Rəsmi İrəvan çox danışmaq, hay-küy salmaq əvəzinə, Ermənistan ordusunun Azərbaycan ərazilərindən dərhal çıxarılması üçün tələsməlidir... Əks halda, ortalıqda nə Paşinyan hakimiyyəti, nə də Rusiya və KTMT-na ümid bəsləyən Ermənistan adlı qondarma dövlət qalmaya bilər...
Cənubi Qafqaz bütün dünyanın diqqət mərkəzindədir. Hazırda bu region əsl savaş poliqonuna çevrilib. Hərbi əməliyyatlar hər ötən gün daha da intensiv xarakter almaqdadır.
Təbii ki, Cənubi Qafqazın savaş poliqonuna çevrilməsinin müəyyən səbəbləri olmaqla yanaşı, konkret günahkarı da var. Belə ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu 30 ilə yaxındır ki, işğal altında saxlayır. Və Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ, eləcə də ona bitişik yeddi rayon Azərbaycan ərazisinin nə az, nə çox düz 20 faizi qədərdir.
![]()
Bu ərazidə hazırda işğalçı Ermənistanın hərbi qüvvələri yerləşdirilib və oradan çıxmaq niyyəti də yoxdur. Arxada qalan 30 il ərzində ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilən sülh danışıqları prosesindəsə, irəliyə doğru bir addım belə, atılmayıb. Hətta ortada hər hansı bir irəliləyiş varsa, onun ölçüsü ən yaxşı halda, dəvədə qulaq qədər ola bilər.
Yeganə səbəb də işğalçı Ermənistanın sülh danışıqları prosesində qeyri-konstruktiv mövqe tutmasıdır. Çünki rəsmi İrəvan öz pozucu mövqeyi ilə sülh danışıqları prosesini artıq çoxdan dalana dirəyib. Bu səbəbdən də, artıq heç kəs ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi Minsk Qrupunun bu münaqişənin ədalətli həllinə nail ola biləcəyinə qətiyyən inanmır. Və rəsmi İrəvanın davranışları sülh danışıqları prosesini tamamilə əhəmiyyətdən salıb.
Bütün bunlar azmış kimi Ermənistan işğal altında saxladığı ərazilərdən mütamadi olaraq, avantürist hərbi təxribatlar törətdir, Azərbaycanın yaşayış məntəqələrini daim təhdid edir. Bununla da qoşunların təmas xəttinə yaxın ərazilərdə mülki əhalinin yaşayış şərtlərini dözülməz həddə çatdırır.
Təbii ki, bir tərəfdən Minsk Qrupu həmsədrlərinin ikilistandrtlara dayalı uğursuz fəaliyyəti nəticəsində sülh danışıqlarının dalana dirənməsi, digər tərəfdənsə, Ermənistanın hərbi təxribatlarının mülki əhalini təhdid etməsi Azərbaycanın səbrini sona çatdırmaqdaydı. Və rəsmi Bakı növbəti hərbi təxribata sərt, sarsıdıcı zərbə ilə cavab verəcəyini qətiyyən gizlətmirdi.
![]()
Ancaq Paşinyan hakimiyyəti rəsmi Bakının bu xəbərdarlıqlarına məhəl qoymadı və növbəti hərbi təxribata əl atdı. Ermənistan sentyabrın 27-də, saat 06.00 radələrində Azərbaycanın yaşayış məntəqələrini ağır silahlardan atəşə tutdu. Və mülki əhali arasında itkilərə səbəb oldu.
Nəticədə rəsmi Bakı Azərbaycan ordusuna bütün cəbhə xətti üzrə əks-hücum əmri verdi və münaqişə tərəfləri arasında savaş vəziyyəti yarandı. Azərbaycanın hərbi əməliyyatlarının ilk üç günü ərzində Ermənistan ordusunun ağır itkilərə məruz qaldığı artıq heç kəsə sirr deyil. Belə ki, son məlumatlara görə, Ermənistan ordusu sayı minlərlə hesablanan canlı qüvvə və ümumi təxminən minə yaxın müxtəlif təyinatlı hərbi texnika itirdi.
İndi aydınlaşır ki, sən demə, Paşinyan hakimiyyəti Azərbaycanın belə ağır və sarsıdıcı zərbə ilə cavab verə biləcəyinə ehtimal vermirmiş. Üstəlik, həmsədrlərin – ABŞ, Rusiya və Fransanın savaş poliqonunda baş verənlərə dərhal müdaxilə edib, atəşkəsə nail olacağını düşünürmüş.
Ancaq Paşinyan hakimiyyətinin hesablamaları yanlış çıxdı. Rəsmi İrəvanın vərdiş etdiyi ənənəvi cəzasızlıq modeli bu dəfə işə yaramadı. Azərbaycan Prezidenti İlham Əliyev “Ermənistan Azərbaycana qarşı hərbi təxribat törətsə, sərt şəkildə cəzalandırılacaq” dedi və sözünün üstündə durdu. Hazırda Azərbaycan Ermənistanı sözün əsl mənasında, savaş meydanında “kötəkləyərək”, cəzalandırır.
![]()
Savaş poliqonunda ardıcıl zərbələr alan, hərbi-psixoloji cəhətdən məğlum duruma düşən Ermənistanın isə gücü yalnız hay-küy salamağa, özünün ənənəvi himayədarlarına şikayət etməyə çatır. Belə ki, Paşinyan hakimiyyəti son günlər Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını və sülh danışıqlarının bərpasının vacibliyini qabartmağa çalışır.
Ancaq artıq çox gecdir. Sülh danışıqları istəyən onu pozmazdı və israrla avantürist hərbi təxribatlara əl atmazdı. Paşinyan hakimiyyəti savaşın başladılmasına səbəb verməklə, Ermənistanı çıxılmaz vəziyyətə salıb.
Məsələ ondadır ki, rəsmi Bakının başladığı işi yarımçıq buraxmaq kimi bir niyyəti qətiyyən müşahidə edilmir. Əksinə hazırda, rəsmi Bakı hərbi əməliyyatları Azərbaycanın ərazi bütövlüyünün bərpasına qədər davam edirməkdə tamamilə qərarlı görünür.
Çünki Paşinyan hakimiyyətindən fərqli olaraq, Bakıda çox gözəl anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları vasitəsilə həll variantı mövcud deyil. Əksinə, bu problemin yeganı həlli yolu kimi, məhz hərbi əməliyyatlar qalıb.
![]()
Eyni zamanda, əgər kimsə, “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil” deyirsə, əmin olun ki, onun savaş meydanında gücü yoxdur. Atəşkəsə və sülh danışıqlarının bərpa edilməsinə nail olub, döyüş meydanından bir an öncə qaçmağa çalışır.
Ancaq anlaşılan odur ki, rəsmi Bakı bu dəfə Ermənistana savaş meydanından qaçmaq imkanı tanımaq niyyətində deyil. Və Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında nizamlanmayana qədər hərbi əməliyyatları dayandırıb, atəşkəs elan etməyə hazırlaşmır.
Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə prinsipial mövqe tutmaqdadır. Dövlət başçısı bəyan edib ki, "Ermənistan hökuməti şərtimə əməl edərsə, döyüşlər dayanacaq".
Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin şərti qətiyyən qəliz deyil və olduqca ədalətlidir: “Hələ ki, gec deyil. Mən bir daha demək istəyirəm ki, Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki, indi müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç bir dövləti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bu, bizim tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından da bu, bizim torpağımızdır".
![]()
Göründüyü kimi, haqlı və qətiyyətli tələbdir. Paşinyan hakimiyyəti beynəlxalq ictimaiyyətə yalvararaq, atəşkəsə nail olmağa çalışmaqdansa, Azərbaycan Prezidentinin konkret şərtinə əməl etmək barədə düşünsə, daha doğru olar. Əks halda, Ermənistanı daha ağır mərhələnin gözləyə biləcəyi savaş meydanında baş verənlərdən də açıq-aşkar məlum olmaqdadır.
Paşinyan hakimiyyəti artıq anlamalıdır ki, bu dəfə Rusiya onun harayına çatmağa o qədər də həvəsli deyil. Hər halda, rəsmi İrəvan prezident Vladimir Putinin “Rusiya başqa dövlətlərin daxili işlərinə qarışmır” açıqlamasına diqqətlə yanaşmalıdır. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğu üçün hərbi əməliyyatlar da məhz Azərbaycan ərazisində aparılır. Paşinyan hakimiyyəti də heç olmasa, Rusiya prezidentinin açıqlamasından da anlamalıdır ki, işğal altındakı ərazilərdə aparılan hərbi əməliyyatlar Azərbaycanın daxili işidir.
Ona görə də, hazırda Paşinyan hakimiyyətinin qarşısında seçmək üçün iki taleyüklü variant var. Yəni, rəsmi İrəvan çox danışmaq, hay-küy salmaq əvəzinə, Ermənistan ordusunun Azərbaycan ərazilərindən dərhal çıxarılması üçün tələsməlidir. Əks halda, ortalıqda nə Paşinyan hakimiyyəti, nə də Rusiya və KTMT-na ümid bəsləyən Ermənistan adlı qondarma dövlət qalmaya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()






