Azərbaycanın aparıcı partiyalarında biri, Müsavat Partiyasının çoxdan gözlənilən VIII Qurultayı baş tutdu. Heç şübhəsiz ki, ölkə ictimaiyyətini bu qurultayda hər şeydən əvvəl yeni başqanın kim seçiləcəyi maraqlandırırdı. Şənbə günü qurultayda baş tutan seçkilərin nəticələrinə əsasən partiyanın İcra Aparatının keçmiş rəhbəri Arif Hacılı 228 səslə başqan seçildi. 200 Səslə ikinci yerdə qərarlaşmış Qubad İbadoğlu son bəyanatında qurultayın başqan seçkilərində ədalətsizlik yaşandığını bildirib. Ardınca başqanlığa digər namizəd Tural Abbaslının tərəfdarları da etiraz səslərini ucaltdı. Qurultayda başqan seçkilərinin ardınca keçirilən Müsavat Məclisinə də 1 nəfər də olsa gənclərin namizədinin seçilməməsi qurultay narazılıqlarının davam etməsinə rəvac verib. Qurultayla bağlı bu və ya digər mövzularda suallarımızı cavablandıran Azərbaycan Xalq Partiyasının sədri, Müsavat Partiyasının VIII Qurultayının ölkə siyasilərindən yeganə iştirakçısı Pənah Hüseynin müsahibəsini təqdim edirik:
- Tanınmış ölkə siyasilərindən Müsavat Partiyasının qurultayının yeganə qonağı kimi onu necə xarakterizə edərdiniz?
- Sözün doğrusu, mən partiya tərəfindən dəvət olunan qonaq siyahısında olmamışam. Ümumiyyətlə, qonaq kimi Ankaradan Kültür Dərnəyinin başqanı Cəmil Ünal və onun yardımçısı istisna olmaqla qurultaya qonaq qismində heç kim qatılmamışdı. Mən də İsa bəyin xahişi ilə qonaqları müşayiət etdim. Amma qurultayın bütün günü ərzində orada olmaq imkanım oldu. Mən hesab edirəm ki, olduqca maraqlı bir siyasi tədbir keçirildi, çox coşqulu və həyəcanlı qurultay oldu. Qurultayda İsa bəyə partiya üzvlərinin tam etimadı nümayiş etdirildi, demokratik şəraitdə bir sıra "ilk"lər olmaqla keçdi. Məsələn, başqan seçkiləri canlı internet bağlantısıyla keçirilirdi, bütün seçki canlı izlənilirdi. Hesab edirəm ki, son günlərin ən yadda qalan siyasi hadisələrindən biri oldu. Partiyanın keçmiş başqanı İsa Qəmbər haqqında xüsusi qətnamənin qəbulunu xüsusi qeyd etmək istəyirəm. Bu qətnaməyə əsasən partiya İsa bəyə xüsusi təşəkkür etdi və bundan sonra da onun siyasi fəaliyyəti üçün partiyanın siyasi və digər resurslarından istifadəsini təmin etdi. Digər tərəfdən İ.Qəmbərin prezidentliyə namizədliyi barədə qərar mühüm bir siyasi qərar idi və məncə, bu, bir sıra narahatlıqları aradan götürdü. Bununla da bu qərar da faktiki olaraq İ.Qəmbərin faktiki statusunu da müəyyən eləmiş oldu.
A.Hacılı çox gərgin keçən rəqabət şəraitində demokratik seçkilərdə Müsavatın başqanı seçildi. Onu da mən elə həmin gün telefonla arayaraq təbrik etdim. Hesab edirəm ki, "Müsavat"ın qurultaydan kifayət qədər güclü çıxması üçün zəmin yaranıb. Əlbəttə ki, kifayət qədər gərgin siyasi mənzərəsi olan belə tədbirlərdən sonra belə halların yaşanması da mümkündür. İstər Q.İbadoğlunun, istərsə də digər qurultay iştirakçılarının açıqlamaları onu göstərir ki, qurultayın birlik mesajı davam edir.
- Qurultayda iştirakınız bir daha sübut etdi ki, siz Müsavat üçün sıradan, təsadüfi bir adam deyilsiniz. Postqurultay dönəmində partiya ilə əlaqə və münasibətlərinizi necə qurmağı düşünürsünüz? Planda indiyə qədərki münasibəti olduğu kimi saxlamaq durur, yoxsa müəyyən islahatlar gözlənilir?
- Bütövlükdə güman edirəm ki, Müsavat Partiyası əvvəl də, indi də demokratik düşərgənin önəmli subyektlərindən biridir və biri də olaraq qalacaq. Ənənəvi olaraq Müsavat Partiyası ilə olan təşkilatı münasibətlərimiz də qorunub saxlanılacaq.
- Yəni, qarşılıqlı münasibətlərdə bundan sonra hər hansı dəyişikliklər gözlənilmir...
- Bu cür münasibətlərin dəyişməsi üçün hələ ki, ortada hər hansı bir ciddi amil yoxdur. İ.Qəmbərin prezidentliyə namizədliyi məsələsi mühüm bir birləşdirici məsələdir. Eyni zamanda Müsavat ideologiyası yalnız Müsavat Partiyasının deyil, bu ideologiya bütünlükdə Müsavat cameəsinin, müsavatçılıq düşərgəsinin, hətta adı Müsavat olmasa da böyük bir birliyin ideologiyasıdır. Yeri gəlmişkən deyim ki, Azərbaycan Xalq Partiyasında da Müsavatçılıq ideologiyasını əsas ideologiya kimi qəbul olunub. ona görə də bu münasibətlərə yenidən baxılması üçün bir şərait yoxdur. Əlbəttə ki, yeni rəhbərlik əvvəl də partiyanın önəmli liderlərindən biri idi, indi rəhbərliyə gəlib. İndi biz onların da atdıqları addımları çox maraqla izləyirik.
- Qurultayla bağlı Müsavat cəmeəsində qütbləşən qarşı tərəflərin açıqlamalarını necə şərh edərsiniz? Başqanlıq seçkilərində ədalət prinsipinin pozulması haqda deyilənləri bölüşürsünüzmü?
- Bu Müsavat Partiyasının üzvlərinin daxili məsələləridir. Mən şəxsən hesab edirəm ki, qurultayda şəffaf, demokratik şəraitdə, həqiqətən də Azərbaycanın digər siyasi partiyaları üçün örnək olan seçki keçirildi. Seçkidən sonra böyük əksəriyyət seçkinin nəticələrini qəbul etdiyin elan etdi, o cümlədən əsas namizədlərdən biri olan Qubad İbadoğlu. Qurultayın birlik mesajları deyərkən mən bunu da nəzərdə tuturdum. Ona görə də bəzi tənqidlər də, bəzi emosional reaksiyalar da davam edir. Ədalətsizliklə bağlı deyilən bəzi açıqlamaları da o qədər dramatikləşdirmək lazım deyil.
- VIII Qurultayla bağlı mühüm faktlardan bir də qurultay nümayəndələrinə seçilənlər arasında 587 nəfərdən yalnız 2 nəfərin partiyanın Gənclər Təşkilatının üzvü olmasıdır. Necə düşünürsünüz, bu nə ilə bağlıdır? Bununla Müsavat gəncliyə daha etimad edərək və yenilənməyərək əvvəlki kursa davam deyir?
- Sözün doğrusu, mən bilmirəm kimlərin qurultay nümayəndəliyini namizədliyi keçib, kimlərin yox. Bu problem varsa, o da yəqin ki üzərində düşünülüb həll ediləsi narahatlıqdır. Amma ümumi götürdükdə, əlbəttə ki, gənclərin partiyada təmsilçiliyi də çox mühüm məsələdir. Ola bilsin gələcəkdə hətta bu məsələni "kollektiv təmsilçilik" deyilən bir yolla da həll etmək olar. Yəni gənclərə də yer verilməlidir.
- Artıq Müsavat Məclisinə keçirilən seçkilərin nəticələri də bəllidir. Nəticələri partiya üçün necə qiymətləndirərdiniz?
- Bunlar artıq partiyanın daxili məsələsidir. Bizim buna reaksiya verməyimiz etik olmaz.
- Yeni başqanın qarşıdakı fəaliyyətini necə görürsünüz?
- Mən ona uğurlar arzulayıram. Güman edirəm ki, hər halda Müsavatın mental dəyərlərinə söykənən demokratik xətt davam etdiriləcək. Əlbəttə ki, indi müsbət istiqamətdə də hər hansı dəyişikliklər olacaqsa, təbii ki, biz də buna sevinəcəyik.
- Qurultaydan sonrakı narazılıqlar baş vermiş 2 istefanın davamını gətirə bilərmi? Ümumiyyətlə, sizcə bu narazılıqlar hansı formada həllini tapa bilər?
- Kimlərinsə təşkilatdan getməsi yenə də onların öz hüquqlarıdır. Mən Müsavat Partiyasında böyük bir sarsıntı gözləmirəm.
- Son olaraq proseslə bağlı vermək istədiyin hər hansı mesajınız varsa, buyurunuz.
- Mən Müsavata ancaq uğurlar arzulayıram. Azərbaycan naminə, dövlətimiz, xalqımız və Azərbaycan insanı naminə uğurlu fəaliyyət arzulayıram ("Deyerler.org").






