Tanınmış iqtisadçı ekspertlər Azərbaycanın bu yöndə atmalı olduğu ən vacib addımlardan danışdılar
Postpandemiya dövründə dünyanın müxtəlif ölkələrində iqtisadiyyatın yenidən dirçəlib ayağa qalması üçün xarici investisiyaya tələb artacaq. Bu faktor uzunmüddətli durğunluq dövrünün ardından sürətli inkişafın başlanğıcı üçün əhəmiyyətli rol oynayacaq.
Artıq bir çox inkişaf etmiş ölkələr postpandemiya dövrü iqtisadiyyatı üçün hazırladıqları proqramlarda xarici investisiyanı cəlb etmək məsələsini başa çəkərək, bunun üçün kifayət qədər ciddi addımlar atıblar. Xarici investorlara güzəştlər, qanunvericilikdə müvafiq dəyişikliklər və sair. Bu ölkələrin başında isə hər zaman xarici investisiyaların həcminə görə dünyada öndə gedən Çin gəlir.
BMT-nin hesabatında isə bildirilir ki, 2020-2021-ci illərdə dünyada xarici investisiyalar 30-40 faiz azalacaq. Bu azalma inkişaf etməkdə olan ölkələrin payına düşən xarici investisiyanın həcminə də ciddi təsir göstərəcək. Görünən odur ki, Azərbaycan da iqtisadiyyatı hazırkı böhrandan çıxarmaq üçün postpandemiya dövründə xarici investisiyanın cəlbi üçün müəyyən addımlar atmalıdır. Təsadüfi deyil ki, prezident İlham Əliyev dəfələrlə çıxışlarında ölkəyə xarici investisiyanın cəlbi məsələsinə toxunub, bunun üçün zəruri islahatların həyata keçiriləcəyini qeyd edib. Bir il öncə isə dövlət başçısı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzaladı ki, fərmandan irəli gələn məsələlərdən biri də kommersiya məhkəmələrinin yaradılması idi. Bu da məhz ölkədə sahibkarlığın inkişafı, investisiya mühitinin liberallaşdırılması istiqamətində atılan addım idi.
Azərbaycanda da son dövrlər biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlb edilməsi imkanlarının stimullaşdırılması istiqamətində atılan addımlar ölkəmizin beynəlxalq reytinqinə də ciddi təsir edib. Azərbaycan “Doing Business 2019" hesabatlarında dünyanın islahatçı ölkələrindən biri olaraq tanınıb, ”Doing Business 2020" hesabatında isə Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil edilib. İqtisadçılar da bildirirdi ki, “Doing Business” hesabatı ölkəyə xarici investor cəlb etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin ötən müddət ərzində biz ölkəyə xarici investisiya axınını müşahidə etmədik.
Bəs görəsən, investorları Azərbaycana yatırım etməkdən çəkindirən hansı faktorlar var? Növbəti mərhələdə hansı islahatlar aparılmalıdır ki, postpandemiya dövründə xarici investisiyalarla ölkə iqtisadiyyatını canlandırmaq mümkün olsun?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirdi ki, Azərbaycan postpandemiya dövrünə yeni iqtisadi modellə daxil olub: “Pandemiya dövründə dövlət dəstəyinin daha da güclənməsi müşahidə olunur. Xüsusən də güzəştli vergi paketinin tətbiq olunması, eyni zamanda güzəştli kreditlərə çıxış imkanlarının artırılması və 1 milyard manatlıq kreditlərə 100 milyon manat məbləğində subsidiyanın tətbiq olunması, eləcə də 500 milyon manatlıq güzəştli kredit paketinin tətbiqi ondan xəbər verir ki, postpandemiya dövründə sahibkarlar daha əlverişli investisiya mühitindən faydalanmaq imkanlarına malik olacaqlar. Eyni zamanda Ələt iqtisadi zonasının formalaşması artıq başa çatıb. Bu iqtisadi zona xüsusi statusa malikdir. Bu hasilatın pay bölgüsü statusuna bərabər bir statusdur. Bu da xarici investisiyanın cəlb edilməsi baxımından imkanlar yaradır”.
İqtisadçı alimin sözlərinə görə, postpandemiya dövründə qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi imkanları kifayət qədər yüksəkdir: “Ancaq postpandemiya dövründə xarici investisiyalarla bağlı dünya bazarında bir rəqabət olacaq. Çünki pandemiyadan sonra inkişaf etməkdə olan ölkələr bu investisiyaları cəlb etməkdə maraqlıdırlar. İnvestisiya mühitinin daha da yaxşılaşdırılması kontekstində Azərbaycanın imkanlarının təqdim olunması istiqamətində də fəaliyyətlərin davam etdirilməsinə ehtiyac var. Nəticə etibarilə investisiyanın cəlb edilməsi bizim öz imkanlarımızı, potensialımızı beynəlxalq arenada hansı səviyyədə təqdim etməyimizdən də asılıdır. Doğrudur, 2015-ci ildən etibarən bu istiqamətdə intensiv fəaliyyət müşahidə olunur, bunun davam etdirilməsi olduqca vacibdir”.

Deputat onu da vurğuladı ki, beynəlxalq hesabatlardakı yerimizin daha da yaxşılaşdırılması üçün fəaliyyətə ehtiyac var: “Çünki son illər Azərbaycanın investorlar üçün əhəmiyyətli olan Dünya Bankının ”Doing Business" hesabatlarındakı yerinin daha da yaxşılaşdırılması müşahidə olunur. Azərbaycan ötən il Dünya Bankının hesabatında 20 ən islahatçı ölkə sırasına daxil oldu. Bunun da qorunub saxlanılması, bu istiqamətdə işlərin sürətləndirilməsinə ehtiyac var. Xarici investorlar investisiya qoyuluşu həyata keçirən zaman bu tip hesabatlardakı mövqeyə, o cümlədən qərarların qəbul olunması üçün tələb olunan müddət, prosedurların sayı kimi meyarlara xüsusi diqqət yetirirlər. Bu kontekstdə postpandemiya dövründə Azərbaycan üçün xarici investisiyanın cəlb edilməsi imkanları kifayət qədər genişdir. Bu potensialın xaricdə daha yaxşı təqdim edilməsi ilə xarici sərmayələrin cəlb edilməsi mümkün olacaq".
Qeyd edək ki, 2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşları 4,3 milyard dollar təşkil edib. Bu xarici investisiyaların 78,3%-i neft-qaz sektorunun payına düşüb, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $ 930,1 mln. (3,8% azalma), xüsusi çəkisi 21,7% təşkil edib. 2018-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,1 milyard dollar təşkil edib. Beləliklə, 2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşlarının həcmi 4,9% artıb. Müqayisə üçün qeyd edək ki, Çin iqtisadiyyatında 2019-cu ildə xarici investisiya qoyuluşunun həcmi 137 milyard dollar olub.
Ekspertlər hesab edir ki, iqtisadiyyatda əlverişli investisiya mühitinin olması üçün, kapitalın əlçatan olması, azad rəqabətin mövcudluğu, dövlətin tənzimləyici addımları və güzəştləri, siyasi və iqtisadi sabitlik, daxili bazarın böyük olması, ölkənin regional və beynəlxalq ticarətə açıq olması vacib şərtdir.

“Yeni Müsavat”a açıqlamasında qeyri-neft sektorunda investisiya qoyuluşunun az olmasına toxunan iqtisadçı ekspert Rəşad Həsənov ölkə iqtisadiyyatının hər dövrdə xarici sərmayələrə ehtiyac duyduğunu qeyd etdi: “Azərbaycanda istər pandemiyadan əvvəlki, istər pandemiya dövrü, istərsə də, postpandemiya dövründə xarici investisiya qoyuluşlarına çox ciddi ehtiyac olub və var. İqtisadiyyatın zəif inkişaf etməsi, az rəqabətli olması, xarici bazarlarla əlaqələrin kifayət qədər inkişaf etdirilə bilməməsi, innovasiyaların istehsalata tətbiq edilə bilməməsi, bu məsələdə gecikmələrin olması, yaşıl iqtisadiyyata keçidlə bağlı problemlər və sair hamısı xarici investisiyanın, peşəkar biznesmenin iqtisadiyyata daxil olması prosesinin ləng getməsindən qaynaqlanır. Pandemiya isə yeni çağırışlar formalaşdırır və bu çağırışlar postpandemiya dövründə iqtisadiyyatın inkişafını daha da çətinləşdirir. Xüsusən də maliyyə təminatı ilə bağlı, iqtisadiyyatın nağd pulla təmin olunması ilə bağlı çox ciddi çətinliklər yaranıb”.
R.Həsənov vurğuladı ki, postpandemiya dövründə rəqabət də tamamilə fərqli şəkildə gedəcək və daha da dərinləşəcək: “Belə bir şəraitdə hər hansı iqtisadiyyat öz subyektlərinin dayanıqlığını təmin edə bilmirsə, deməli, həmin iqtisadiyyatda uzunmüddətli dayanıqlı inkişafa nail ola bilməyəcək. Bu da Azərbaycana xarici investisiyanın cəlb edilməsi istiqamətində mövcud institutların faəliyyətini tamamilə dəyişdirilməsni, yanaşmanın və baxışların tamamilə dəyişdirilməsini, milli rejim adı altında olan iqtisadi formatdan uzaqlaşmaq, iqtisadiyyatın açılması və tamamilə liberallaşdırılması, xüsusilə də qanunların işləkliyinin təmin edilməsi kimi istiqamətlərdə çox ciddi tələb yaradıb. Biz Ələt Azad İqtisadi Zonasını yaratmışıq və oraya xarici investor cəlb etmək istəyəndə onlar məcburən ölkə qarşısında şərt qoydular ki, bu zonada xüsusi qanunlar olmalıdır, biz sizdəki digər qanunlara, onların tətbiqinə, dayanıqlığına inanmırıq. Bizim, sadəcə, vergi qanunvericiliyinə son 3 ildə 1000-dən artıq dəyişiklik edilib. Ona görə də Ələt İqtisadi Zonasına xüsusi qanun, xüsusi yanaşma və uzunmüddətli dövrdə xüsusi razılaşma tətbiq olunub. Necə ki, neft sektorunda bütün münasibətlər Hasilatın Pay Bölgüsü sazişi üzərində qurulub, bənzər şərtləri də Ələt Azad İqtisadi Zonasına gəlmək istəyən şirkətlər qoydular”.
İqtisadçı bildirdi ki, biz indi əsas iqtisadiyyata xarici investor cəlb etmək istəyiriksə, təxminən Ələt Azad İqtisadi Zonasının modelini nəzərdə tutmalıyıq: “Bu modelin fərqi özü göstərir ki, bizim iqtisadiyyata xarici investor niyə gəlmir. Ona görə hansı problemləri aradan qaldırmalı, hansı təminatları verməliyik. Biz indekslərin yaxşılaşdırılması istiqamətində qanunvericilikdə dəyişikliklərin edilməsi ilə nəticə əldə edə bilmirik. Bu görünür. ”Doing Business" hesabatında Azərbaycan son illər 35-37 pillədən çox irəliləyib. “Doing Business” xarici investorlara təklif edilən, müxtəlif ölkələrin biznes mühitinin necə olduğunu göstərən parametrlərin toplusudur. Biz burada irəliləyirik, xarici investora bu informasiya getsə belə, xarici investorun alternativ mənbələri var və o, çox asan şəkildə reallıqla bağlı informasiya alır. “Doing Business” hesabatında irəliləsək də, qeyri-neft sektoruna qoyulan xarici investisiya ildən-ilə azalır. Ötən il bu rəqəm 1 milyard dollara çatmayıb. İndekslər yaxşılaşsa da, iqtisadiyyatın inkişaf tempi 1-2 faiz arasında dəyişir. 1-2 faiz iqtisadi artım doymuş iqtisadiyyatlar üçün, yəni ABŞ kimi ölkənin iqtisadiyyatı üçün normaldır. Çin iqtisadiyyatında artım tempi 7 faizdən aşağı olanda faciə kimi qəbul edilir. Artıq biz də real işlər görməliyik, xarici investorla yanaşı, yerli investoru da inandırmağı bacarmalıyıq. Bu problemləri yüksək səslə deməliyik, müzakirə edib həlli yollarını tapmalıyıq. Xarici və yerli investoru inandırmaq üçün həm siyasi, həm də iqtisadi sahədə dərinləşdirilmiş islahatlara gedilməlidir. Fundamental dəyişikliklər olmasa, istənilən dövrdə investisiya cəlb etmək çətin olacaq".
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”






