Penitensiar Xidmət Leyla Yunus və İntiqam Əliyevlə bağlı sorğunu cavablandırdı
Sentyabrın 3-də Bakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusa və hüquqşünas İntiqam Əliyevə baş çəkən vəkil Əlayif Həsənov hər iki şəxsin saxlanma şəraitindən giley-güzar eləmişdi. Penitensiar Xidmət “Media forum” saytının bununla bağlı sorğusunu cavablandırıb.
Sentyabrın 9-da Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən cavabda bildirilir: “Bakı İstintaq Təcridxanasında saxlanan təqsirləndirilən şəxslər İntiqam Əliyev və Leyla Yunusun saxlanma şəraiti, digər məsələlərlə bağlı bəzi kütləvi informasiya vasitələrində yer almış məlumatlar həqiqətə uyğun deyil. Hər iki şəxsin saxlanma şəraiti ilə bağlı narazılıqları əsassızdır. İntiqam Əliyev və Leyla Yunus digər təqsirləndirilən şəxslər kimi “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulan bütün hüquqlardan (telefon danışığı, tibbi yardım, vəkillərlə görüş, gəzinti, sovqat və banderol almaq hüququ) tam həcmdə istifadə edirlər.
Təqsirləndirilən və azadlıqdan məhrum edilmiş şəxslərin cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək, ictimai faydalı əməklə, bədən tərbiyəsi və idmanla məşğul olmaq, istirahət etmək, tibbi, hüquqi və psixoloji yardımlar almaq, dini ayinlərin icra edilməsində iştirak etmək, təhsil almaq və peşə hazırlığı keçmək kimi əsas hüquqları cəzanı icra edən orqan tərəfindən tam təmin olunub. Qanunda nəzərdə tutulmuş həmin hüquqların həyata keçirilməsi üçün bütün müəssisələrdə müvafiq şərait yaradılıb.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssislərinin iştirakı ilə hər iki şəxsin tibbi müayinədən keçirilməsi təmin edilib”.






