İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pilot 16” tikinti şirkəti Norveç vətəndaşının mülkünü belə dağıtdı: Kameralar və 50 min dollar aparılıb - VİDEO

2906 27.09.2022 12:20 Kriminal A A

Azərbaycanda yaşayan və həkim kimi fəaliyyət göstərən Norveç vətəndaşı Parvaresh Assadollah Hossein oğlunun Bakıdakı obyekti dağıdılılıb. Parvaresh Assadollah bildirir ki, bunu edənlər “PİLOT-16” şirkətinin əməkdaşlarıdır. Mülkiyyəti qanunsuz şəkildə sökülən Parvaresh Assadollah bütün rəsmi qurumlara müraciət etsə də ədaləti bərpa edə bilmir.

Musavat.com xəbər verir ki, P.Assadollahın Nəsimi rayonunda yerləşən mülkiyyətinin ümumi sahəsi 370 kvadrat metrdir. Həmin ünvanda Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında “Dental House” klinikasını işlədib.

2021-ci ildə “PİLOT-16” şirkətinin nümayəndələri qeyd edilən ünvana gedərək ona obyektin söküləcəyini deyiblər. Bu danışıqlarda Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak edib.

P.Assadollah müraciətində yazır ki, şirkətdən və icra hakimiyyətindən ona ərazinin söküləcəyini və yerində bina tikiləcəyi deyilsə də kompensasiya barədə razılaşma olmayıb.

“14 may 2021-ci il tarixdə, saat 19:00 radələrində 10-dan çox polis əməkdaşı və 20-yə yaxın fəhlə obyektimə gələrək qanunsuz şəkildə mülkiyyətimə daxil oldular. Fəhlələr obyektimin divarını, şüşələrini sökməyə başladılar. Mən etiraz etdikdə polisə aparıldım. Bir neçə saat sonra sərbəst buraxılanda mülkiyyətim yerlə-yeksan edilmişdi. Gördüm ki, “PİLOT-16”nın rəhbərliyi öz əməllərinin ifşa olunmaması üçün tikilidə yerləşən bütün kameraları sındırıb, otağımdakı DVR video qeydiyyat yaddaş cihazının kabellərini kəsərək oğurlayıb. Mənə məxsus avadanlıqlar, implant diş üçün lazım olan bahalı materiallar yararsız hala salınıb”- deyə Norveç vətəndaşı bildirir.

Şikayətçi əlavə edir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlər etsə də, heç bir nəticə olmayıb: “Pozulmuş hüquqlarımın bərpa olunması, günahkar şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi, mənə və klinikama dəymiş zərərin ödənilməsini istəyirəm. Nəsimi Rayon Polis İdarəsinə müraciət etdim. Onlar işi rayon prokurorluğuna göndərdilər. Lakin Nəsimi Rayon Prokurorluğunda aparılan araşdırma heç bir nəticə vermədi. Müstəntiq cinayət işinin başladılmasının rədd edilməsi ilə bağlı qərar çıxardı. Biz həmin qərardan yuxarı instansiyalara müraciət etdik. Amma nə Bakı Şəhər Prokurorluğu, nə də Baş Prokurorluq müraciətimizə baxdı.

Qiymətləndirmə rəyində yazılıb ki, mənə 35 min manat ziyan vurulub. Ortada fakt var, amma cinayət işinin başladılması rədd olunur. Dəfələrlə qəbullarda olunub, xeyri yoxdur. Bu adamlar cəzalandırılmırlar”.

Onun sözlərinə görə mülkiyyətinin dağıdılması nəticəsində komputer avadanlığı, tibbi avadanlıqlar, materiallara ciddi ziyan dəyib, klinikadan 50000 ABŞ dolları məbləğində pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilir ki, qeyd edilən hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılaraq toplanan materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.

Baş Prokurorluq isə bildirir ki, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılıb. Araşdırma nəticəsində Assadollah Parvareshin müraciətində göstərdiyi faktlar öz təsdiqini tapmayıb.

Adı çəkilən “Pilot 16” MMC-də Nəsimi rayonunda “pilot layihə”lərin icrası zamanı yaradılan şirkətlərdən biridir. Bu şirkət qısa bir zamanda yaradılsa da Nəsimi rayonunda milyonlarla dəyəri olan “pilot layihə”lərin icrasına başlayıb. Nizamnamə kapitalı 100 manat olan bu şirkətin qanuni təmsilçisi kimi Hüseynli Məhyəddin Qafar oğlu göstərilir. Təbii ki, qısa bir zaman ərzində yaradılan bir MMC-nin milyonlarla dəyəri olan layihələrin icrasına cəlb edilməsi işin bəzi qaranlıq məqamlarına diqqət çəkir. Növbəti yazıda “Pilot 16” MMC və “pilot layihə”lərin başlaması ilə yaradılan MMC-lərin fəaliyyəti ilə bağlı ətraflı məlumat verəcəyik.

Assadollah Parvareshin mülkiyyətinin dağıdılmasını əks etdirən görüntüləri təqdim edirik.

İlkin Muradov
Musavat.com

WhatsApp Image 2022-09-27 at 12.10.47 (1).jpeg (229 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR