İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “xəritə” hiyləsi - Qərbə, yoxsa Rusiyaya mesaj verir...

2576 02.11.2023 10:55 Siyasət A A

Nikol Paşinyan özünü və ölkəsini düşdüyü böhran vəziyyətindən çıxarmaq üçün çabalar göstərsə də, buna nail ola bilmir. Düzdür, o vaxtaşırı müxtəlif planlarından danışır, müəyyən təkliflərini açıqlayır. Ancaq maraqlıdır ki, ölkəsində bunları istənilən halda tənqid edir və onu bütün proseslərdə “xəyanətkar” elan edirlər. Bunu əksər siyasi dairələr birlikdə reallaşdırır.

O da sirr deyil ki, Paşinyan hazırda Qərblə Rusiya arasında oynamağa çalışır, özünü manevr etmiş kimi göstərir. Ancaq məsələ bundan ibarətdir ki, “Soros uşaqları”ndan olan Nikol birmənalı olaraq Qərbin təlimatlarından kənara çıxa bilmir. Onun Ermənistanın xilası naminə müzakirəyə verdiyi “sülhün kəsişməsi xəritə”si də ciddi şübhələr yaradır. Erməni ekspertlər Paşinyanın bu layihəsini artıq Ermənistanı Türkiyə və Azərbaycandan əbədi asılı vəziyyətə salmaq cəhdi kimi qiymətləndirirlər. Yəni deyirlər ki, Ermənistanın xilası üçün ortaya atılan bu layihə onları iki türk dövlətinin nəzarətində qalmağa vadar edəcək. Erməni hüquq müdafiəçisi Avetik İxşanyan isə iddia edir ki, bu layihə reallaşarsa, Ermənistan iqtisadiyyatı 100 faiz Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək.

“Əgər Paşinyanın göstərdiyi xəritə icra olunarsa, qısa zamanda Ermənistan iqtisadiyyatı Azərbaycan və Türkiyə iqtisadiyyatından asılı olacaq və 100 faiz dağılacaq. Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək. Zamanla Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi, daha sonra siyasi nəzarətinə keçəcək”, - İxşanyan iddia edib.

Erməni ekspert Karen İgityan da iddia edir ki, bu layihədən Azərbaycan və Türkiyə daha çox qazanc əldə edəcək. Əslində isə sözügedən layihə heç də pozitiv hesab oluna bilməz. Çünki Paşinyanın bu layihəsi de-fakto Zəngəzurdan dəhliz verməyin qarşısını almağa, əvəzində sadələşdirilmiş rejimlə kommunikasiyanın açılmasına nail olmağa yönəlib. Siyasi nöqteyi-nəzərdən isə Paşinyanın bu layihəsinin Qərbdə Rusiyaya qarşı hazırlanmış bir plan olması iddiası da var. Yəni bu, Rusiyanın Cənubi Qafqazda, konkret Ermənistanda təsirlərinin azaldılmasına növbəti cəhd kimi də başa düşülə bilər. Ümumiyyətlə, Paşinyan niyə real işlər görmək əvəzinə, utopik ideyalarla çıxış edir? Bununla vəziyyəti mürəkkəbləşdirməyə və hansı dividentləri götürməyə cəhd edir? Bu layihə real görünmürsə, hansı hiylə ilə ortaya atılır?

Rəşad Bayramov: “Azərbaycan nümayəndə heyəti 2016-cı ildə İranda təzyiq  altındamı olub?” » Ovqat.com

Rəşad Bayramov: “Onun təqdim etdiyi xəritə reallıqdan daha çox arzular üzərində qurulub”

 

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov erməni baş nazirin “xəritəsi”nə Ermənistanın arzuları kimi baxır: “Tiflisdə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan, Azərbaycan, İran və Türkiyə ilə nəqliyyat kommunikasiyalarının inkişafını nəzərdə tutan "sülhün kəsişməsi xəritəsi"ni təqdim etməklə əslində bölgədə kommunikasiyaların inkişafında Ermənistanın rolunu qabartmağa çalışdı. Amma onun təqdim etdiyi xəritə reallıqdan daha çox arzular üzərində qurulub. Yəni başqa sözlə, Paşinyanın layihəsinə, sadəcə, Ermənistanın arzuları kimi baxmaq lazımdır.

Ermənistanın əsas şərti odur ki, “bütün infrastruktur, o cümlədən avtomobil yolları, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərsin”. İkincisi, “hər bir ölkə öz dövlət orqanları vasitəsilə öz ərazisində sərhəd və gömrük nəzarətini həyata keçirsin, həmçinin infrastrukturun təhlükəsizliyini, o cümlədən malların, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin etsin”. Və nəhayət, “bütün ölkələr bir-birinin infrastrukturundan bərabər və qarşılıqlı şəkildə istifadə etsin. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan isə gələcəkdə Ermənistanın Azərbaycan qazını ala biləcəyi və hətta onun Avropaya nəqli üçün tranzit məntəqəsi kimi çıxış edə biləcəyi barədə fərziyyə də irəli sürüb.

Bütün bunlar ilk baxışdan gözəl səslənir, lakin bu, yalnız o halda işləyə bilər ki, Ermənistan Azərbaycan, Rusiya və Türkiyə tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilsin. Bu ölkənin indiki durumunda isə onun bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməsi mümkün deyil. Birincisi, ona görə ki, Ermənistan bu gün dörd sərhədindən yalnız ikisi açıq olan bir dalana dirənib. İkincisi, Ermənistan dəmir yolları hazırda Rusiya dəmir yolları strukturunun bir hissəsi kimi fəaliyyət göstərdiyindən və Ermənistanın İranla sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunduğundan rəsmi İrəvanın hansı şərtlərlə çıxış etməsi faktiki olaraq qəbuledilən deyil.

Bizim üçün məqbul olanı isə sadəcə tranzit marşrutu yox, İrəvanın birbaşa nəzarəti olmayan tranzit marşrutunun təmin edilməsidir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistandan keçən marşrutun “Bakı üçün cəlbediciliyini itirdiyini” və əvəzində İran vasitəsilə həyata keçirilə biləcəyini deməsi də bu baxımdan təsadüfi hesab olunmamalıdır. Rəsmi Bakının bu mövqedən çıxış etməsi Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Belə ki, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinə ehtiyacı qalmayan, ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş, dünyanın tanıdığı sərhədləri çərçivəsində artıq möhkəmlənmiş Azərbaycan, prinsipcə, İrəvanla sülh müqaviləsindən imtina da edə bilər. Onda Ermənistanda vəziyyət tamamilə acınacaqlı olacaq: nəqliyyat kommunikasiyaları yoxdur, Rusiya ilə münasibətlər korlanıb, dalan dövlət olaraq Qərbin maliyyə dəstəyi ilə uzun müddət ayaqda qalmaq da mümkünsüzdür.

Bu şəraitdə İrəvanın edə biləcəyi yeganə şey Gürcüstan və İranla əlaqələri gücləndirməkdir. Paşinyanın Ermənistanı Qərb üçün platsdarma çevirmə, eləcə də İran üçün potensial təhlükə hesab olunan ayrı-ayrı dövlətlərin bölgəyə gətirilməsi cəhdlərini nəzərə alsaq, rəsmi Tehranın da Ermənistanla münasibətlərdə problemlər yaşayacağını deyə bilərik.

Bütün bunları nəzərə aldıqda Paşinyanın vəziyyəti mürəkkəbləşdirməklə hansı dividentləri götürməyə cəhd etməsi faktiki olaraq mümkünsüz görünür. Rəsmi İrəvan üçün indi ən məqbul olan hansısa şərtlərlə çıxış etmək yox, ölkəsini düşdüyü durumdan çıxarmaq üçün Azərbaycanın şərtlərini qəbul etməkdən ibarətdir".

 

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı: “Bu kontekstdə Moskvanın İrəvana təzyiqi artacaq”

Siyasi analitik Asif Nərimanlı bu cür təkliflərlə Ermənistanın çıxış yolları axtardığını düşünür: “Ermənistan Zəngəzurdan dəhliz vermək istəmədiyini açıq şəkildə bəyan edib, lakin bu dirənişdən ən çox özlərinin itirəcəyini də anlayırlar. Çünki Azərbaycan və Türkiyə İran marşrutundan istifadə etmək qərarına gəlib, Tehranla bu istiqamətdə razılaşma da var. Bu halda Ermənistan regional kommunikasiyaların açılmasından kənarda qalacaq, həm də Türkiyə ilə sərhədin açılması imkanını itirəcəklər. Bu isə "dalan ölkə" olaraq qalmaq deməkdir. Bunu İrəvan anlayır, buna görə də həm dəhliz - 10 noyabr razılaşmasına uyğun olaraq maneəsiz keçid verməmək, həm də regional kommunikasiyanın açılmasına nail olmaq üçün belə bir təklif irəli sürürlər. Bu layihəni Qərb də dəstəkləyir, lakin Zəngəzur dəhlizinə nəzarət etmək istəyən Rusiyanın planına uyğun deyil. Belə vəziyyətdə problemlərin regional müstəvidə həlli prinsipi sual altına düşür və anlaşmaları çətinləşdirir. Ermənistan da anlayır ki, bu layihəsinin qəbul edilməsi çətindir, lakin dəhliz məsələsini arxa plana keçirmək üçün “sülhün kəsişməsi” adlı təkliflə çıxış etməklə həll yollarını da axtarır. Fikrimcə, bu məsələ İrəvan və Moskvanın probleminə çevriləcək, çünki Azərbaycan kommunikasiyaların açılması istiqamətində üzərinə düşən hər şeyi edir, məsələnin 10 noyabr razılaşmasına uyğun həll edilib-edilməməsi artıq Rusiyanın problemidir. Bu kontekstdə Moskvanın İrəvana təzyiqi artacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR