“Ermənistanın daxilində vəziyyət ağırlaşdıqca işğalçı ölkənin siyasi-hərbi rəhbərliyi terroru genişləndirməyə çalışır. Gəncədə mülki əhalinin raketlərlə vurulmasında Ermənistan rəhbərliyinin məqsədlərdən biri erməni cəmiyyətinin qəzəbini azaltmaqdır”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Musavat.com-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, Azərbaycan ordusunun Qarabağda döyüş meydanındakı qələbələri, torpaqlarımızı azad etməsi Ermənistan cəmiyyətini öz hərbi-siyasi rəhbərliyinin üzərinə qaldırır:
“Ermənistanın siyasi-hərbi rəhbərliyi isə diqqəti yayındırmaq istəyir. Gəncəyə zərbə endirməklə Ermənistan hakimiyyəti öz xalqında kompensasiya təəssüratı yaratmağa çalışır. Həmçinin, Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycanın Ermənistana adekvat cavab verməsi və bundan sonra Rusiyanı prosesə cəlb eləmək üçün əsaslar yaratmaq istəyir”.
![]()
P.Hüseyn qeyd edib ki, Ermənistan ərazisindən hansı hərbi obyektdən mülki vətəndaşlarımıza, Gəncəyə və digər şəhərlərimizə zərbələr endirilirsə, həmin hərbi obyektlər Azərbaycanın zərbə endirməsi üçün legitim hərbi hədəflərdir:
“Azərbaycan hökuməti Ermənistanın müttəfiqinə də bunu bildirərək, cavab tədbirləri görməlidir. Beynəlxalq konvensiyalara görə, Azərbaycanın cavab tədbiri görməsinə tam hüququ var. Hansısa dövlət və ya qurum Gəncəyə, digər şəhərlərimizə, mülki əhaliyə raket atan hərbi obyektlərin zərərsizləşdirilməsinə mənfi münasibət bəsləyərsə, onlar da terrora, təcavüzə şərik tərəf kimi meydana çıxmış olacaqlar. Bunu onların nəzərinə çatdırmaq lazımdır”.
Pənah Hüseyn vurğulayıb ki, günahsız insan itkiləri nə qədər ürəyimizi ağrıtsa da, Azərbaycan sona qədər getməli və təcavüzkarı torpaqlarımızdan tamamilə çıxana qədər məhv etmək lazımdır: “Xalqımızın da mövqeyi məhz bu cürdür”.
Etibar Seyidağa,
Musavat.com






