Dünən DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Mehman Mehmanov redaksiyamıza sözügedən məsələ ilə bağlı məqalə göndərib. Obyektivlik naminə həmin yazını olduğu kimi çap edirik.
***
İki ilə yaxın vaxt keçsə də Azərbaycan Dövlət Neft Akademiyasında 12 nəfər günahsız insanın qətli, 15 nəfərin ağır yaralanması ilə nəticələnən bu dəhşətli cinayət hadisəsinin ağır mənəvi iztirabları və sarsıntıları hələ də unudulmayıb. 2009-cu il aprelin 30-da səhər tələbə övladını instituta yola salıb bir neçə saatdan sonra onun ölüm xəbərini alan analar, elmimizə böyük töhfə verən, heç bir təqsiri olmadan qətlə yetirilmiş alimlərin, digər insanların ailə üzvləri hələ də bu dəhşətli itkidən özlərinə gələ bilmirlər. Bəs bu ağır faciəyə səbəb nə idi? İstintaq materiallarından görünür ki, Gürcüstanın Marneuli sakinləri - Cavidan Amirov, Nəcəf Süleymanov və Nadir Əliyev erməni əsilli Gürcüstan vətəndaşı Mardin Qumaşyan və Fərda Qədirovla cinayət əlaqəsinə girərək Bakı şəhərində terror aktı törədəcəkləri barədə sövdələşmiş, buna görə onlara 50 min ABŞ dolları verəcəyini vəd edən M.Qumaşyan əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları vermişdir. Adları çəkilən - sözün əsl mənasında insani keyfiyyətlərini tam itirmiş bu adamlar Fərda Qədirov kimi mənəviyyatdan uzaq bir adamın aldığı «Makarov» tipli tapançasını və patronları qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək barədə razılığa gəlmiş və iyrənc məqsədlərinə nail ola bilmişlər. 30 aprel 2009-cu il saat 9:30-da yaddaşımıza ağır faciə kimi əbədi həkk olunmuş bu hadisənin təfərrüatı isə yəqin ki hamıya aydındır. Törədilmiş terror aktı ilə əlaqədar ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri, ən təcrübəli istintaqçı və əməliyyatçıları səfərbər olunub Gürcüstanın hüquq-mühafizə orqanları ilə birgə gecə-gündüz gərgin bir şəraitdə işləyib böyük əziyyətlər bahasına nəhayət təqsirkar şəxslərin ifşa olunub məhkəmə qarşısında dayanmalarını təmin etdilər. Qatı cinayətkar, özünü öldürməyə imkan tapmış Fərda Qədirovun onlarla adamı öldürəcəyi, divan tutacağı, polisə təslim olmayacağı, yaşından asılı olmayaraq hər kəsə güllə atacağı barədə sərsəm fikirləri ilə əlaqədar video görüntüləri bir daha onun psixi cəhətdən qüsurlu, sözün əsl mənasında manyak olduğunu əyani şəkildə ortaya çıxardı. Prosessual araşdırmalar zamanı 300-dən artıq şahid, o cümlədən hadisəni mobil telefonlarının video kamerasına yazmış şəxslər müəyyən edilərək dindirildi. İş üzrə Baş Prokurorluqda ibtidai istintaq tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib, 4 ay davam edən məhkəmə prosesində təqsirləndirilən şəxslər, zərərçəkmişlər və onların hüquqi varisləri, çoxsaylı şahidlər dindirildi, toplanan sübutlar araşdırıldı. Təqsirləndirilən şəxslərin elan olunan ittihamlar üzrə günahları tam sübuta yetirilərək məhkəmənin hökmü ilə Cavidan Amirov, Nadir Əliyev, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bu olay hər birimizin qəlbində kədərli iz buraxmaqla hadisəni törədənlərə dərin nifrət hissləri oyatdı. Amma sözün əsl mənasında lənətlənməli olan bu adamlara bir növ dəstək verən, onları sudan quru çıxarmaq istəyənlər də tapıldı. Cavidan Amirovun vəkili Hüseynxan Mustafayev “Yeni Müsavat” qəzetində iddia edir ki, guya müdafiə etdiyi şəxsə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncələr verilməklə sənədlərə qol çəkdirilmişdir.
Əlbəttə, hər bir vəkilin hüquqlarını müdafiə etdiyi şəxsin günahsızlığını, onun hüquqlarının pozulmasını istintaq zamanı və ya məhkəmə prosesində sübut etməyə çalışması başa düşüləndir. Lakin hər kəsə məlumdur ki, bütün məsələlər, həmçinin kiməsə işgəncə verilməsi, sair ziddiyyətlər bir qayda olaraq məhkəmə prosesində aşkar edilib hüquqi qiymət verilə bilər. İndi gəlin fikirləşək, əgər məhkəmə son sözünü deyib hökmünü çıxarıbsa və kiməsə işgəncə verilməsi müəyyən edilməyibsə bundan sonra bu barədə danışmağın əsası varmı? Bütün bu proseslərdən sonra əsassız iddialar irəli sürmək, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovu gülünc bir formada məhkəməyə çağırmaq, vəkilin riyakar məqsədlərinə xidmət etmirmi? Əslində bu, qeyri-peşəkarlığın, populizmin, məntiqsizliyin real təzahürüdür. Təcrübəli vəkil müdafiə etdiyi şəxsin hüquqlarını istintaqın gedişatında və məhkəmə prosesində müdafiə etməyi bacarmalıdır, yoxsa müxalifət qəzetlərində heç bir real əsası olmayan sərsəmləmələrlə yox!
Üzümü vəkil Hüseynxan Mustafayevə tutub soruşuram: qanı tökülən bu günahsız insanların acı taleyi səni narahat etmirmi? Övlad, oğul, ata, qardaş itkisi ilə qovrulan bu insanların əzablarından bir vətəndaş kimi sənə pay düşmürmü? Əslində mənəvi işgəncə ilə baş-başa qalmış bu insanların nifrət dolu baxışları altında əzilmirsənmi?! Dərdlərinə şərik olub, onlara mənəvi dəstək vermək Allaha daha xoş gedərdi. Bu cür mövqe nəcib, humanist, ədalətli və yüksək savada malik adamların işidir, sənin kimilərinin yox.






