ABŞ prezidenti Donald Tramp xarici siyasətində hər nə qədər kəskin bəyanatları, sanksiyaları ilə amerikalıların rəğbətini qazansa da, daxili siyasətdə uğursuzluğa düçar olmaq üzrədir. Hökumətdə “şatdaun” davam edir. Buna baxmayaraq Donald Tramp Konqres qarşısında verdiyi son hesabatda ölkəsinin iqtisadi baxımdan yüksəliş dövrü yaşadığını bildirib.
Ekspertlər isə hesab edir ki, hazırki siyasət Donald Trampın sonunu gətirə bilər.
Politoloq Məhəmməd Əsədullazadə də musavat.com-a açıqlamasında bildirdi ki, hazırda ABŞ prezidenti Dolanld Trampın Konqreslə çox ciddi problemləri var: “Konqreslə münasibətlərin gərginləşməsində əsas səbəb isə Trampın Rusiyaya qarşı müəyyən qədər loyal siyasəti və Meksika ilə sərhəddin tikilməsi ilə bağlı Konqresdən gözlədiyi maliyyəyə dəstək almamasıdır. Bununla Konqres Trampa qarşı müəyyən qədər pərdəarxası maliyyə sanksiyası tətbiq edir. Hökumətdə də şatdaun olması bununla bağlıdır. Xüsusilə də Trampın Konqreslə yaşadığı ziddiyyətlə əlaqəlidir. İkinci isə Trampın İrana qarşı sanksiyaları sərtləşdirməsi, Rusiya və Çinlə iqtisadi-ticari anlaşılmazlıqların yaşanması Amerikanın yeni bir dünya düzəni yaratmasına və bu ölkənin iqtisadi gücünün hesablanmasına yönəlib”.
Politoloqun fikrincə, İranın regionda Amerikaya müttəfiq olan dövlətlərdən daha önə keçməsi Ağ evi narahat edir: “Hazırda İran qarşı sanksiyalar, xüsusilə də enerji sahəsində, neft və karbohidrogen ehtiyatlarının xaricə satışının qarşısının alınması qonşu ölkənin Yaxın Şərqdə mövqeyinin zəifləməsinə, hər birləşmələrə, Avropanın dili ilə desək terrorçu qruplara dəstəyinin kəsilməsinə hesablanıb. Çünki İran həqiqətən də ballistik raketləri, qitələrarası nüvə başlığı daşıyan raketlər istehsal edir. Bu da Amerikanın regiondakı müttəfiqlərinə, xüsusən də Səudiyyə Ərəbistanına və İsrailə ciddi təhdid yaradır”.
M.Əsədullazadə onu da qeyd etdi ki, növbəti seçkilərdə Trampın məğlubiyyəti gözlənilməz olmayacaq: “Amerikanın xarici siyasətindəki Rusiyaya, Çinə və İrana qarşı bu sanksiyalar Trampın reytinqinə müəyyən qədər müsbət təsir etsə də, onun Konqreslə müəyyən problemlər yaşaması, spontan qərarlar verməsi, Pentaqonda və Dövlət Departamentində gedən istefalar, onların vəzifəsinin boş qalması onun daxili siyasətinin ciddi şəkildə deqradasiyaya uğramasından xəbər verir. Hesab edirəm ki, növbəti seçkilərdə Trampın uğur qazanması sual altındadır. Həm Konqres tərəfindən, həm də Amerikanın dərin dövləti tərəfindən onun dəstəklənməyəcəyini deməyə əsas verir”.
Nərgiz LİFTİYEVA,
Musavat.com,
Foto Elçin Əkbərindir.






