İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq məhkəmə qarşısına çıxarıldı - Bankdan götürdüyü yarım milyonu mənimsəməkdə ittiham olunur

1841 02.03.2023 21:26 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində “Paşa Bank”dan müxtəlif işlər görmək adı ilə ümumilikdə 527 min manat kredit alan Cəbrayıl Fərzəliyevin cinayət işi üzrə proses keçirilir. Hakim partiyanın Gənclər Birliyinin üzvü olan Cəbrayıl Fərzəliyev “Paşa Bank”dan pulu “Gənclər Fondu”ndan müxtəlif işlər görmək adı ilə götürüb və mənimsəyib.

Musavat.com xəbər verir ki, 1990-cı il təvəllüdlü Cəbrayıl Fərzəliyev hazırda həbsdədir. Ona külli miqdarda mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan maddələrlə ittiham irəli sürülüb. O, saxlandığı Bakı İstintaq Təcridxanasında bir neçə dəfə intihara cəhd göstərib. Bu üzdən məhkəmədə vəkili onun psixiatrik ekspertizadan keçirilməsi üçün vəsatətlə çıxış edib. Hakimlər isə vəkilin nəzərinə çatdırıb ki, istintaq dövründə Cəbrayıl Fərzəliyev ekspertizadan keçirilib, o rəy araşdırılanda əlavə suallar yaransa, bir də bu məsələyə yenidən baxa bilərlər.

Cinayət işinin materiallarından məlum olur ki, ittihamda göstərilən 527 min manatın 342 minlik hissəsinin “Paşa Bank”dan götürüldüyü iddia edilir. Cəbrayıl Fərzəliyevin adına həm də bir neçə şirkət olub. İttihama əsasən, o, həmin şirkətlərdən biri olan “Universal” MMC-yə avadanlıqların alınması, dövriyyəsinin artırılması və s. adlarla müxtəlif vaxtlarda bankdan kreditlər götürüb və qaytarmayıb.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) sədrin beynəlxalq əlaqələr üzrə müşaviri kimi fəaliyyət göstərən Cəbrayıl Fərzəliyev həmçinin bir sıra başqa təşkilatlarda da təmsil olunub. O, Gənclər Fondu ilə müəyyən layihələr həyata keçirmək üçün qrant müqavilələri bağlayıb. Onların arasında “Qayıdışın izi ilə” adlı filmin hazırlanması da daxil olmaqla müxtəlif işlərin görülməsi olub.

Cinayət işinin materiallarında iddia olunur ki, Cəbrayıl Fərzəliyev “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin üzvü Nail Şükürovun adından sənədləri imzalayıb, ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib və s.

Məhkəmədə hakimin “özünüzü təqsirli bilirsinizmi, yoxsa yox?” sualına Fərzəliyev öncə cavab vermək istəməyib. Daha sonra isə “xeyr” cavabını verib.

Ona ifadə vermək təklif olunsa da, zərərçəkmişlərdən sonra danışacağını deyib. Zərərçəkmiş qismində isə həm “Paşa Bank”, həm də Gənclər Fondu tanınıb.

Məlumata görə, Cəbrayıl Fərzəliyev istintaq dövründə dəymiş ziyanın - 527 min manatın bir hissəsini ödəyib.

Cəbrayıl Fərzəliyev YAP-ın rəsmi saytına, “AzərTac” dövlət informasiya agentliyinə tez-tez müsahibələr verib. Politoloq olaraq ölkədəki prosesləri şərh edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR