İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın nikbin və nisgilli açıqlamaları - əslində ölkəsinə xilas yolu göstərir...

804 19.10.2023 13:53 Siyasət A A

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 17-də Avropa Parlamentində çıxışı zamanı nə qədər təəccüblü də olsa, qismən ağıllanmış kimi görünüb. O, bir sıra nikbin, pozitiv, eyni zamanda nisgilli açıqlamalar, bəyanatlar verib. Paşinyan deyib ki, Ermənistanın təhlükəsizlik sistemi sayılan KTMT onları tək qoyub.

O, habelə deyib: “Bu gün bəziləri guya Dağlıq Qarabağ ermənilərinin niyə kütləvi şəkildə evlərini tərk etdiyini başa düşmür. Bu sual özlüyündə sinizm kimi görünür, çünki cavab sadə deyil. Sentyabrda Dağlıq Qarabağda əhalinin boşaldılması ilə bağlı bəzi beynəlxalq rəsmilərin təəccüblü üzlərini qəbul etmirəm”. Paşinyan həmçinin Ermənistanın Mehri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirib: “Bu dəmir yolu Ermənistanı Azərbaycanla, Ermənistanın cənub rayonlarını şimal-qərb rayonları ilə, Azərbaycanın cənub-şərq rayonlarını Naxçıvanla, Ermənistanı Türkiyə ilə, Azərbaycanı Türkiyə ilə, Gürcüstan, Azərbaycan və Ermənistanı İranla, Xəzər dənizindən Aralıq dənizinə qədər Şərqlə Qərbi birləşdirəcək”, - Ermənistan hökumətinin başçısı vurğulayıb.

Erməni baş nazir onu da əlavə edib ki, Ermənistan öz ərazisində Azərbaycan mallarının daşınması və azərbaycanlıların hərəkətinin təhlükəsizliyini təmin etməyə hazırdır. Bu, əslində Paşinyanın praqmatik yanaşmasıdır. Ancaq burada söhbət heç də onun səmimiliyindən gedə bilməz. Nikol, sadəcə, Ermənistana yeganə xilas yolunu göstərir və izah etməyə çalışır ki, başqa heç bir variant fayda verməyəcək. O, dalan dövlətdən çıxmaq üçün Azərbaycanın yaratdığı reallıqlarla uzlaşmağı məsləhət bilir. Bəs Ermənistan bir dövlət olaraq Nikolun proqramı üzrə gedəcəkmi? Yoxsa xarici təsir dairələri buna mane olacaq? Habelə, Nikol sözünün üstündə duracaqmı? O, daha əvvəllər dediklərinin arxasında dayanmamışdı. Bu dəfə dediklərinə əməl edəcəkmi? Amma o da var ki, Paşinyan yenə bizi Ermənistana hücum etməkdə suçlayır və KTMT-ni susqunluqda günahlandırır. Həmçinin ermənilərin köçünə sülhməramlıların tamaşaçı ampluasında qalmaqda qınayır. Təbii ki, hər iki ittiham əsaslı deyil. Elə rəsmi Bakı da dərhal onun fikirlərinə münasibət bildirib.

“Oktyabr 17-də Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat, növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib. “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitmək təhqiramizdir”, - XİN bəyan edib.

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə: “Ondan sülhlə bağlı bənzər sözləri əvvəllər də dəfələrlə eşitmişik, amma...”

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Paşinyandan buna bənzər sözləri əvvəllər də dəfələrlə eşitmişik. A.Mollazadə xatırlatdı ki, Ermənistan hökumətinin başçısı Brüssel, Vaşinqton, Soçidə eyni fikirləri söyləyib, lakin reallığa çevrilməyib: “Nikol Paşinyan heç vaxt sözləri üçün məsuliyyət daşımır. Əgər sülh müqaviləsi istiqamətində real addım atarsa, hamının maraqlarına uyğun olacaq. Amma biz bunu hələ ki görmürük. Deməli, rəsmi İrəvan oyunlarını davam etdirir və beynəlxalq ictimaiyyəti aldadır. Çünki Paşinyanın real siyasəti yoxdur. Sadəcə, bu sözlərlə erməni cəmiyyətinə və beynəlxalq ictimaiyyətə yalanlar danışır”. Deputat Paşinyanın Rusiya ilə bağlı fikirlərinin avropalılara xoş gəlməyə hesablandığını əlavə etdi: “Lakin Rusiya əleyhinə addımlarını axıra qədər etməyəcək. O qorxur. Odur ki, nə rus hərbi bazasını bağlamaq istiqamətində addım atır, nə KTMT-dən çıxır. Burada bir məsələ var ki, Rusiya zəifləyir, ermənilər də tarix boyu zəifləyən imperiyadan qaçırlar. Biz Osmanlı nümunəsini qeyd edə bilərik, indi də Rusiyanın zəifləməsini... Halbuki Ukraynada gedən müharibədə hələ tam qalib yoxdur, ona görə Paşinyan da ortada qalıb”. Azərbaycan Qarabağda suverenliyi tam bərpa etdikdən sonra sülh müqaviləsini imzalamamaq üçün heç bir bəhanə qalmasa da, A.Mollazadə hesab edir ki, Paşinyanın daxildəki qüvvələrdən ciddi şəkildə qorxusu var: “Ermənistanda olan keçmiş cinayətkarlar, onların arxasındakı məxfi qüvvələr onu çəkindirir. Çünki Ermənistanda 1999-cu il presedenti var. O zaman parlamentdə olanları çoxları xatırlayır. O baxımdan Paşinyan sülh müqaviləsini imzalamaq üçün hələ qorxur”.

Elxan Şahinoğlu - Bioqrafiya.com

Elxan Şahinoğlu: “Sülh sazişini Brüsseldə imzalamağa hazır olduğunu büruzə verib, Fransanın pozuculuğuna baş əyməsə...”

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması yüksək dərəcədə realdır, oxşar açıqlamanı daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev səsləndirmişdi: “Hər ikisi "ilin sonuna qədər" ifadəsini işlədib. "İqtidarda olan partiya olaraq bizim siyasi iradəmiz var" deyən Paşinyan sülh sazişinin imzalanması məsələsində Avropa İttifaqından dəstək istəyib. Anlaşılan odur ki, Qarabağ yükündən qurtulan Paşinyan sülh sazişi üzrə danışıqları yekunlaşdırmağa və sülh sazişini Moskvada deyil, Brüsseldə imzalamağa hazır olduğunu büruzə verib. Nikol Paşinyan son anda yeni şərtlər irəli sürməsə və Fransanın pozuculuğu qarşısında baş əyməsə, sülh sazişinin qısa müddətdə imzalanması mümkündür". Politoloq xatırladır ki, Paşinyan belə bir cümlə işlədib: “Ermənistan öz ərazisindən tranzit prosedurlarını sadələşdirməyə hazırdır”. Yəni Paşinyan demək istəyib ki, Zəngəzur dəhlizindən istifadə edəcək Azərbaycan vətəndaşlarının yoxlanılması sadələşdirilmiş formada həyata keçiriləcək. Hiss olunur ki, Nikol Paşinyan dəhliz məsələsində zamanın Ermənistanın əleyhinə işlədiyini anlayır. Çünki Zəngəzur dəhlizinin açılmasının uzanması halında Azərbaycanla Türkiyəni birləşdirən dəhliz İrandan keçəcək və bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR