Prezident: "2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq"
"Əlbəttə, biz gələcəyə baxırıq. 2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq. Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq".
Musavat.com xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Göyçayda Rayon Mərkəzi Xəstəxanasının binasında yaradılan şəraitlə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
"On il bundan əvvəl birinci regional inkişaf proqramı icra olunanda demişdim ki, hər bir şəhərdə ən müasir standartlara cavab verən xəstəxana, ya diaqnostika mərkəzi, tibb ocağı olmalıdır. İndi nəinki Bakıda, hər bir rayonda belə gözəl tibb mərkəzləri var.
Bu gün Ucarda rayon xəstəxanasının açılışında iştirak etdim, indi isə Göyçayda. Demək olar, elə bir şəhər yoxdur ki, orada müasir tibb ocağı olmasın. Mənə verilən məlumata görə, burada yüzlərlə tibb işçisi çalışır. Bu da iş yerləri deməkdir. Əminəm ki, xəstələrə gözəl xidmət göstəriləcək. Müalicə almaq üçün Bakıya getməyə ehtiyac qalmır. Əminəm ki, siz həkimlər xəstələrə yaxşı baxacaqsınız və onlar burada şəfa tapacaqlar", - deyə İlham Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, indi həkimlər öz peşəkarlıqlarını artırırlar, təkmilləşmə prosesi gedir, müasir avadanlıq var: "Azərbaycanda səhiyyə sahəsində əldə edilmiş nəticələrin əsaslı səbəbləri var. Bu da maddi-texniki bazanın möhkəmləndirilməsi və səhiyyənin keyfiyyətcə yeni pilləyə qalxmasıdır. İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var. Ancaq insan sağlamlığı üçün təkcə tibbi xidmət kifayət etməz. Digər şərtlər də olmalıdır. O şərtlər də artıq var".






