İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın üç prezidentə zənginin səbəbi - YENİ HİYLƏ...

1633 18.03.2025 09:41 Siyasət A A

Baş nazir Putin və Pezeşkianla danışıb ən sonda Makronla əlaqə saxladı; ekspertlər deyir ki...

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidentindən sonra İran Prezidenti Məsud Pezeşkiana da zəng edib və Bakı ilə İrəvan arasında saziş bağlanması ilə bağlı danışıqların başa çatdığını bildirib. Ardınca erməni baş nazir Fransa prezidenti Emmanuel Makrona da zəng edib, bu danışıqlar barədə onu məlumatlandırmağı unutmayıb.

Maraqlıdır, Paşinyan Putinə və Pezeşkiana, ardınca da Fransa rəhbərinə bu razılaşma haqda məruzə etməyi niyə zəruri sayıb? Nədən Putindən sonra Makrona yox, İran prezidentinə telefon açıb? Bəlkə sülh sənədini qısa müddətdə imzalamaq istəyir? Ancaq Azərbaycan tərəfi bundan ötrü haqlı olaraq, Ermənistan Konstitusiyasında müvafiq dəyişiklik olunmasını tələb edir. Bununla İrəvan Bakıya təzyiq göstərə biləcəyinimi düşünür? Bu il heç olmasa, çərçivə sazişi imzalana bilərmi?

Xatırladaq ki, Paşinyan 44 günlük müharibə zamanı da əksər liderlərə zəng edirdi ki, savaşı dayandırmağa nail olsunlar. Prezident İlham Əliyev o zaman buna ironik reaksiya verərək demişdi ki, erməni baş nazir bircə şamanlara ağız açmayıb. İndi də sülh prosesində hamıya zəng etməyə başlayıb.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, erməni tərəfi ənənəvi hiyləsinə əl ata bilər: “Ermənistan tələm-tələsik sülh sazişinin imzalanmasının tərəfdarıdır. Buna görə də işğalçı ölkənin baş naziri Nikol Paşinyan əl-ayağa düşüb. Nikol Vovayeviç 2026-cı ildə baş tutacaq seçkilərə hazırlaşır. Ona görə də seçicilərinin qarşısına əliboş çıxmaq istəmir. Çünki xalq ondan 8 ilin nəticələrini istəyəcək. Amma Azərbaycan tərəfinin şərtləri də ortadadır və aydındır: Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Bunun üçün mövcud konstitusiyaya dəyişikliklər edilməlidir. Referendumun konkret vaxtı təyin olunmalıdır və məsələyə birdəfəlik yekun vurulmalıdır”.

S.Əliyevanın fikrincə, Paşinyan liderlərə zəng edərək sülhə hazır olduğunu dilə gətirir ki, bununla Azərbaycanı təzyiq altına alacağını düşünür: “Bəli, sülh sazişi üçün razılaşdırılmayan iki bənd üzrə də razılıq əldə olunub. Amma ərazi iddiaları məsələsi rəsmi həllini tapmayıb. Üstəlik, Ermənistan son iki-üç gün ərzində bir neçə dəfə ərazilərimizə qarşı təxribatlar törədib. Nəticədə hər an əldə olunmuş razılaşmalar zədələnə bilər. Düşünürəm ki, Ermənistanın baş naziri sülh sazişinə tələm-tələsik yekun vurmaqla həm də Qərbdəki havadarları önündə də hesabat vermək istəyir. Bütün bunlar onu deməyə əsas verir ki, İrəvan 37 illik münaqişənin tarixə qovuşmasında da səmimi deyil. Sülh istəyən ölkə cəbhə xəttində atəşkəsi pozmaz, sərhəddə mühəndis-istehkam prosesləri aparmaz, ən əsası, Azərbaycanla sərhəddə əlavə qoşun hissələri göndərməz. Bütün bunlar onu deməyə əsas verir ki, İrəvan qarşıdakı təxribatlar öncəsi özünü təmizə çıxarmaq üçün "sağlam bünövrə" hazırlayır".

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

 Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə,  Ermənistan sülh sazişi məsələsində səmimi görünmür: “Sülh sazişinin mətninin üzərində aparılan danışıqların yekunlaşması müsbət hal olsa da, İrəvanın həqiqi sülhə nail olmaq istəyi inandırıcı deyil. Əvvəla, mətn razılaşdırılsa da, Paşinyan hökuməti Azərbaycanın konstitusiya dəyişiklikləri ilə bağlı əsas haqlı tələblərini icra etməkdən yayınır. İki ölkə arasında şərti sərhədlərin demarkasiya və delimitasıya prosesini ləngidir, Avropa İttifaqının müşahidə missiyasının mandatını birtərəfli qaydada uzadaraq ölkəmizə qarşı casusluq fəaliyyətinə şərait yaradır, mövqelərimizi atəşə tutur. Eyni zamanda sürətlə silahlanır. Hindistandan, Fransa və digər ölkələrdən hücum silahları alır. Ermənistanın Azərbaycanla hətta sülh sazişi bağlaması onun təcavüzkar siyasətindən tam imtinası anlamını verməyəcək. 44 günlük müharibədə olduğu kimi erməni baş nazir mətnin tam razılaşdırılması ilə bağlı da zəng etmədiyi dövlət başçısı qalmayıb”.

Ekspertə görə, əgər o, müstəqil siyasət yürütmək qabiliyyətində olsaydı, Tehrana və Moskvaya zəngini regional maraqlar baxımından diplomatik qayda kimi haradasa anlamaq olardı: “Fransa regiondan çox uzaqdır və onun burada yeri yoxdur. Paşinyan sadəcə razılaşma ilə bağlı, zənnimcə, həmin paytaxtlara məlumat verməyib. O, növbəti məkrli planlarının koordinasiyası barədə məsləhətləşib və müvafiq tapşırıqlar alıb. Eyni zamanda Azərbaycana təzyiqlər edilməsi üçün xahişlərin edilməsi də istisna deyil. Çünki sülh sazişinin bağlanması şərtlərini İrəvan qəbul etməkdən yayınır. Həm konstitusiyada təsbit olunanlar, həm də sərhədlərin demarkasiya və delimitasiyası imzalanacaq sülh sazişinin etibarlı və dayanıqlı olacağına ciddi təhlükələr yaradır”. Ə.Orucov hesab edir ki, Zəngəzur dəhlizinin hələ də açılmaması, qərbi azərbaycanlıların öz yurd-yuvalarına ləyaqətli şəkildə qayıtması kimi məsələlər də açıq qalır. Onun fikrincə, həmçinin Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları həllini tapmayıb: “Yəni sülhə mane olan və onun hər an pozulmasına gətirib çıxaracaq faktorlar aradan qaldırılmayıb. Ermənistana qalıcı və daimi sülh yox, formal və müvəqqəti sülh lazımdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR