Onun sözlərinə görə, Azərbaycan Milli Məclisinin payız sessiyasında müzakirəyə çıxarılacaq "Təhsil krediti haqqında" yeni qanun layihəsi Boloniya sisteminə keçidlə bağlı aparılan qanunvericiliyin təkmilləşdirilməsinə yönəlir.
"Azərbaycanın təhsil sistemi Boloniya sisteminə uyğun olaraq dəyişdirilir. Kredit sisteminin yaradılması isə Boloniya sisteminin müddəalarından biridir və bütün dərslərin eyni həcmdə olmasını təmin edir", - Hacıyev deyib.
Millət vəkili qeyd edib ki, bütün ali məktəblərdə kredit sistemi tətbiq olunduqdan sonra tələbənin bir universitetdən digər universitetə keçidi zamanı kreditlər vasitəsilə onun aldığı təhsilin həcmi haqqında dəqiq məlumat olacaq.
Hacıyev eyni zamanda qeyd edib ki, əsas məsələ bütün universitetlərin keyfiyyətinin müəyyən bir həddən yuxarı olmasıdır. "Kreditlərin yaradılması, dərslərin kodlaşdırılması bu istiqamətdə addımdır və məsələni sadələşdirir", - o deyib.
Hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir, onlardan 15-i özəldir.






