İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisi nə zaman tənqid edək? - dünya təcrübəsi, Azərbaycan reallıqları...

2794 06.03.2021 10:59 Gündəm A A

Polisə münasibət, onun vətəndaşla davranışı məsələsi zaman-zaman dartışılıb. Təkcə Azərbaycanda yox, bütün dünyada. “Polis sərt, yoxsa humanist davranmalıdır” kimi fikirlər də birmənalı deyil. Bir çoxumuz düşünürük, hesab edirik ki, polis əməkdaşları maksimum humanist davranmalıdır. Bir qism də o fikirdədir ki, polis qanunlar çərçivəsində maksimum sərt davranmalıdır, güzəştsiz olmalıdır. Bunu polis anlayışına, fəlsəfəsinə daha uyğun hesab edənlər heç də az deyil. Məntiq də budur ki, asayişin təmini, cinayətkarlıqla mübarizə yumşaq metodlarla istənilən effekti verməz, cinayətə meylli və ya hansısa qisas niyyətli adamlarda “onsuz da bağışlayacaqlar” fikri hakim ola bilər. Beləliklə, cinayət statistikası arta bilər.

Əlbəttə, burada sərt davranış heç də o demək deyil ki, polis əməkdaşı qanundan kənar davranmalıdır. Söhbət yalnızca qanunun sərt üzündən, güzəştsizlikdən gedir.
Şübhəsiz, elə məqamlar da var ki, burada situasiyaya uyğun metod seçilməsi daha effektlidir və çevik düşüncəyə, yerində, doğru qərar vermə bacarığının yüksək olmasına əsaslanır. Məsələn, adamın şəxsi keyfiyyətləri, qanuna münasibəti nəzərə alınmalı və ona adekvat reaksiya olmalıdır. İnsan var ki, o, liberal yanaşma ilə özünü tənzimləyir, nəticə çıxarır. Adam da var ki, ona yumşaq münasibət göstərdikdə “məndən qorxdular”, “mənə kimsə heç nə edə bilməz” kimi qeyri-adekvat reaksiya verir və növbəti qanunsuzluqlara hazırlaşır. Belələri ilə təbii ki, sərt davranılmalıdır.

Bütün dünyada bu məsələlərdə polisin davranışına münasibət birmənalı deyil. Bəzən obyektiv, bəzən də subyektiv yanaşmalara rast gəlirik və hər bir tərəf özünü haqlı kimi təqdim etməyə çalışır.
Ancaq nəzərə alınmalıdır ki, polis olmaq asan deyil və dünyanın ən çətin işlərindən sayılır. Gündəlik, mütəmadi, birbaşa vətəndaşla təmasda olduqlarından onlara edilən təşəkkürlərlə, verilən müsbət rəylərlə yanaşı, giley, şikayətlər də bir növ təbii qarşılanmalıdır.
Bəzən isə sosial şəbəkələrdə polisin ünvanına yazılanların, deyilənlərin heç də haqlı olmadığını da müşahidə edirik. Hətta bir qədər araşdıranda ortada məqsədyönlü qara piarın, sifarişli kampaniyaların olması da nəzəri cəlb edir, təsdiqini tapır.

Son vaxtlar Azərbaycan polisinə qarşı belə kampaniyaların aparılması halına tez-tez rast gəlinir.

Məsələn, haradasa bir polis serjantı kiminsə üstünə qışqırır, hansısa bir hüquqpozmaya yol verir. DİN açıqlama yayır ki, həmin polislə bağlı araşdırma aparılıb və cəzalandırılıb.
Məsələn, belə bir hal ötən ay bir gözəllik salonunda xanımı itələyən sahə müvəkkili ilə bağlı baş vermişdi. Həmin sahə müvəkkilini DİN rəhbərliyi sərt cəzalandırdı, işdən azad etdi.

Ötən il Yasamalda vətəndaşların saxlanılması zamanı qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı da dərhal Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Lakin bu cür olaylar baş verəndə biz dərhal onun şahidi oluruq ki, sosial şəbəkələrdə bütövlükdə Daxili İşlər Nazirliyinin, bütün polislərin əleyhinə kampaniya başlayır. Bu, qətiyyən vətəndaş həmrəyliyi sayıla bilməz. Çünki əvvəla, həmin polis cəzalandırılmasaydı, DİN rəhbərliyi ona haqq qazandırmağa çalışsaydı, tənqidlərin yeri ola bilərdi. Ancaq məsələn, konkret sonuncu hadisəni götürsək, sahə müvəkkili ən sərt şəkildə cəzalandırılıb. Bu halda bütövlükdə DİN-i, polis sistemini, onun rəhbərliyini necə yamanlamaq olar? Ədalətsizlik sayılmazmı?
Məgər bizim polislərin əksərininin fədakar, sivil davranışa can atmaları son bir ildə - pandemiya dövründə, 44 günlük savaş dönəmində hərbi rejimdəki fəaliyyətində görünmürmü?

Yaxud biz Binəqədidə bina yanğını zamanı özünü odun içinə atıb körpəni xilas edən polisin fədakarlığını görməmişikmi?

010715.jpg (100 KB)

Qarlı günlərdə maşın itələyən YPX əməkdaşlarına rast gəlməmişikmi?

Elə bu yaxınlarda bir qazimizi əlil arabasında qucaqlarına alıb daşıyan polisləri də çəkib yaymışdı insanlar...

19_10_30_1572419496.jpg (33 KB)

Kürdə boğulan azyaşlını xilas edən polis nəfəri də var, Xəzərdə batan şəxsi xilas edərkən özü həlak olan polis zabiti də...
Təhdidə, cinayətə məruz qalarkən ən qısa zamanda tədbir görən də polisdir.

Yeri gəlmişkən, pandemiyanın ən kəskin vaxtlarında bəndəniz polisin bir iş gününü gecə saatlarında paytaxtda öncədən razılaşdırılmayan reydlər keçirərək şəxsən müşahidə edib. Həmin reydlərdən reportajları bu linklərdən oxuya bilərsiniz:

1. https://musavat.com/news/polisle-bir-gun-gece-baki-seherinde-bolmelerde-neler-oldu-reportaj_710679.html

2. https://musavat.com/news/evdeqal-dovrunde-polis-axtarisda-olanlari-nece-ele-kecirib-reportaj-fotolar_711035.html

Bir məqamı deyim, polis bölmə və idarələrində anidən otağına daxil olub, iş rejimi ilə tanış olduğum bir neçə gənc polis zabitinin savadı, davranışına da heyran qalmışdım. Əlbəttə, demək olmaz ki, DİN-in bütün şəxsi heyəti mükəmməldir. Ancaq 10-15 il əvvəllə bu günü müqayisə edəndə, nə qədər böyük dəyişiklərin olduğunu görməmək mümkün deyil və qeyri-obyektivlik olardı.
İstənilən vətəndaş, hətta ən radikal müxalif fikirli insanlar belə bir təhlükə ilə üzlədikdə dərhal 102-yə yığır, polisdən kömək istəyir. Təsəvvür edək ki, bircə gün ölkədə polis yoxdur, nə baş verər bilirsinizmi?

Belə testlər aparılıb dünyada. Məsələn, Amerikada səhv etmirəmsə, 1978-ci ildə bir neçə böyük ştatda polis bir gün işə çıxmayıb, vətəndaşların polissiz necə davrandıqları müşahidə edilib. Cinayət statistikası 1 günə ikiqat yüksəlib.
Bir neçə il öncə belə test Braziliyada da aparılıb. Espiritu-Santu ştatında polis 6 gün tətil elan edib. Bu müddətdə bölgədə 100-dən artıq qətl törədilib, dərhal sınaq saxlanılıb və asayişi bərpa etmək, cinayətkarlıqla mübarizəni gücləndirmək üçün əlavə olaraq 1000-dən çox polis və desant qüvvələri əraziyə cəlb olunub. 3 gün ərzində vəziyyət stabilləşib...
Belə bir testi Azərbaycanda heç 3 saat da aparmağı tövsiyyə etmək olmaz. Çünki insanlarımız yol polisi olmadıqda yollarda 1 saata hansı tıxacı yaradır, hansı “avtoşluğu” edir, hamımız gündəlik həyatımızda görürük.
Polis, təhlükəsizlik kameraları vasitəsi ilə nəzarət olmadığı halda,cinayət statistikası bir neçə saata pik həddə çatar və əziyyət çəkən, soyğuna, quldurluğa məruz qalan biz vətəndaşlar olarıq.
Bir sevindirici hal da odur ki, əgər əvvəllər məişət zorakılıqları ilə bağlı insanlar polisə məlumat verməkdən çəkinirdisə, indi xeyli adam bunu normal sayır və bu addımı atır. Məsələn, iki gün öncə sosial şəbəkələrdə 14 yaşlı qızın ailə yaxınları tərəfindən zorakılığa məruz qalması ilə bağlı paylaşımlar edilib.
Məlumatlarda iddia edilirdi ki, qızın xalasının əri və xalası oğlu ona qarşı müxtəlif zorakılıq cəhdləri ilə onu narahat edirlər. Bununla bağlı qız anasına məlumat versə də, anası uşağa inanmayıb və qohumlarına şər atdığını deyib.
Eyni zamanda məlumatda o da qeyd olunub ki, qız polisə müraciət etmək istəyib, lakin iddialara görə, anası polisin ona inanmayacağını deyib.
Daxili İşlər Nazirliyi 14 yaşlı qızın yaşadığı ünvan dəqiqləşdirilib və o, paytaxtdakı sığınacaqlardan birinə yerləşdirilib, yeniyetmə qızla profilaktik söhbətlər aparılıb. Məsələ ilə bağlı araşdırmaların davam etdiyi bildirilir. İlk baxışdan sadə görünə bilər. Ancaq bu çevik reaksiya bəlkə də bir intiharın, bütün hallarda isə bir ailə faciəsinin qarşısını alıb...


Təbii, neqativlər də var. Mümkündür ki, hansısa qanunsuz köşk işlədən ticarətçidən “şirinlik” istəyən sahə müvəkkili də olsun, kobud davranışlı serjant da. Sadə insanların dediklərindən, müşahidələrdən gəlinən o qənaət də var ki, bəzi sahə müvəkkilləri, yol polisindəki kiçik heyət arasında maarifləndirmə və sivil davranışların metodologiyasının aşılanmasına hər zaman ehtiyac var. Habelə, vətəndaş cəmiyyəti də bu məsələdə aktiv olmalıdır. Lakin bu o demək deyil ki, bütövlükdə daxili işlər orqanları hədəfə alınmalıdır, haqlı-haqsız hücumlara, tənqidlərə məruz qalmalıdır. Elə bir struktur varmı ki, orada işçilərin 100 faizi idealdır, tam heyət peşəkardır, heç kim hansısa yanlışa, qanunsuz hərəkətə, rüşvətə yol vermir? Bu, cəmiyyətimizin ümumi bəlasıdır, peşə ilə çox da əlaqəli deyil. Jurnalistlər, müəllimlər, həkimlər, mühəndislər, sürücülər və digər bütün sahələrdə çalışanların arasında peşəkarlarla yanaşı, qeyri-peşəkar, qeyri-sivil olanlar da var. Eynilə polis əməkdaşları da bu cəmiyyətin yetirmələridir, bizlərdən biridir, qohumlarımız, qonşularımız, soydaşlarımızdır. Polisdə çalışanların bəzilərinin şəxsi xarakteri, xoş olmayan davranış tərzi onun peşəsində də özünü göstərə bilər və belə hallar şübhəsiz ki, var, olmayacağına təminat da verilə bilməz. Bütün dünyada, cəmiyyətlərdə belədir. Hətta nümunə göstərilən Amerikada sıravi bir polisin hansı qəddarlıqları etdiyini də tez-tez görürük.

absh polis

Və bütün dünyada da qayda budur ki, bir əməkdaşın neqativ fəaliyyəti, qanundankənar davranışı olduqda, rəhbərliyə müvafiq qaydada şikayət edilir və edilməlidir. Daha buna görə Amerika dövləti, Amerika polisi bütövlükdə yamanlanmır. Sadəcə, qanunu pozan əməkdaşın cəzalandırılması tələb edilir, edilməlidir.

Biz Azərbaycanda son illərdə yüzlərlə polis əməkdaşının cəzalandırılmasının, onlarla polis əməkdaşının məhz vətəndaşlarla davranışda yol verdiyi nöqsanlara, polis adına yaraşmayan hərəkətlər etdiyinə görə daxili işlər orqanlarından xaric edilməsinin, hətta bir neçəsinin həbsinin şahidi olmuşuq. Bunlar məhz vətəndaşların şikayətlərinə obyektiv yanaşılması nəticəsində baş verib.

Vətəndaşla yanaşı, polisə də qanunu pozanda güzəşt edilmir, edilməməlidir və vətəndaşların fəalllığı, tələbkarlığı artdıqca bu məsələdə daha yaxşı göstəricilərin şahidi ola bilərik. Ancaq bir polis nəfərinin şəxsi xarakterindən, qeyri-peşəkarlığından, nəfsi ucbatından irəli gələn hərəkətlərinə görə bütövlükdə polis sistemini qaralamaq, ona cəmiyyətdə inamsızlıq aşılayan təbliğat aparmaq yolverilməzdir. Çünki bu, nəticə etibarı ilə vətəndaşların, toplumun ziyanına olar. Hansısa polis əməkdaşı qanundankənar iş görübsə, vətəndaş 102-yə zəng edərsə, DİN rəhbərliyinə müraciət edərsə, mümkün deyil ki, haqlı olduğu halda müvafiq addım atılmasın. Bunu etmək, nəticəni görmək əvəzinə bütövlükdə polis orqanlarını, hətta bəzən irəli gedərək dövləti yamanlamaq fayda verməz və ədalətsiz yanaşma olar. Ədalətsizlik isə təkcə vətəndaşı yox, dövləti də incidir, hamıya ziyan verir.

Odur ki, polislə vətəndaş münasibəti nə qədər sağlam, sivil olarsa və qarşılıqlı inam, etimad üzərində qurularsa, cəmiyyət bir o qədər qazanar. Bu, həm də insanların adekvat davranışlarına, obyektiv yanaşmalarına bağlı olan məsələdir.

1 em.jpg (85 KB)
Elşad MƏMMƏDLİ
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR