İnsanlara hürriyət, millətlərə istiqlal!

Piyadanı “uçmağa” məcbur edən sürücülər - yol xaosu

1052 16.11.2019 10:40 Reportaj A A

Bir çox küçələrdə səkilər zəbt olunub, insanlar ya yolun ortası, ya da maşınların üzəri ilə yeriyərək hərəkət etməlidirlər

Bakıda son zamanlar müvafiq qurumlar tərəfindən dayanma-durma qaydalarını pozan avtomobillərlə bağlı ciddi inzibati işlər görülür. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları küçə-küçə gəzərək, avtomobilini müvafiq yerdə park etməyən sürücüləri cərimələyir. Ancaq buna rəğmən yenə də Bakı küçələrində qeyd edilən məsələ ilə bağlı vəziyyət ürəkaçan deyil. Xüsusilə də kənar küçələrdə səkilərdə avtomobil saxlayan sürücülərin sayı kifayət qədərdir. “Yeni Müsavat”ın əməkdaşı olaraq şəhərdə gəzdiyimiz zaman müşahidə etdik ki, yeni tikilən çoxmərtəbəli binaların çox az bir qisminin avtomobil saxlamaq üçün yeri var. Əsasən də pilot layihələrlə son zamanlar inşa edilən binalarda vəziyyət daha acınacaqlıdır. 2-3 mərtəbəli binaların yerində inşa olunan bu çoxmərtəbəli binalardakı mənzillər, müxtəlif şəxslərə satılır. Yeni mənzil sahibləri isə ərazidə maşınlarını saxlamağa yer tapmayıb, səkiləri, avtomobil yolunun hərəkət hissəsini zəbt edirlər.

Acınacaqlı hal iri supermarketlərin önündə də yaşanır. Bir çox super marketlərin sahibləri isə avtomobil yolunu kəsərək, yolun hərəkət hissəsini park yerinə çeviriblər. Lakin Azərbaycan Respublikasının qanunları bütün bu hallarla bağlı xüsusi cərimələr nəzərdə tutur. Cərimələrə keçməzdən öncə onu qeyd edək ki, sürücülər bu məqamda özlərini haqlı sayırlar. Söhbət etdiyimiz sürücülər bildirdilər ki, ölkədə avtomobili park etmək üçün yer olmadığı üçün özlərini və avtomobillərini riskə atıb, yolun hərəkət hissəsində maşın saxlamaq məcburiyyətində qalırlar.

Yuxarıda qeyd etdiyimiz kimi avtomobillərini piyada yolunda saxlayanların da sayı kifayət qədərdir. Yay aylarında piyadalar bir yer tapıb yollarına davam edə bilsələr də, yağışlı qış aylarında onların da hərəkəti son dərəcə çətinləşir. Çünki maşın yoluna çıxan piyada həm öz həyatını riskə atır, həm də yoldan keçən avtomobilin təkərinin altından çıxan palçıq, çirkab su onun üstünə tökülür...

Səkidə avtomobil saxlayan sürücülər, görünür, xəbərdar deyillər ki, piyadanın yolunda bir dəqiqəlik belə olsun dayanmaq qayda pozuntusudur. Sürücü piyadadan onun yoluna çıxmamağı tələb etdiyi kimi, piyada da qanunla sürücüdən öz haqqını tələb edə bilər. 

Qanunvericiliyə görə səkidə avtomobilini saxlayan şəxs 20 manat cərimə olunur. Eyni zamanda o, hərəkəti tamamilə iflic edibsə avtomobili təxliyə də oluna bilər.

“Yeni Müsavat”a danışan nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı aşağıdakıları bildirdi: “Bakıda tikinti-şəhərsalma qaydaları kobud şəkildə pozulur. “Yol Hərəkəti Haqqında” qanun da təbii olaraq bu kimi hallarda əsas götürülmür. Çünki qanunda yazılır ki, belə obyektlər tikilən zaman müvafiq icra hakimiyyəti orqanları və eləcə də yol polisi ilə razılaşma olmalıdır. Ancaq bəzi şirkətlər kiminsə himayəsi altında özbaşına şəkildə həmin tikililəri başa çatdırırlar. Sonda məlum olur ki, tikilinin ümumiyyətlə, park sistemi yoxdur. Çox zaman tikililərin birinci mərtəbəsini marketlərə, idman zallarına verirlər. Həmin obyektlərə gələnlər isə maşın saxlamağa yer tapmırlar. Bəla odur ki, işi görən zaman planlaşdırma aparmırlar. Bunun ağır nəticələrini də insanlar ödəyirlər. İnsanlar maraqlıdır ki, obyekt yolun kənarında olsun ki, gedib-gələnlər al-ver eləsinlər. Ancaq düşünmürlər ki, həmin adamlar maşını harada saxlayacaqlar? Təəssüf ki, aidiyyəti qurumlar da buna göz yumurlar. Bakıda bu cür ərazilər çoxdur”.

Ekspert bildirib ki, marketə mal gətirən firma maşınları da əlavə problemlər yaradır: “Onlar da yolun ortasında saxlayıb, marketə mal daşıyırlar. Marketə mal gətirməyin də zamanı olmalıdır. Nə üçün bunu gecə saatlarında deyil, səhər saat 8-9 arası, camaatın işə getdiyi vaxtda belə edirlər. Bütün bunlara da diqqət edilməlidir. Vacib qida məhsulları, dərmanları başa düşürük ki, vaxtında çatdırmaq lazımdır. Bəs energetik içki daşıyan maşın gündüz saatlarında yolun ortasında niyə dayanır?  Bundan əlavə yeni bina tikənlər də çalışırlar ki, binada otaqların sayı çox olsun. Başqa heç nəyə də diqqət etmirlər. Bir gün də ayılır ki, 500 mənzilli bina tikib, 30 ədəd maşının dayanması üçün yeri var. Dünya təcrübəsində isə 500 mənzilli bina tikmisənsə, ən azından 800 maşının dayanması üçün parkinq şəraiti yaratmalısan. Bizdə bina sahibi  qaraj tikir və onu da 1 otaqlı evin qiymətinə satır. 150-200 minə ev satırlar, ancaq maşın saxlamağa yer ayırmırlar. Problem də budur. Bunun da əziyyətini piyadalar, sürücülər, vətəndaşlar çəkirlər. Buna görə də ciddi nəzarət mexanizmi olmalıdır”.

Əli Rais,
“Yeni Müsavat”
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR