İnsanlara hürriyət, millətlərə istiqlal!

Potsdamda Stalini təəccübləndirmək istəyən və pərt olan Trumen – Tarixi konfransın detalları

7715 02.09.2020 13:11 Yaxın tarix A A

Bəzən insanlar ətrafdakıları təəccübləndirmək, sürpriz etmək və ya qıcıqlandaırmaq, yaxud da bir daha özünü fərdi şəkildə təqdim etmək üçün gözlənilməz addımlar atırlar.

Zaman-zaman siyasi liderlər də jest etməklə tarixə maraqlı hadisələr həkk ediblər. Bu cür hadisələrdən biri də 1945-ci ildə Potsdam konfransında baş verib.

Qeyd edək ki, Potsdam konfransı 1945-ci ilin iyul ayının 17-dən avqustun 2-dək Berlin yaxınlığındakı Potsdam şəhərində keçirilib. Konfrans anti-Hitler koalisiyası dövlətlərinin başçıları, SSRİ-dən İosif Stalinin, ABŞ-dan Harri Trumenin, Böyük Britaniyadan iyulun 25-ə qədər Uinston Çörçillin, sonra isə yeni baş nazir seçilmiş Klement Ettlinin iştirakı ilə keçirilib. Konfransın keçirilməsində təşkilati məsələlər, təhlükəsizliyin təşkili, məkan seçimi əsasən SSRİ-nin üzərinə düşüb.

No description available.

Konfransın əvvəlcə Berlində keçirilməsi nəzərdə tutulub. Ancaq marşal Georgi Jukov Berlindəki dağıntıları əsas gətirərək “böyük üçlüyün” tədbirinin bu şəhərdə keçirilməsini mümkünsüz sayıb və bu haqda Stalinə məruzə edib. Marşalın konfransı Berlin yaxınlığındakı Potsdam şəhərində keçirilməsi təklifi hər üç dövlət tərəfindən qəbul edilib.

Konfransın əsas məqsədi Almaniyaya münasibətdə müttəfiqlərin siyasətini müəyyənləşdirmək olub. Almaniya ərazisi SSRİ-nin, Böyük Britaniyanın, ABŞ-ın və Fransanın işğal zonalarına bölünüb. Ələ keçmiş faşist rəhbərləri beynəlxalq tribunala verilib. Ölkənin paytaxtı Berlin də 4 zonaya bölünüb. Konfransda Almaniyanın dövlət sərhədləri müəyyənləşdirilib. Almaniya öz ərazisinin dörddə bir hissəsini itirib. Konfransda həmçinin Almaniyadan alınacaq təzminatın miqdarı da müəyyənləşdirilib. 20 milyard dollar həcmində müəyyənləşən təzminatın 50 faizinin SSRİ-yə verilməsi haqqında da qərar qəbul edilib.

No description available.

“Büyük üçlüyün” ilk görüşü iyulun 15-də nəzərdə tutulub. Amma Stalin “adət”inə xilaf çıxmayaraq bu görüşə də “ləngiyib”. Trumen və Çörçill iyulun 15-də Potsdamda olduqları halda, Stalin görüş yerinə yalnız ayın 16-da yetişib. Dəbdəbəli və təntənəli qarşılanma mərasimlərini xoşlamayan Stalin Jukova əvvəlcədən göstəriş verib:

“Heç bir fəxri qarovul, orkestr və təntənəli qarşılanma olmamalıdır. Vağzala siz və lazım bildiyiniz şəxslər gəlsin...”
Almaniya ərazisində qatardan xarabalığa çevrilmiş əraziləri müşahidə etdikdən sonra, Stalin qatardan düşəndə onu qarşılayan Jukova gülümsəyərək deyib:

“Georgi Konstantinoviç, çox yüksək “zövq”lə işləmisiniz...!”

No description available.

Harri Trumen Potsdam konfransına böyük həvəslə gəlib. ABŞ prezidenti yolda olarkən məxfi teleqram alıb: “Uşaq sağlam doğuldu”. Bu ifadə ilə Trumenə çatdırılıb ki, atom bombasının sınağı uğurla sona çatıb. Bununla da Trumen dünyanın taleyini həll edəcək Potsdam konfransında özünü ən güclü tərəf sayıb və qərarlaşdırıb ki, konfransda nüvə silahına sahib olduğunu müttəfiqlərinə bildirərək əsas söz sahibi olduğunu təsdiqləyəcək. Ancaq Trumen ondan xəbərsiz olub ki, ABŞ-da hazırlanan nüvə silahı, hazırlanma prosesi, nüvə silahının hansı məkanda, hansı mütəxəssislər tərəfindən hazırlanması, sınağın harada keçirilməsi haqqında sovet kəşfiyyatı vasitəsi ilə Stalin bütün informasiyalara malikdir.

Beləliklə, məqam yetişib. Konfrans zalının foyesində Trumen Stalin və Molotova yaxınlaşıb. Həmin anları Çörçill öz xatirələrində belə xatırlayıb:

No description available.

“Foyedə Trumen Stalinlə Molotova yaxınlaşdı. Mən onun onlara nə deyəcəyini yaxşı bilirdim. Kənardan diqqətlə müşahidə edirdim. Onu da bilirdim ki, Stalin Trumenin dediklərinə çox da reaksiya verməyəcək. Çünki o, Trumenin deyəcəklərini əvvəlcədən bilirdi. Trumen danışırdı, Stalinin isə üz cizgilərində heç bir dəyişiklik hiss olunmurdu. Onların qısa görüşündən sonra mən Trumenə yaxınlaşıb soruşdum:

- Söhbətiniz necə oldu?

Trumen təəccüblü şəkildə cavab verdi:

- O mənə heç olmasa bir sual da vermədi, yəqin Stalin mənim nə dediklərimi anlamadı...”

Molotov da həmin qısa görüş haqqında təəssüratlarını xatirələrində bölüşüb:

“Trumen bizi təəccübləndirmək istəyirdi. O, sirli nəzərlərlə məni və Stalini foyenin kənarına çəkdi və söylədi ki, ABŞ-da elə bir silah var, dünyanın heç bir yerində onun ikincisi yoxdur. O, atom bombasının adını çəkmədi, amma izahından hər şey aydın idi. Trumen Stalindən gözlədiyi heyrəti, təəccübü görmədi. Stalin onun söylədiklərinə heç bir cavab vermədi. Əksinə, onun bu cür soyuqqanlılığı Trumenin özünü heyrətləndirdi. Trumen kənarlaşdıqdan sonra Stalin mənə dedi ki, Kurçatovu tələsdirmək lazımdır...”

Trumen Stalini qıcıqlandırmaq üçün birinci uğursuz jestindən sonra ikinci jestə əl atıb. O, konfransda fasilə zamanı foyedəki royalın arxasına keçərək Şopenin bəstələrini ifa edib. Foyeyə daxil olan Stalin ABŞ prezidentinin qeyri-diplomatik jestini də cavabsız qoynayıb:

No description available.

“Bəli, cənab Trumen, musiqi yaxşı şeydir, o, insanın daxilindəki vəhşi hissləri qovur...”

Sonra Stalin Çörçillə yaxınlaşaraq qəlyanını royal arxasında əyləşən Trumenə uzadaraq deyib: “Bu gərək prezident yox, musiqiçi olaydı...”

Həmin günün axşamı Stalin ona ayrılmış iqamətgahdan Kremlə zəng vuraraq göstəriş verib: “Pianoçu Emil Gilelsi təcili Potsdama göndərin”.

Konfransın növbəti günlərinin birində sovet nümayəndə heyətinin təşkil etdiyi ziyafətdə sovet pianoçusu Emil Gilelsin ifası konfrans iştirakçılarının sürəkli alqışları ilə qarşılanıb. Stalin masasının arxasından qalxaraq pianoçuya yaxınlaşıb, əl verərək onu qucaqlayıb, sonra isə istehzalı təbəssümü ilə Trumenə baxıb. Həmin an haqqında konfrans iştirakçısı olan Andrey Qromıko təəssürütlarını belə bölüşüb:

No description available.

“Çox nadir hallarda gülən Stalinin məhz Almaniyada, ziyafət zalının tən ortasında qalib kimi dayanmasının, Trumenə baxaraq iztehza ilə gülməsinin arxasında böyük siyasi yük var idi. Bu yükü Trumen də yaxşı anlayırdı...”

Araşdırmaçıların qənaətinə görə, Stalin Harri Trumeni ciddi fiqur saymayıb. Dünyanın ən nəhəng siyasətçilərindən biri sayılan Ruzveltdən sonra Stalinə Trumenlə fikir mübadiləsi aparmaq “maraqsız” gəlib. Yoxsul çəkməçi ailəsində böyüməsinə baxmayaraq, Stalin daha zəngin mühitdə böyüyən Trumeni “böyük üçlüyün” zəif bəndi sayıb. Stalin nə qədər ziddiyyətli şəxsiyyət olsa da, II dünya müharibəsində faşist Almaniyası üzərindəki qələbədə onun xidmətləri danılmazdır. Stalini güclü edən də məhz bu fakt olub.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR