Bakıda vətəndaşların kartlarından pul çəkməkdə ittiham edilərək həbs edilən şəxsin məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Nəzərli Səddam Nizami oğlunun cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Faiq Nəbiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Səddam Nəzərli xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 000 manat pulu şəxsi hesablara köçürərək nağdlaşdırıb.

Xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinən Səddam Nəzərli saxlanılıb.
Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.
İttihama görə, S.Nəzərli banka ümumilikdə 62 min manat zərər vurub.
Səddam Nəzərli dəymiş zərərlə bağlı göstərilən məbləğin şişirdildiyini deyib. O bildirib ki, 40 min manat pul ələ keçirib.

O deyib ki, planı elə qurub ki, məbləğ çox olmasın: "40 min götürmüşəm. Planı elə qurdum ki, çox olmasın. Çünki çəzam ağır ola bilərdi. Orada məbləği çox göstəriblər. Mən bu ittihamla razılaşmıram".
Məhkəmədə məlum olub ki, bankın nümayəndəsi mülki iddia verib. Məhkəməyə təqdim edilən mülki iddiada tələb 39 min manat olaraq göstərilib. Bildirilib ki, məbləğin digər hissəsi bank tərəfindən geri alınıb.
Məhkəmə araşdırması davam etdirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi açılıb.
Qeyd edək ki, Səddam Nəzərli daha əvvəl də Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunub.
İlkin Muradov
Musavat.com






