Polis rəisindən iddialara reaksiya: “Vətəndaşın dedikləri həqiqətə uyğun deyil”
Ötən gün Rövşən Talıbov adlı vətəndaşın şikayəti əsasında “Evi dağıdılan, özü isə döyülən vətəndaş Prezidentə və baş prokurora ümid bağlayıb” adlı reportaj yayımlamışdıq.
Adıçəkilən şəxs Biləcəri qəsəbəsi 1 may küçəsində ona məxsus torpaq ərazisindəki vaqonunun xəbərsiz olaraq, köçürüldüyünü, özünə və ailəsinə qarşı təzyiqlərin edildiyini bildirmişdi.
Bu gün həmin yazıda adı çəkilən Biləcəri rayon 6-cı polis bölməsinin rəisi Rəşad Əhmədzadə müxbirimizlə telefon əlaqəsi saxlayaraq, vətəndaşın şikayətinin həqiqətə uyğun olmadığını bildirib.
Yazının sonunda qeyd etdiyimiz kimi, qarşı tərəfin mövqeyini olduğu kimi yayımlayırıq.
“Yeni Müsavat”a danışan polis rəisi Rəşad Əhmədzadə bildirdi ki, sözügedən ərazidə yerin altından “Azərsu”ya məxsus minlik su borusu keçir və bu səbəbdən də həmin ərazinin 5-7 metrlik ətrafı mühafizə zolağına daxildir: “Ora mühafizə zolağına düşən ərazidir və heç kim, heç nə tikə bilməz. İkinci bir tərəfdən, həmin adamın əlində icra hakimiyyətindən heç bir sənəd, hətta şifahi razılaşma da yoxdur. Elə ola bilər ki, mən istədiyim yeri zəbt edib, ev tikim, dövlət də buna göz yumsun?”
- Bəs, orada tikilən digər evlərin sənədi varmı?
- Orada heç kimin sənədi yoxdur, yalnız bir nəfərin - Vəliş adlı şəxsin sənədi var. Onu da icra hakimiyyəti qoymur, ev tikməyə... Çünki o sənəd vaxtında səhv verilib. Oradan “Azərsu”nun minlik su borusu keçir.
- Şikayətçinin sözlərinə görə, ona deyilib ki, həmin ərazidə park olacaq. Bu, doğrudurmu?
- Ora çöllük ərazidir, orada nə park salına bilər? Dediyim kimi, “Azərsu”nun su xətti keçir, yəni mühafizə zolağına düşən ərazidir. Ora satıla və heç nə tikilə bilməz.
- Şikayətçi deyir ki, ona polis bölməsində hədə-qorxu gəlinib...
- İki aydan çox olar ki, mən Rövşən Talıbovu qəbul etmişəm. Sadəcə, ona demişəm ki, orada ev tikməyə sənin ixtiyarın yoxdur. Heç bir təzyiq, hədə-qorxu olmayıb. Deyir ki, mənim evimdən 2300 manat pul oğurlanıb. Daş işində işləyən fəhlənin evində 2300 manat pul hardandır ki, oğurlansın? Onun vaqonunu həmin ərazidən çıxaran Binəqədi İcra Hakimiyyəti və “Azərsu”nun işçiləri olub. Biz yalnız ictimai asayişi bərpa etmişik. Heç kim ona fiziki təzyiq göstərməyib.
Məğrur Salmanov






