Ərzaqların plastik qablarda qablaşdırılması azmış kimi, plasmas mətbəx qablarının da istehsalı və satışı geniş vüsət alıb. Bu qabların alıcısı kifayət qədərdir. Hətta bəzən bu qabları çox ucuz qiymətə satırlar. “28 May” metrosu yaxınlığında bu cür qabların satıldığı bir mağazaya yaxınlaşdıq.
Məlum oldu ki, satıcı Vüqar belə qabların haradan gətirildiyindən xəbərsizdir. O, bu qabların Çin malı olduğunu ehtimal etdiyini dedi: “Mən satıcıyam. Hansı malın haradan gətirildiyini və necə istehsal olunduğunu bilmirəm. Ancaq adətən bu cür qablar Çindən gətirilir”.
Bu gün plastik qablar aldığımız qatıq, süd, pendir və digər süd məhsulları ilə birlikdə evimizə daxil olur. Bunu nəzərə alan bir çox ölkə qida məhsullarının plastik qablaşdırılmasını məhdudlaşdırıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov plastik qablaşdırıcı materialları və nazik polimerdən hazırlanan torbaların çox ciddi problem olduğunu dedi: “Bir ay öncə mən İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Səhiyyə Nazirliyinə məktublar yazaraq plastik qablaşdırılma məsələlərinə dair fikirlərimi söyləmişəm. Plastik qablaşdırmaların və nazik polimerdən hazırlanan torbaların bir növünün çox təhlükəli olması barədə məlumatlar vermişəm. Çox təəssüf ki, bəzi dövlət orqanları özlərinin verdikləri sertifikatları inkar etmək istəmir, mənimlə görüşlər keçirir və ən nəhayət, İqtisadi İnkişaf Nazirliyi yanında qablaşdırma materialları üçün xüsusi işçi qrupu yaradılıb. Azad İstehlakçılar Birliyinin sədri olaraq da məni həmin qrupa daxil edirlər. Hansı ölkədə ki, istehlakçıların hüquqları mükəmməl qorunmur, o ölkələrdə plastik qablardan, plastik qablaşdırıcı materiallardan istifadə olunur. PVC tərkibli, yəni xlorit tərkibli nazik polimerdən hazırlanan torbalardan qida sənayesində istifadə olunur. Biz bunu broylerlərdə görürük, ətlər və çörəklər PVC-yə bükülür. Ancaq Avropanın bir çox yerlərində bu, qadağan olunub. Çox təəssüflər olsun ki, Azərbaycanda bu sahədə ciddi analizlər aparılmır. Ölkəmizin bazarı zəif olduğundan bura hər şey plastik qablarda gəlir. Hətta bəzi kənd yerlərində plastik su qablarına uşaq yeməyi töküb saxlayırlar. Bu çox ziyanlıdır. Azərbaycan dünyanın az ölkəsidir ki, plastik qabın içərisində üzüm yarpağı qoyurlar. Qəzetiniz vasitəsilə əhaliyə müraciət edirəm ki, plastik qabı ya əzsinlər, ya da ki, deşsinlər ki, ikinci dəfə ondan istifadə mümkün olmasın”.
Bəs maliyyə cəhətdən istehsalçılara və xidmət obyektlərinə ucuz başa gələn plastik qablar, polietilen torbalar bizim sağlamlığımıza konkret necəyə başa gəlir? Tibb elmləri doktoru, professor Adil Qeybulla plastik qabların müxtəlif xəstəliklərə yol açdığını bildirdi: “Müəyyən olunub ki, plastik qablarda diansen adlanan zəhərli maddə ifraz olunur ki, bu da insan orqanizmi çox istifadə etdikdə toplanaraq onun orqanizminə zərərli təsir göstərir. Xüsusilə qaraciyərə, beyinə, ürəyə və sair daxili orqanlara mənfi təsir göstərir. Hazırda bütün dünyada bununla bağlı həyəcan təbili çalınıb. Sakit okeanda çoxlu sayda plastik qab tullantıları var. Çünki əksər ölkələrin, hansı ki, Sakit okean suları o tərəfləri yuyur, ora kanalizasiya, çirkab suları axıdılır. Bu okean həddindən artıq çirklənib. Bu da flora və faunaya neqativ təsir göstərir. Ümumiyyətlə, dünyada plastik qablardan istifadə diskussiya mövzusudur. Bu qabların zərəri sübuta yetirilib. Ancaq onu əvəz edən daha ucuz bir məhsul da hələlik yoxdur. Plastik qablarda olan duru maddələri küçədə satış üçün qoyurlar. Mümkün qədər plastik qablarda olan qidalardan az istifadə etmək, isti yerdə saxlamamaq lazımdır ki, onun zərərli tərkibi orqanizmə keçməsin”.






