ABŞ və Almaniya arasında sıx əməkdaşlığın bərpa olunması və Birləşmiş Ştatların xarici siyasət dairələrində bu yöndə ideoloji təbliğatın güclənməsi ən çox Polşanı narahat edir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı Polşanın Yaqellon kollecinin rektoru, tanınmış iqtisadçı-professor Qjeqoj Burski yerli mətbuata verdiyi müsahibədə bəyan edib.
Onun sözlərinə görə, rəsmi Vaşinqtonun hazırkı mövqeyi “Şimal axını-2” qaz kəmərinin başa çatıdırılmasına gətirib çıxara bilər.
Polşa alimi bunu şizofreniyanın əlaməti hesab edir. Çünki bir yandan ABŞ Almaniyanın Rusiya ilə birlikdə strateji, lakin Polşa və Ukrayna üçün ölümcül sayılan “Şimal axını-2” layihəsinin inşasına qarşı çıxır, digər yandan isə onunla sıx əməkdaşlığa can atır.
Qjeqoj Burski Vaşinqton-Berlin yaxınlaşmasının gələcəkdə Vaşinqton-Moskva kontaktlarının möhkənməsinə gətirib çıxaracağından əminliyini ifadə edib.
Hər bir halda beynəlxalq münasibətlər arenasında Polşanı bu məsələdə narahat edən hadisələr yaşanır. Belə ki, Rusiya və ABŞ artıq 2010-cu ildə Vaşinqtonda imzalanan SSM-3 (Strateji silahların məhdudlaşdırılması) sazişini yenidən 5 illiyə uzatmaq barədə razılığa gəliblər.
Qeyd edək ki, ABŞ-ın əvvəlki, qalmaqallı prezidenti Donald Tramp həmin müqavilənin prolonqasiyasına (uzadılmasına-red.) qəti surətdə qarşı çıxırdı. D.Tramp bu sazişdən kənarda qalan, beləliklə hava hücumundan müdafiə sistemlərini, nüvə arsenalını möhkəmlədən Çinin də müqaviləyə qoşulmasında israr edirdi.
Bəhs olunan saziş dünyanın iki qüdrətli dövləti arasında nüvə arsenalları üzərindəki nəzarəti özündə ehtiva edir.
Buna görə hər iki ölkənin strateji hücum silahları müəyyən olunmuş çərçivədən kənara çıxa bilməz. Belə ki, bundan sonra ABŞ və Rusiya yerüstü və sualtı qayıqlarda yerləşəcək qitələrarası 700 ballistik raket, habelə onlara qoşulan 1550 döyüş başlığı saxlaya bilərlər.
Musavat.com






