İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənah Hüseynin - çağımızın istiqlal mücahidinin 58 yaşı tamam oldu

973 09.08.2015 12:45 Gündəm A A
Bu gün xalq hərəkatının liderlərindən biri, Elçibəyin prezidentliyi dönəmində dövlət katibi və baş nazir kimi mühüm dövlət postları tutmuş Pənah Hüseynin doğum günüdür. Onun 58 yaşı tamam olur.

Ömrünün 24 ilini təhsilə, 27 ilini isə Azərbaycanın müstəqillik qazanması, demokratikləşməsi işinə həsr edən Pənah Hüseyn ölkəmizin siyasi arenasının parlaq simalarındandır. 

Onun ömür və siyasi mübarizə yolu həmişə daşlı-kəsəkli, keşməkeşli olub, fəqət, Pənah Hüseyn heç vaxt yolundan sapmayıb. İki dəfə məhbəs həyatı yaşamış Pənah Hüseyn öz mübarizəsini əsassız yerə mühakimə olunduğu məhkəmə salonlarında da, parlament zalında da ləyaqətlə, özünəməxsus ritorika ilə aparıb. 

O, heç zaman ictimai nüfuzunun, reputasiyasının qayğısına qalmayıb, beyninə hakim kəsilmiş fikirləri deməkdən çəkinməyib. 

Bu üzdəndir ki, çox zaman o, layiq olmadığı halda haqsız duruma düşüb, böhtanlarla üzləşib, fikirlərini təhrif edərək, kontekstdən çıxararaq cürbəcür yozumlara məruz qoyublar, ancaq Pənah Hüseyn bütün bunlara etina etməyəcək qədər yüksəkdə dayanıb.

Uzun illərdir ki, minlərlə insan onu ictimai nəqliyyatda - metroda, avtobusda görərkən barmaqla bir-birinə göstərərək "bu şəxs vaxtilə baş nazir olub" deyirlər. Onlar böyük dövlət vəzifəsi tutmuş şəxsin xalqdan biri olduğuna heyrətlə baxırlar, ancaq bu Pənah Hüseyn üçün adi haldır. O özünü gerçəkdən xalqdan biri sayır və sadə görünməyi, sadə geyinməyi, sadə olmağı üstün tutur.

Pənah Hüseyn savadlı adamdır, ən yüksək təhsilli hüquqçularla da, filosoflarla da eyni səviyyədə müzakirə, polemika aparmağı bacarır.

O, öz qiymətini almamış, layiq olduğu mərtəbəni tutmamış siyasət adamlarındandır, istiqlal mücahididir.

"Yeni Müsavat" qəzetinin və Musavat.com saytının kollektivi Pənah Hüseyni doğum günü münasibətilə təbrik edir, ona siyasi fəaliyyətində uğurlar arzulayır.


  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR