İnsanlara hürriyət, millətlərə istiqlal!

PAYTAXTIN BÖYÜK KİNOTEATRLARI KİÇİK ÇAYXANALARA ÇEVRİLİB

2215 11.07.2009 08:30 Ölkə A A
Paytaxtdakı ən böyük kinoteatrlardan biri “Şuşa” kinoteatrıdır. O, 5 böyük zaldan ibarətdir. Kinoteatrın yay zalı da var. Bu mədəniyyət ocağı vaxtilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmirə dayandırılıb. Ancaq prezidentin məlum fərmanından sonra bu obyekt Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (indiki Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən özəlləşdirilib. “Şuşa”nın qara günləri də elə bundan sonra başlayıb. Əvvəlcə kinoteatr rumın mebellərinin satışı ilə məşğul olan bir sahibkara icarəyə verilib. Sonra ətrafı hasarlanaraq təmirə dayandırılıb. Ancaq kinoteatr binasında bir neçə oliqarxın gözü olduğu üçün təmir işləri qeyri-müəyyən səbəblərdən yarımçıq saxlanılıb.
Hazırda isə Atatürk prospektindəki parkın bir hissəsinin şəkilli lövhələrlə çəpərlənməsi nəticəsində “Şuşa” kinoteatrı da hasarlanan əraziyə daxil edilib. Bu ərazinin hakimiyyətin ciddi fiqurlarından biri tərəfindən xeyli ucuz qiymətə satın alındığı bildirilir. Gələcəkdə Atatürk prospekti boyunca yerləşən parkın yenidən qurulması planlaşdırıldığı üçün “Şuşa” kinoteatrının söküləcəyi nəzərdə tutulur. Hazırda isə kinoteatr binasının bir hissəsindən kafe kimi istifadə olunur.
Əhmədli qəsəbəsi, Sarayevo prospektində yerləşən “Bakı” kinoteatrında da vəziyyət ürəkaçan deyil. mədəniyyət ocağının binasının bir hissəsindən çayxana, digər hissələrindən isə mağaza, bilyard və kompüter salonu kimi istifadə olunur. “Bakı” da özəlləşdirilən mədəniyyət ocaqları siyahısına daxildir və bu bina da ayrı-ayrı sahibkarlara icarəyə verilib. Onlar da kinoteatr binasından öz məqsədləri üçün istifadə edir. Buna görə də “Bakı” kinoteatrı həddindən artıq bərbad və baxımsız vəziyyətdədir.
Buna baxmayaraq istirahət günlərində burada yerli və xarici filmlər nümayiş olunur. Əsasən sifarişlə göstərilən filmlər günorta saat 1-dən sonra nümayiş olunur. Biletlərin qiyməti də kinoya görə 50 qəpiklə 1 manat arasında dəyişir. Qiymətlər ucuz olsa da kinoya baxmağa gələnlərin sayı həddən artıq az olur.
“Təbriz” kinoteatrında da eyni vəziyyətdir. 1968-ci ildən fəaliyyət göstərən bu mədəniyyət ocağı da işbazların ixtiyarına verilib. Kinoteatrın nümayiş salonu 600 tamaşaçı üçün nəzərdə tutulub. Keçmiş adı “Sevinc”, indiki adı “Təbriz”dir. Amma əhali arasında hələ də “Sevinc” kinoteatrı kimi tanınır.
Bura da digərləri kimi sahibkarlar tərəfindən özəlləşdirilib. Kinoteatrın binasından çay evi, bilyard, kompüter və idman zalları kimi istifadə olunur. Kinoteatrda  demək olar ki, film nümayiş etdirilmir.
Şəhərin mərkəzində, Bülbül prospekti, 20 ünvanında yerləşən “Nizami” kinoteatrı 1940-ci il fevralın 1-dən fəaliyyət göstərir. Əsas fəaliyyət forması film nümayişidir. Kinoteatrda yerli və xarici kinolentlərin nümayişi ilə yanaşı kinofestivallar, kino günləri, Azərbaycan filmlərinin premyeraları, həmçinin yerli filmləri təbliğ edən kino axşamları və Azərbaycan kino ustalarının həyat və fəaliyyətinə həsr olunmuş yubiley tədbirləri keçirilir.
Amma artıq bir ilə yaxındır ki, “Nizami” kinoteatrında təmir işləri gedir və onun nə vaxt qurtaracağı heç kəsə məlum deyil.
Paytaxtın ən böyük kinoteatrlarından biri də “Dostluq” kinoteatrıdır. Sovet vaxtında Bakıda olan yay kinoteatrlarından biri olub. Mədəniyyət və Turizm Nazirliyinin balansında olan bu kinoteatrın aqibəti isə olduqca acınacaqlıdır. Bir-iki dəfə hasarlanan kinoteatrı sökməyə cəhd ediblər. Amma kinoteatr sökülməyərək icarəyə verilib.
Üstəlik buranın yay zalı üstündə sahibkarlar arasında çəkişmələr olub. “Dostluq” kinoteatrının direktoru Akif Babayev isə mətbuata açıqlamasında yay zalının qanunla onların balansında olduğunu və problemin onlarla Mədəniyyət və Turizm Nazirliyi arasında olduğunu söyləmişdi. Hazırda isə kinoteatrın vəziyyəti çox bərbaddır. Binanın, demək olar ki, hər yeri uçulub-tökülüb.
Sonda onu da deyək ki, Mədəniyyət və Turizm Nazirliyi kinoteatrların bərpa olunacağına hər il söz versə də bu istiqamətdə konkret heç bir addım atılmır. Elə bu səbəbdən artıq kinoteatrlar məhv olmaq üzrədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR