İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənah Hüseyin: “Allah adı altında terror aktları törətmək özü ikiqat günah və cinayətdir”

1739 28.06.2014 20:32 Müsahibə A A

Son dönəmlər dünya gündəminin ən ciddi mövzusu İŞİD terrorudur. Təkfirçi-vəhabi ideoloji bazası üzərində qurulmuş bu qurum 21-ci əsrdə də tarixi cinayətlərinə sələfilik edir. Ölkə mətbuatında da əsas gündəm mövzularından biri olan İŞİD terroru davam etdikcə, narahatlıqlar da səngimir. Son günlərdə isə Azərbaycanda bu cinayətlərə bəraət qazandırmaq cəhdləri meydana gəlib. Mövzu ilə bağlı Azərbaycan Xalq Partiyasının (AXP) rəhbəri, sabiq baş nazir Pənah Hüseyin "Deyerler.org"un suallarını cavablandırıb:

- Hal-hazırda dünya gündəminin ən ciddi mövzusu İŞİD terrorudur. Təkfirçi-vəhabi ideoloji baza üzərində qurulmuş bu qurum 21-ci əsrdə də tarixi cinayətlərinə sələfilik edir. Bunu necə dəyərləndirirsiniz?

- Açıq-aydın bəşəriyyətə qarşı cinayət hadisələri baş verir. Bunu İŞİD-in özü tərəfindən yayılan video kadrlar da sübut edir. Dini mənsubiyyətindən, məzhəbindən və sairədən asılı olmayaraq bu şəkildə vəhşi terror insanda nifrət doğurmaya bilmir. Bütövlükdə isə bu terror bölgəyə və onun xalqlarına yayılacağı təqdirdə yenə çox ciddi bir təhlükə olacaqdır. Olduqca xoşa gəlməyən və narahat edən məsələ budur ki, İslam dini adı altında və İslam şüarları altında bu terror həyata keçirilir. Bunun da İslam dininə, İslam mədəniyyətinə və sivilizasiyasına, dünya müsəlman xalqlarına da böyük zərbə vurması da aydın məsələdir. İŞİD fenomeni həm də böyük fitnəkarlıq kimi qarşılanır. Normal insan onların bu hərəkətlərini, bu terroru təqdir edə bilməz. Təsadüfi deyil ki, öz dini əqidəsinə görə onlara yaxın olanlar da İŞİD-i açıq şəkildə  təqdir etmir.

- Azərbaycanda da sələfi liderləri İŞİD-in cinayətlərini birmənalı pisləmirlər. Onlardan biri “bilmək olmaz orada tam nə baş verir və kim haqlıdır. Allah üçün edibsə bir, başqa niyyətlə edibsə, bir başqa məsələdir” kimi fikirlər səsləndirib. Buna münasibətiniz? Niyə belə mövqe tuturlar?

- Bəzilərinin bizim KİV-lərdəki müsahibələrinə baxıram. Kim deməsindən asılı olmayaraq, bu cinayətlərin Allah adına edilməsi özü iki qat cinayətdir. Çünki Allah rəhimli və mərhəmətlidir və heç kim vəhşiliyi təqdir eləməz. Bütün müsəlman xalqları arasında bu cür fitnənin salınması ən böyük günahdır, ən böyük haramdır. Bu baxımdan mən güman eləmirəm ki, normal insan bunları təqdir eləsin. Bəşəriyyətə qarşı cinayətin təşkili özü bir cinayətdir. Hətta dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycanın da Cinayət Məcəlləsində bu hərəkətlər cinayət əməli kimi nəzərdə tutulub. Bu hərəkətləri hansısa formada təqdir edənlər, təşkil edənlər varsa, onlara qarşı müəyyən tədbirlərin də görülməsi təbiidir.

- Bu günlərdə yenə də sələfi liderlərindən biri bildirir ki, İŞİD-i və onun cinayətlərini çox şişirdiblər. Bu kimi dolayısı ilə bəraət qazandırmaq cəhdləri nə ilə bağlıdır?

- “Yeni Müsavat” qəzetində hal-hazırda ölkədə sələfi liderlərindən hesab olunan Qamət Süleymanovun müsahibəsini oxudum. Bu mənada mən də buna işarə etdim ki, İŞİD-in törətdiyi vəhşiliklər o qədər ciddidir ki, Q.Süleymanov bu cinayətlərin sələfilər tərəfindən törədilmədiyini iddia edir və onların Suriyadakı hərəkətlərinin də yanlış olduğunu deyir. Çox əlamətdardır ki, onun özü də İŞİD cinayətlərindən özlərini dolayı yolla kənara çəkmək istəyir. Bu mövzularda ikibaşlı mövqe tutmaq olmaz. Bunlar elə mövzulardır ki, istər dini, istər siyasi, istərsə də digər hansısa cəhətdən haqq qazandırılması mümkün deyil.

- Bu günlərdə yenə də sələfi liderlərindən biri ölkə əhalisinin çoxluğunu təşkil edən şiəliyə bağlı donos xarakterli çıxış edib. Bildirib ki, şiələr hər zaman zülmə qarşı mübarizə aparıblar, biz sələfilər isə buna qarşıyıq. Nədir bu?

- Bu onların yanaşma fəlsəfələridir və onların öz işidir. Zorakı və ya qeyri-zorakı yollarla zülmə qarşı çıxmaq insanlığın borcudur. Bu dünyada hakim bir baxışdır. Müsəlmançılıq da insana qarşı istər sosial, istər siyasi, istərsə də mənəvi zülmə qarşı çıxmağı borc hesab edir. Digər tərəfdən hətta adını zülmlə mübarizə də qoyub terror aktları törətmək, terror həyata keçirmək yenə qəbuledilməzdir. Bir çox regionlarda, məsələn, Rusiyada və bəzi ölkələrdə qeyd edilən cərəyanın nümayəndələri şiələri hakimiyyət orqanlarına qarşı çıxmamaqda, onlarla işbirliyində ittiham edirlər. İnsana edilən zülmə qarşı çıxmaq o qədər mühüm ideyadır ki, bundan vaz keçmək omaz.
Məlum açıqlamaya gəldikdə isə, bu bəyanat səmimi görünmür. Bir tərəfdən aydındır ki, İslam tarixində əməvilər hakimiyyətə gəldikdən sonra İslam fəlsəfəsinə zidd xəlifə adı altında dövlət başçıları meydana gəldi. Onlara qarşı çıxmağın qarşısını almaq üçün belə bir fəlsəfə meydana gəldi. İndiki bir sıra müsəlman ölkələrində də zalım rejimlər özlərinə qarşı etirazların qarşısını almaq üçün bu “fəlsəfə”dən istifadə edirlər. Müəyyən mənada da bu siyasi fəlsəfədir və onun konkret ünvanı da vardır. Məsələnin Azərbaycanda bu cür qoyuluşuna gəldikdə isə, biz istər şiələr, istərsə də İslamın digər məzhəbləri olsun, biz onlara qardaş kimi, bir dinin mənsubları kimi baxırıq. Bu baxımdan da burada yol verilən hədləri də  keçərək bir təriqət digərlərinin üzvlərini düşmən elan edirsə, dindən çıxmış elan edirsə, onların malını, canını, ailəsini halal bilirsə, bu, cinayətkar və bölücü hərəkətdir. Bu həm müsəlmançılığa ziddir, həm də Azərbaycan xalqının, dövlətin mənafelərinə ziddir. Bu cür fitnə salmaq cəhdlərinin qarşısı alınmalıdır. Buna beynəlxalq qanunların verdiyi imkanlar daxilində ciddi yanaşılmalıdır. Din və etiqad azadlığı xalqları, müxtəlif məzhəbləri bir-birinə düşürmək azadlığı deyil. Bu düşmənçilik ayrı-ayrı xalqlara və insanlara qarşı vuruşmaqdır. Sözün açığı, burada bu məsələlərə qarşı prinsipial şəkildə qarşı çıxmaq lazımdır. Xalqa da ikiüzlülük, riyakarlıq etmək laızm deyil, xalqdan həqiqəti gizlətmək, kimlərəsə qətiyyən aludə olmaq lazım deyil. Hesab edirəm ki, əgər bu məsələlər ciddi şəkildə diskussiya olsa, o zaman həqiqət olduğu kimi və ciddi şəkildə ortaya çıxar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR