İnsanlara hürriyət, millətlərə istiqlal!

POLİS RƏİSİ MÜSAVATIN GÖYGÖL TƏŞKİLATININ SƏDRİNİ DÖYDÜ

3720 06.09.2012 09:21 Ölkə A A
S.Quluzadənin sözlərinə görə, dörd gün ərzində iki dəfə polisə çağırılıb. Göygöl RPŞ-nin rəisi Şirzad Əsgərov sentyabrın 2-də şöbəyə çağırılan Quluzadədən anası Nazilə Allahverdiyevaya məxsus torpaq sahəsinin üzərinə yazılan ərazidən kanal çəkilməsi üçün imkan yaratması xahiş edilib. S.Quluzadə özü o ərazidə kanal çəkib. Kanal çəkiləndən sonra polis rəisi sahə müvəkkili vasitəsilə ona şöbəyə gəlməli olduğunu deyib: “Fikirləşdim ki, yenə kanal məsələsinə görə çağırıb. Şöbəyə girəndə növbətçiyə kanal məsələsinə görə gəldiyimi dedim. Rəisin qəbuluna düşdüm. Əvvəlcə mənə kanalı çəkdiyimə görə ”çox sağ ol" dedi. Sonra mənə Müsavatdan çıxmağı və YAP-a keçməyi təklif etdi. Rədd etdim. Bundan sonra rəis mənə təzyiq göstərməyə başladı. Dedi ki, onun polis şöbəsinə rəhbərlik etdiyi bir rayonda ancaq YAP fəaliyyət göstərə bilər. Dedi ki, bütün qohumlarım da Müsavatdan çıxmalıdır. Sonra yumruğu ilə başıma zərbələr endirib dedi, sənin başın boşdu, gör kimə xidmət edirsən. Dedi, lazım gəlsə, İsa Qəmbəri və onun arxasınca gedən adamları da güllələyərəm. Rəis mənə dedi, uçurumun başındayam, yoldan çəkilməsəm, məni həbs etdirəcək. Mən sentyabrın 4-ü saat 12-dən 14:30-dək polis şöbəsində olsam da bu barədə heç bir sənəd tərtib olunmayıb".
S.Quluzadə dedi ki, nahardan sonra polis rəis onu müavini və sahə rəisinə tapşırıb, şöbədən çıxıb. Bundan sonra S.Quluzadə həyətə düşmək adı ilə polis şöbəsini, daha sonra isə Göygölü tərk edib. O bildirdi ki, son bir neçə ildə rayonda iri məmurlarla arasında ərazi münaqişələri gedir: “2010-cu il, aprelin 2-də özümə məxsus 8 sotluq fərdi yaşayış ərazisində ev tikərkən qonşuluqda torpaq sahəsi olan Şahin Əyyubovla mübahisəmiz yarandı. Mənə məxsus ərazinin yanında 2 sot boş sahə olub. Əyyubov mənə məxsus sahəni satın almaq istəyirdi. O vaxt Şahingilin ərazisində tikinti aparan iş icraçısı mənə dedi ki, hasarı Şahinin hasarına yaxınlaşdır. Elə də etdim. Sonra Şahin o ərazini məndən 20 min dollara almaq istədiyini bildirdi. Qiymətdə razılaşmadıq. Bundan sonra Göygöl rayon torpaq şöbəsinin işçiləri hasarın bir tərəfini dağıtdı. Onda Göygöl polis şöbəsinin rəis müavini ilə 17-dək polis, rayonun baş memarı, rayon bələdiyyəsi, Aşıxlı kənd icra nümayəndəsi, kənd bələdiyyə sədri, Göygöl rayon yol idarəsinin direktoru o ərazidə olub. Hasarın sökülməsinə dair məhkəmə qərarı olmalı idi. Amma bunu qərar olmadan həyata keçirdilər. Torpaq sahəm Şahin Əyyubovla Ağsu balıq zavodunun direktoru İlham Məmmədovun ərazilərinin arasında yerləşir. Hasarı dağıtmaq göstərişini Göygölün icra başçısının müavini İlqar Məmmədova Şahin Əyyubov verib. İlqar Məmmədov isə İlham Məmmədovun qardaşıdır”.
S.Quluzadə hesab edir ki, rayona qayıtsa, polis şöbəsində baş verənlər yenidən təkrarlanacaq: “Polis rəisinin təkbaşına mənə təzyiq göstərdiyinə inanmıram. Əminəm ki, ona tapşırığı adını çəkdiyim adamlar verib. Polis şöbəsində baş verənlərə görə DİN, Baş Prokurorluq, ombudsman və ölkə başçısına müraciət edib toxunulmazlığına təminat istəyəcəyəm”.
Dünən İctimai Palata da S.Quluzadəyə qarşı təzyiqləri pisləyən bəyanat yayıb. Bəyanatda deyilir ki, son günlər İP liderlərinə, üzvlərinə qarşı hakimiyyət tərəfindən təzyiqlər yeni vüsət alır: “İP liderlərinə təzyiqlərin əks-effekt verdiyini görən hakimiyyət İP-in regional təşkilatlarının üzvlərinə təzyiqlər etməkdən çəkinmir. Subatay Quluzadəyə qarşı həyata keçirilən təzyiqləri göstərmək olar”.
İP polis rəisinin S.Quluzadəyə təzyiqini və siyasi məsələlərə qeyri-qanuni müdaxiləsini pisləyir və bunlara son qoyulmasını tələb edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR