İnsanlara hürriyət, millətlərə istiqlal!

Postsovet məkanının ən döyüşkən ordusu - Son hazırlıqlara Naxçıvandan başlandı...

3133 08.01.2022 09:00 Ölkə A A

2022-ci ildə silahlı qüvvələrimiz rekord sayda təlim keçirəcək; Bakıdan İrəvana axırıncı xəbərdarlıq siqnalları...

Azərbaycan Ordusu 2022-ci ildə də öz hərbi və döyüş qabiliyyətini artırmağa davam edəcək, Türkiyə tipli modelə keçidi sürətləndirəcək. Bunu hər şeydən öncə Qarabağ anklavında erməni qanunsuz silahlı dəstələrinin mövcudluğu və Ermənistanın ölkəmizə qarşı bitməyən ərazi iddiası diktə və zəruri edir. Aydındır ki, kapitulyant ölkə ərazi bütövlüyümüzü tanımırsa, demək, hansısa revanşist planlar barədə düşünür.

Odur ki, qalib olsaq da, ayıq-sayıqlığımızı bir an belə əldən verməməli, Azərbaycan Prezidentinin bəyan və xəbərdarlıq elədiyi kimi, Ermənistanda baş qaldıracaq istənilən revanşist-qisasçı planları, faşist meyilləri dərhal və ən sərt şəkildə, bələyindəcə boğmalıyıq. Bundan ötrü Ermənistan üzərində əzici hərbi üstünlüyümüz, saz vəziyyətdə saxladığımız “Dəmir yumruq” daim ən təsirli vasitə olaraq qalacaq. Barıtımız həmişə quru olmalıdır. Çünki hansı xain millətlə qonşu olduğumuzu heç vaxt unutmamamlıyıq. Ermənistana sülh təklif eləməklə yanaşı, müharibəyə də hər an hazır olmalıyıq. Qüdrətli ordumuz isə İrəvandakı qaynar başlar üçün şübhəsiz, daima soyuq duş effektində olacaq...

*****

Dünyanın ən güclülərindən olan Azərbaycan Ordusu tarixi missiyasını şərəflə  yerinə yetirdi

Nə xoş ki, qardaş Türkiyə də öz hərbi və hərbi texnoloji qüdrətini və potensialını ilbəil artırır. Silah alıcısından silah satıcısına çevrilir. Bu da Azərbaycanın gücünə əlavə güc qatır. Çünki Türkiyənin güc-qüdrəti Azərbaycanın qüdrəti deməkdir.

Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan srağagün müdafiə və hərbi texnologiya sahələri üzrə ilin yekunlarından danışarkən bildirib ki, növbəti hədəflərdən biri milli döyüş təyyarələrinin istehsalı olacaq. Qeyd edib ki, milli döyüş təyyarələri 2023-cü ildə təqdim ediləcək, 2025-ci ildə ilk uçuşunu həyata keçirəcək.

Hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək

Bu arada Azərbaycan Müdafiə Nazirliyi 2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakının planlaşdırıldığı haqda məlumat yayıb. “Eternity - 2022", ”EFES - 2022", “Sarsılmaz Qardaşlıq - 2022", ”Qış təlimi - 2022", “Beynəlxalq Ordu Oyunları - 2022" və digər təlim və yarışlar hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir edəcək.

Artıq təzə il başlar-başlamaz ordumuz Naxçıvanda ilk təlimini keçirib. Rəsmi xəbərlərə görə, təlimlərin planına uyğun olaraq təxribat törətməyə hazırlaşan şərti düşmənin hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb. Döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şəraitdə yaxın döyüş elementləri həyata keçirilib. Xüsusi təyinatlılarımız onlara verlən tapşırığı uğurla yerinə yetiriblər - şərti düşmənin komanda məntəqəsini və hava hücumundan müdafiə sistemini sıradan çıxarıblar, terrorçu qruplaşmanın hava hücumundan müdafiə sistemini partladıblar.

Azərbaycan hərbçiləri İspartada keçirilən komando kursu bitiriblər - Türkiye'nin  haber kaynağı

Təbii ki, əsas hərbi manevrlər qardaş Türkiyə ilə birgə həyata keçiriləcək. Xüsusən antiterror əməliyyatları üçün həlledici güc olan komandos çevik hərbi qüvvələrinin hazırlanması 2022-ci ilin də prioritetləri sırasında olacaq. Bu qüvvələr artıq Qarabağda, o cümlədən Laçında, Hadrutda dislokasiya olunub. Necə ki, 44 günlük Vətən müharibəsi üçün əlverişli regional və beynəlxalq şərtlərin yetişməsini səbirlə gözlədik, yəqin ki, separatçı anklavda antiterror əməliyyatı üçün də ən uyğun zaman çatanda komandoslar öz işini səliqəli şəkildə görəcək. Buna zərrəcə şübhəmiz yoxdur...      

*****

Əslində bu hazırlıqlar bir daha Ermənistana, separatçı ünsürlərə Azərbaycan dövləti əleyhinə oyunların bitəcəyi günün uzaqda olmadığı barədə aydın mesajlardır. Əgər erməni toplumu yeni, mənasız canlı itkilərə tuş gəlmək istəmirsə, o zaman nə qədər gec deyil, Bakı və Ankaranın sülh və əməkdaşlıq təkliflərini ikiəlli dəstəkləməli, üstəlik, bizə minnətdar olmalıdır. Təzə il bu xüsusda onlar üçün bəlkə də sonuncu şans olacaq...   

“Azərbaycan ordusu postsovet məkanında, Avrasiya məkanında orduların qeyri-rəsmi, lakin ən real reytinqində bir nömrəli olaraq qalır”.

“Yeni Müsavat”ın məlumatına görə, buna tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk öz Facebook səhifəsində yazdığı statusda Qazaxıstandakı məlum faciəvi olaylar fonunda diqqət çəkib.

Azərbaycan Ordusunda türk modelinin tətbiqi...

“Reallıqla ilk qarşılaşma. Özü də heç bir müharibə olmadan. Baş verənlər Qazaxıstan ordusunun faktiki reytinqinin sıfıra bərabər olduğunu göstərdi. Amma necə gözəl, möhtəşəm paradlar keçirilmişdi. Azərbaycan ordusu isə postsovet məkanında, Avrasiya məkanında orduların qeyri-rəsmi, lakin ən real reytinqində bir nömrəli olaraq qalır. Hərgah ”2021 Military Strength Ranking"ə görə, qlobal güclərin siyahısında bu ordu Qazaxıstan ordusundan aşağıdadır: müvafiq olaraq 63 və 61-ci yerlər (globalfirepower.com)", - ekspert qeyd edib.

Yəni təkcə bahalı, müasir silahlar almaqla müasir və güclü ordu qurmaq olmaz. Ona qalsa, varlı ərəb ölkələrinin orduları dünyada ən güclü olmalı idi. Əsas, əlbəttə ki, insan amilidir, əsgər və zabitin döyüş hazırlığı və əzmi, yüksək mübarizə ruhudur.

Başqa sözlə, həm Ermənistandakı davakar qüvvələr, həm də separatçı elementlər hansı döyüşkən ordu ilə üz-üzə gələcəklərini bir daha yaxşı-yaxşı fərq edib ağıllarını başlarına yığsalar, ilk növbədə öz xalqına yaxşılıq eləmiş olarlar...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR