Polis əməkdaşı Tofiq Yaqublu və İlqar Məmmədovla bağlı ifadəsini dəyişdi
Müsavat başqanının müavini Tofiq Yaqublu, REAL hərəkatının sədri İlqar Məmmədov və İsmayıllı hadisələrində təqsirləndirilən digər şəxslərin məhkəmə prosesi yanvarın 14-də şahid polis əməkdaşlarının ifadə verməsi ilə davam edib.
“Turan”ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ifadə verən İsmayıllı polisinin əməkdaşı Bəşir Xələfov ilkin istintaqa dediklərinin bir hissəsindən imtina edib. Şahid bildirib ki, 2013-cü il yanvarın 24-də REAL hərəkatının lideri İlqar Məmmədovu və Müsavat başqanının müavini Tofiq Yaqublunu İsmayıllıda adamların arasında görüb, lakin onlar sakitcə dayanaraq baş verənləri müşahidə ediblər. Prokuror və hakim ondan fərqli ifadələr verməsinin səbəblərini açıqlamasını tələb ediblər. Lakin polis əməkdaşı İlqar Məmmədov və Tofiq Yaqublunun qanunazidd hərəkətlər törətdiklərini görmədiyini bildirib
Digər polis əməkdaşı Valeh Sultanzadə deyib ki, adamların polislərə daş atdıqlarını görüb, ancaq İlqar Məmmədovla Tofiq Yaqublu belə hərəkətlər etməyiblər.
Ötən il yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edib. Bu insident böyüyərək “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilib. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.
İsmayıllı olaylarına görə 18 nəfər həbsdədir. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
Şəki Ağır Cinayətlər Məhkəməsi ötən il oktyabrın 30-da Emil Şəmdinovu 9 il 6 ay, Elməddin Məmmədovu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.






