İnsanlara hürriyət, millətlərə istiqlal!

Pasportunu göstər, deyim, kimsən..

1869 28.02.2016 11:48 Yazarlar A A
Bu günlərdə xarici media orqanlarından birində dünya ölkələrinin pasportları haqqında bir araşdırma oxudum. Araşdırmada deyilirdi ki, dünyadakı ən zəif, ən işləksiz pasport əfqan pasportudur, ən güclüsü də alman. 

Sən demə, Şimali Koreya pasportu belə, əfqan pasportundan daha yaxşıdır, hətta onların Sinqapur, Malayziya, Qırğızıstan və s. kimi bir neçə ölkəyə vizasız gediş-gəliş imkanları var. Ümumiyyətlə, Əfqanıstan adı mənə sonsuz bəlanın, heç bitməyəcək faciələrin rəmzi kimi gəlir. İndi də ölkənin xəritəsini gözümün önünə gətirəndə üzərini qaranlıq görürəm. Əfqanıstan gələcəksiz ölkədir, bu ölkə haqqında yaxın əlli, bəlkə də yüz il üçün, hər hansı ümidverici bir şey söyləmək mümkün deyil.

Bu pasport məsələsi bizim də yaralı yerimizdir, çünki bizim pasportun da elə sən deyən bir işə yaradığı yoxdur. Keçən il Polşadan Ukraynaya keçəndə avtobusdakı hər kəs pasportunu çıxartdı ki, kontrola göstərsin. İki fransız, iki ukraynalı, iki ispan, bir polyak.. Hamısı bir-birinin pasportunu maraqla aldı, baxdı, bircəciyi demədi ki, bəs burda bir azərbaycanlı var, dünyada Azərbaycan adlı bir ölkə də var, bunun pasportunu da alaq, sevinsin. Qaldım yetim çörəyə baxan kimi baxa-baxa.. 

Keçən dəfə də bir ingilislə söhbətimiz oldu. Soruşdu ki, sizdə dövlət necə idarə olunur, dedim, necə idarə olunacaq, avtoritarizmdir. Dedi, demokratiya dünyanın harasında var? Sonra da başladı gic-gic mason söhbətləri eləməyə, axırda da qosqoca İngiltərəni gətirdi bağladı Rusiyaya ki, bəs İngiltərə də, Rusiya da eyni tipli ölkələrdir. Məlumat üçün deyim ki, İngiltərə pasport gücünə görə həmişə birinci sırada olub. Day demədim, Tanrına şıllaq atma, ay ingilis, get şükür elə, səhər-axşam nəzir ver ki, İngiltərə vətəndaşısan. 

Beynəlxalq aləmdə, xüsusən də insanlararası münasibətlərdə pasportun çox önəmi var. Pasport əslində vətəndaşın gücüdür, onun öz ölkəsinin taleyindəki rolunun göstəricisidir. Vətəndaşı zəif olan ölkənin pasportu bizimki kimi olur, bir-iki postsovet ölkəsinə gedə bilirik, məcburuq Avropanın səfirliklərinin qabağında saatlarla növbə gözləyək. Yeri gəlmişkən, bizim bəyənmədiyimiz Gürcüstan artıq Avropaya vizasız giriş imkanı əldə edib. Şəhərlərinə kasıb, əhalisinə də yoxsul dediyimiz Gürcüstan.. Demək ki, ölkə olmaq əslində "Atletiko Madrid"ə "Land of Fire" yazısı üçün iyirmi milyon vermək deyil. İlk növbədə vətəndaşın sahib olduğu hüquqlar və imkanlar önəmlidir. Biz addım-addım Avropadan, modern dünyadan uzaqlaşırıq, gürcülər, ukraynalılar yaxınlaşırlar. Bir də ayılıb görəcəyik ki, postsovet ölkələrinin hamısı azad olub, bizdən başqa.. 

Nəysə, hər dəfə pasportdan söz düşəndə yadıma Əbdürrəhim bəy Haqverdiyevin "Həmşəri pasportu" hekayəsi düşür. Hekayənin qısa xülasəsi belədir: bir azərbaycanlı eşidir ki, bəs İranda istədiyin qədər pasport almaq olar, gedir İrana, on dənə pasport alır. Sonra həmin pasportları da götürür, gedir bir-bir Rusiyanın şəhərlərini gəzməyə. Hər şəhərə gedib deyir ki, bəs mən müsəlman idim, indi keçmişəm sizin dinə, provaslav olmuşam. Bunu eşidən ruslar deyirlər, bəs pasportun hanı. Bu da hər dəfə birini göstərir, başlayırlar bunun başına pul yağdırmağa. Xülasə, adam şəhər-şəhər gəzərək bu minvalla xeyli pul toplayır. 

Barı bizim pasportun heç olmasa belə bir imkanı olsa idi... 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR