiyalarda iştiraka hazırdır. Millət vəkili qanunun üçüncü oxunuşunun Milli Məclisin 18 iyun iclasında keçiriləcəyini bildirdi: “Heç olmasa gəlib orda cəmiyyətə və Milli Məclisə izahat versinlər”.
Qeyd edək ki, bir müddət öncə qəzetimizdə sözügedən layihə barədə dərc edilən yazıda konstitusiya çevrilişinə hazırlığa start verilməsindən bəhs edilməsi ciddi rezonansa səbəb olmuşdu. Prezident tərəfindən qanunvericilik təşəbbüsü əsasında təqdim olunan layihə Milli Məclisin üç müzakirəsindən keçib. Bu layihədə əsas narahatçılıq doğuran və müzakirələrə səbəb olan odur ki, parlamentin və deputatların səlahiyyətlərinin ciddi şəkildə məhdudlaşdırılması nəzərdə tutulur.






