İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın növbəti hoqqası: “Cənubi Qafqaz Avropa Birliyidir...”

883 09.02.2024 12:12 Siyasət A A

Ermənistan lideri Qərbin regiona yerləşdiyini açıqlayıb və Kremlə eyham vurub; ekspert isə bu açıqlamanı daxili auditoriyaya hesablanmış mesaj hesab edir

“Cənubi Qafqaz mahiyyətcə Avropa Birliyinin (AB) regionudur”. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı”nda deyib. “Regionumuzda çox mühüm dəyişikliklər baş verib, daha doğrusu, Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün rəsmi namizəd statusu alıb. Bizim iki qonşumuz bu statusa malikdir (o cümlədən Türkiyə). 

Əgər biz əvvəllər deyirdik ki, "AB haradadır, bizim regionumuz haradadır?", indi AB əslində və mahiyyət etibarilə bizim regionumuzdur. Biz bunu nəzərə almalıyıq", - deyə o qeyd edib. Ermənistan hökumətinin başçısı bu fikirləri Aİ-nin regionda yerləşməsinə işarə edib. Gürcüstan və Türkiyənin üzvlüyə namizəd olması ilə yanaşı, Ermənistan sərhədlərində AB-nin mülki missiyası yerləşib, patrul xidməti genişlənməkdədir. Habelə, Paşinyan hökuməti ümid edir ki, gələcəkdə ölkəsi də AB-yə üzvlük üçün namizəd statusu qazana bilər. Eyni zamanda Ermənistanla bu qurum arasında ticarət dövriyyəsi artıb. Ötən il Ermənistanın Fransa ilə ticarət dövriyyəsi 53%, Almaniya ilə 40%, Hollandiya ilə 44% artıb. Ümumilikdə 9 ay ərzində Aİ ilə ticarət dövriyyəsi 40% artaraq 2,1 mlrd. dollara çatıb. Beləliklə, Aİ Ermənistanın Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşı olub.

Həmçinin AB bu ölkəyə 2.5 milyard avro vəd edib. Avropa İttifaqı (Aİ) Ermənistana hərbi-texniki missiya göndərəcək. Avropa Parlamentində Paşinyanın ayaqüstə alqışlanmasını da xatırlasaq, deyə bilərik ki, Qərb Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməyə cəhd edir. Tərəflər arasındakı münasibətlərin təməli 2017-ci ildə imzalanmış Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişidir. Ancaq Kreml bütün bunlara sərt cavab verir. Hətta rəsmi Moskva açıq surətdə bəyan edir ki, Aİ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Lakin buna nail olmaq elə asan deyil. Rusiyanın həm regionda, həm Ermənistanın özündə ciddi təsir imkanları mövcuddur. Gürcüstan Aİ-yə namizəd statusu əldə etsə də, Rusiya ilə əlaqələri xeyli dərəcədə kövrək, ehtiyatlıdır. O baxımdan Ermənistanın baş nazirinin dediklərinə nə qədər həqiqət payı var? Paşinyan bu bəyanatla Qərbə meyl edən Ermənistanın regionda tək olmadığını demək istəyib, yoxsa ölkəsinin strateji kursuna eyham vurub? Ümumiyyətlə, Ermənistanın Aİ-yə yaxınlaşması onun üzvlüyünə qədər gətirib çıxara bilərmi? Rusiya buna göz yumacaqmı?

“Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə KTMT-dəki işlərin vəziyyətini müzakirə etməyə çağırır”. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA-ya müsahibəsində deyib. Diplomat qeyd edib ki, hər kəs KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi səmərəliliyinin daha da təkmilləşdirilməsində maraqlıdır. “Təbii ki, buna Ermənistanın tezliklə təşkilat daxilində normal və tam hüquqlu işinə qayıtması kömək edəcək. Təəssüf ki, erməni müttəfiqlərimiz indiyə qədər həqiqətən də ondan uzaqlaşıblar”, - Pankin vurğulayıb. Göründüyü kimi, Rusiya-Ermənistan qopması davam edir. “Yeni Müsavat”a danışan politoloq Murad Sadəddinov hesab edir ki, Paşinyanın fikirləri Rusiyaya mesaj deyil. Onun fikrincə, erməni baş nazir öz elektoratına mövqeyini nümayiş etdirib: “Hökumət başçısı daxili auditoriyaya Avropa Birliyinə yaxın olduğunu nümayiş etdirir. Çünki onun rəqibləri ruspərəst qüvvələrdir. Paşinyan öz elektoratını gücləndirmək üçün Qərbə inteqrasiya təbliğatını gücləndirir”. Ekspertə görə, Paşinyan xalqa Qərblə Rusiyanın fərqini təqdim edir: “Demək istəyir ki, mən sizi Avropaya, inkişafa aparıram, müxalifət gəlsə, Ermənistan yenidən Rusiyanın qucağına qayıdacaq. Digər tərəfdən, Rusiyanın Ukraynada zəifləməsi faktoru var. Sözdə Rusiyadır, işdə əvvəlki deyil. Ona görə Ermənistanı cəzalandırmaq üçün əvvəlki imkanları qalmayıb. Bundan sonra rəsmi İrəvan istifadə etməyə çalışır. Ermənistanda antirus əhval-ruhiyyəsi gücləndiyi üçün Paşinyan Avropa İttifaqının bölgədə olduğu barədə mesajlar verməyə başlayıb”.

Məhəmməd Əsədullazadə: “Azərbaycan Brüsselin vasitəçiliyindən...”

Məhəmməd Əsədullazadə

Siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, Qərbin Ermənistana münasibətdə loyal siyasətini görürük: “Onlar çalışır ki, Cənubi Qafqazda Ermənistana ciddi şəkildə dəstək versinlər. Qərbdəki erməni lobbisinin də bunda rolu az deyil. Ermənistan bu gün əsasən Rusiya hesabına iqtisadi inkişafa nail ola bilib. Təbii ki, bu da Rusiyaya qarşı sanksiyalar hesabına və bunun nəticəsində Ermənistanda fəaliyyət göstərən erməni şirkətləri sayəsində mümkün olub. Ermənistanda son 2 il ərzində əhəmiyyətli iqtisadi artım sanksiyalardan yayınma hesabına olub. Təbii ki, bütün bunları Qərbdəki mərkəzlər bizdən də yaxşı bilir. Yaxşı bilirlər ki, Ermənistan qadağan olunan məhsulları Rusiyaya ötürür. Sadəcə, marağında deyillər ki, buna görə Ermənistanı cəzalandırsınlar. Maraqlıdırlar ki, Ermənistan iqtisadi baxımdan bundan qazansın və Cənubi Qafqazda mövqelərini möhkəmləndirsin”. 

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR