Poroşenko Almaniya və Fransa XİN rəhbərləri ilə Minsk razılaşmalarını müzakirə edib
Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə Almaniya və Fransanın xarici işlər nazirləri ilə görüşüb.
APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Minsk razılaşmalarının yerinə yetirilməsi və Donbasdakı vəziyyət müzakirə edilib.
“Dövlət başçısı Rusiya-Ukrayna sərhədində, o cümlədən işğal olunmuş ərazilərdə ATƏT müşahidəçilərinin iştirakının zəruriliyini, o cümlədən bütün girovların azad edilməsinin vacibliyini vurğulayıb. Bundan əlavə, tərəflər ATƏT-in prinsipləri əsasında, Ukrayna qanunvericiliyinə uyğun olaraq Donbasda keçiriləcək yerli seçkilərdə beynəlxalq missiyanın yerləşdirilməsi imkanlarını müzakirə ediblər. Almaniya və Fransa xarici işlər nazirləri ilə danışıqlarda prezident P.Poroşenko martın 3-də Parisdə keçiriləcək “Normand dördlüyü”nün görüşünə dair fikir mübadiləsi aparıb. Bundan əlavə, dövlət başçısı Ukraynada islahatların həyata keçirilməsində Avropa İttifaqının yardımını yüksək qiymətləndirib”, P.Poroşenkonun mətbuat xidmətinin məlumatında deyilir.






