İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyanı cəzalandırmaq üçün Rusiyanın əlində “rıçaq”lar var”-politoloq

1334 09.01.2019 16:10 Siyasət A A

Şahin Cəfərli: “Ehtiyac yarandıqda Paşinyanın nəzərinə çatdıracaqlar ki, “biz istəsək, Azərbaycanı dəstəkləyə bilərik və bu, sənin üçün yaxşı nəticələnməz”

“Heç kəs üçün sirr deyil ki, Ermənistanda baş vermiş inqilab Rusiyanın arzuladığı bir variant deyildi və onlar üçün çox gözlənilməz oldu. Məhz bu gözlənilməzlik amilinə görə Kreml yeni siyasi situasiyaya uyğunlaşmaqda və yeni siyasət müəyyənləşdirməkdə çətinlik çəkdi. Düşünürəm ki, bu çətinlik hələ də davam edir, sadəcə olaraq, Moskva “gözlə, gör” siyasətinə üstünlük verib”.

Politoloq Şahin Cəfərli bu fikirləri Rusiyanın Ermənistanla bağlı siyasətini Musavat.com-a şərh edərkən söylədi. Siyasi təhliçinin sözlərinə görə, Rusiyanın yeni hökumətə münasibəti və Ermənistanla bağlı siyasəti daha çox Paşinyanın yeridəcəyi siyasətdən asılı olacaq: “Onun ilk addımlarının Kremldə narahatlıqla qarşılandığını əminliklə söyləmək olar. Ötən müddətdə Rusiyanı qıcıqlandıran məsələləri bir daha xatırladaq: 1 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin bərpa olunması və bununla əlaqədar sabiq prezident Robert Köçəryanın həbsi, həmin hadisələr zamanı baş qərargah rəisi olmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun istintaqa cəlb olunması, Rusiya dövlət şirkətlərinin Ermənistandakı törəmə qurumları – “Qazprom Armeniya” və “Сənubi Qafqaz Dəmir Yolu”nun vergidən yayınmaqda ittiham edilməsi... Maraqlıdır ki, Putin Köçəryana aşkar dəstək nümayiş etrdirməsinə baxmayaraq, onun barəsində ikinci dəfə həbs qəti imkan tədbiri seçildi”. Ş.Cəfərlinin fikrincə, bütün bunlar heç də Paşinyanın Moskva ilə konfrontasiyaya getmək niyyətindən irəli gəlmir: “Sadəcə olaraq, yeni hökumət başçısı Rusiya ilə münasibətlərdə yeni konfiqurasiyaya nail olmaq, Sərkisyan dövründən fərqli olaraq, daha müstəqil siyasət aparmaq fikrindədir. Moskvanın ötən ilin sonunda Ermənistana satdığı təbii qazın qiymətini az da olsa artırmasını Paşinyanın addımlarına cavab və ona yüngülvari xəbərdarlıq saymaq mümkündür. Amma bu, hələ o demək deyil ki, Rusiya Ermənistandan vaz keçir, bu ölkəni tərk edir. Bu cür mülahizələri əsaslı saymıram. Qeyd etdiyim kimi, Rusiyanın Ermənistanla bağlı siyasətini Paşinyanın siyasəti müəyyənləşdirəcək. Əgər Moskva onun Rusiya maraqları əleyhinə çalışdığını, Qərblə hansısa gizli iş apardığını görərsə, adekvat addımlar atacaq”.
Politoloq hesab edir ki, Paşinyanı cəzalandırmaq üçün Rusiyanın əlində “rıçaq”lar var və ən önəmli təsir vasitəsi də Dağlıq Qarabağ münaqişəsidir: “Rusiyanın tərəfləri müharibəyə təhrik edəcəyinə şübhəm var, amma ehtiyac yarandıqda Paşinyanın nəzərinə çatdıracaqlar ki, “biz istəsək, Azərbaycanı dəstəkləyə bilərik və bu, sənin üçün yaxşı nəticələnməz”. Əgər erməni toplumu hiss etsə ki, münaqişənin həlli prosesində Ermənistanın əleyhinə dönüş var, bu halda cəmiyyətdə gərginlik yaranacaq və Paşinyanın nüfuzu sarsılacaq. Pusquda dayanan Qarabağ klanı və onun siyasətdəki təmsilçisi Respublikaçılar Partiyası isə bu vəziyyətdən yararlanaraq Paşinyan əleyhinə etirazlara öncüllük etməyə çalışacaq. Şübhə yoxdur ki, Rusiya əl altından respublikaçıları dəstəkləməyə davam edəcək və onların siyasi səhnədən silinməsinə yol verməyəcək. Qarabağ klanını tez bir müddətdə dirçəldəcək amil nə ola bilər? Əlbəttə ki, Qarabağ məsələsi”.

Ümumilikdə ekspertimiz hesab edir ki, situasiya Paşinyan üçün kifayət qədər mürəkkəbdir: “Bu səbəblə, düşünürəm ki, o, münaqişənin həllində riskli addımlar atmaqdan çəkinəcək. Paşinyanın danışıqlara Dağlıq Qarabağdakı oyuncaq rejimi cəlb etməkdə israrının arxasında da məhz bu qorxu dayanır. Çünki əgər erməni tərəfi danışıqlarda güzəştə gedəcəksə, hansı ki, getməyə məcburdur, Paşinyan çalışacaq ki, bunun məsuliyyətini DQ erməniləri öz üzərilərinə götürsünlər. Vasitəçilər erməni tərəfini güzəştlərə məcbur etmək istəyəndə Paşinyan deyəcək ki, buna mən yox, Dağlıq Qarabağ erməniləri qərar verməlidir, ona görə də siz onlara təsir və təzyiq göstərin. Şübhə yoxdur ki, Qarabağ erməniləri də özbaşına qərar verməyərək Ermənistanla və diaspora ilə məsləhətləşəcək. Ermənistanla məsləhətləşmək deyəndə təkcə hökuməti göz önünə gətirmək lazım deyil. Hökumətlə yanaşı, bütün cəmiyyət, o cümlədən müxalifətlə, Respublikaçılar Partiyası ilə də məsləhətləşmək lazım gələcək və beləliklə, məsuliyyət bölüşdürülmüş olacaq, məsələ təkcə iqtidarın üzərində qalmayacaq. Əgər erməni cəmiyyəti və diasporası güzəştləri rədd edərsə, bu halda Paşinyan vasitəçilərə cavab verəcək ki, “bu vəziyyətdə mən heç nə edə bilmərəm, məni başa düşün”. Paşinyanın Qarabağla bağlı planı, məncə, bundan ibarətdir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR