İnsanlara hürriyət, millətlərə istiqlal!

Plastik əməliyyata toy eləmək adəti...

5734 02.07.2020 10:07 Yazarlar A A

Xalqımın sünnət toyu kimi gözəl adət-ənənəsi var. Adına çox vaxt “kiçik toy” deyirlər, amma, vallahi, mən o “kiçik toy”un elə böyüyünü görmüşəm ki, məclisdə prezidentlərin, dünyaca ünlü milyarderlərin öz övladlarının toyuna çağırdığı qonaqlardan üç dəfə artıq qonaq iştirak edib.

Əslində müasir dövrdə tibb elmi körpə oğlan uşaqlarının üzərində aparılan plastik cərrahiyyə əməliyyatının faydalılığını şübhə altına alır. Amma bu, 39-42-ci, bir də bizdən şimal tərəfdəki paralellər üçün keçərlidir. İsti ölkələr üçün həmin əməliyyat zəruridir.

Biz və bir çox ölkələr bu haqq-hesabı nəyə görəsə dinə bağlamışıq, dini ayin halına gətirmişik.

Təsəvvür edin, nə qədər paradoksal və ironik olsa da, bir-birinə düşmən kəsilən yəhudiləri və müsəlmanları birləşdirən dəyər məhz bu sünnətdir. Bu cərrahiyyə əməliyyatı yəhudilərin icadıdır. Onlar da ağıllı, biləndar camaat olduqlarından razılaşmaqdan başqa çarəsi yoxdur, əl-əlbət, bir bildikləri var.

İntəhası, bu ayin niyə təntənəli olmalıdır, nədən mütləq yeyib-içmək, çal-çağır təşkil edilməlidir, bilinmir. Hansı tibbi əməliyyat zamanı belə şey edirlər? Məsələn, kimsə böyrəyinin daşını götürtmək istəyəndə yaxınlarına qonaqlıq verir? Yox. Bəlkə kimsə öd kisəsi və ya botoks əməliyyatına zurna-qavalla girir? Elə şeylər də yoxdur.

Yaza-yaza Şəmkirdə oğluna sünnət toyu edən kişinin həbs edilməsi və cərimələnməsi məsələsinin üstünə gələcəyəm, bir balaca hövsələnizi basın.

Bizim kənd də məmləkətin ayrılmaz tərkib hissəsi idi və hər şəhərdə, kənddə olduğu kimi, bizdə də sünnət toyları xüsusi təmtəraqla keçirilirdi. Düzdür, əməliyyata məruz qalacaq oğlan uşaqlarını şahzadələr kimi geyindirmək adəti yox idi, amma başlarını tovlamaq üçün bəzi vacibatlar edirdilər. Çoxlarını isə kəndin o başında hərləyib tutub gətirirdilər. Çünki oğlan uşaqları həmin əməliyyatdan çox qorxurdular. Şəxsən mən qorxmayan oğlanlar da görmüşəm. Biri kişi kimi gəldi durdu dəlləyin qabağında, şalvarını çəkdi aşağı, hiddətli şəkildə dedi: “Kəs, qurtar”.

Əsas məsələ isə təxminən 200-300 kişinin, 30-40 qadının, bir o qədər də uşağın qatıldığı məclisi yola vermək idi. Məclisə çalğıçılar dəstəsi gətirənlər də olurdu, aşıqsız, xanəndəsiz keçinənlər də. Cöngələrin, qoçların boyunlanıb yerə yıxıldığı, kəsilib, doğranıb, sacayağı üzərindəki mis teştlərə basıldığı bir ortamda manısların “Ay ləli yar, ləli” oxuması kiminsə umrunda deyildi.

Andropovun vaxtında (həmin vaxt  el arasında “andropovski” adlanan araqlar dəb idi) kəndin saytal kişilərindən biri xırdabaş gədələrinə kiçik toy eləyib. Sərin noyabr günüymüş. Kəndin cavanları (20 nəfər) qrup halına gediblər toya, təxminən 25-30 kilo ət yeyiblər, xeyli də araq içiblər. Məclisə araq vermək işinə baxan adam gedib-gəlməkdən o qədər bezib ki, axırda araq “kletka”sını gətirib qoyub bunların yanına, deyib, nə qədər içirsiniz, için, ta məni çağırmayın. Həmin sünnət toyunun söhbəti hələ də gedir, məclis iştirakçıları danışıb gülürlər.

Yəni o vaxtlar belə kiçik toylar insanlar üçün əlavə bir əyləncə, istirahət bəhanəsiydi və hamı onu xoş ovqatla qarşılayırdı. Sonradan, hər şey kimi, onun da zibili çıxarıldı.

İndiki dönəmdə isə kiçik toy təşkil eləməyin heç yeri yoxdur. Böyük toy etmək istəyənlər əl-qoyun, diz-qarın qalıblar, kiçik toy nədir...

Sanki balacaların plastik cərrahiyyə əməliyyatları təntənəli şəkildə keçirilməsə, proses legitim, prosedur uğurlu olmayacaq...

Zalım oğlu, gərək bu ağır günlərdə, pandemiyanın bu vaxtında milləti həyətinə yığasan? Çağır 3-5 nəfər qohum-qardaşı, bir qoç kəs, sakitcə məclisini yola ver. Bilirəm, kənd yeridir, qohum-əqrəba çoxdur, hamısı evə yerləşmir. Elədirsə, bir dəstəni yola sal, sakitcə o biri dəstəni çağır, sonra başqa bir dəstəni. Səssiz-səmirsiz.

Hökumət adamları da gərək bir az mərhəmətli olaydılar. Çağırdın, təpindin, məclisi pozdun, eybi yox, ta adamı içəri basmaq nəydi? Bəlkə yazıq əhd eləyibmiş ki, bir oğlum olsun, ona elə bir toy edəcəm ki, səsi respublikayla bir olsunE

Əgər doğrudan da həmin toy yiyəsinin elə bir əhdi olubsa, o, hazırda niyyətinə çatmış kimidir. Bütün ölkə ondan danışır, hətta xəbər qonşu ölkələrə də yayılıb. İntəhası, qismətdə teştin dibində qalan toy yeməyini “peredaça” kimi almaq varmış.

O vaxt ermənilər bizim bu adətimizi bəyənməzdilər, deyərdilər, ara, bu musurman da zadı şey eləyib, özünə iş artırıb. İndi o keçmiş kirvələrin sözü olmasın, bu ağır günlərdə özümüzə iş artırmasaq yaxşıdır, cərrahi əməliyyatı sakit-sakit də etmək olar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR