Deputat: “Bunu edərsə, ölkəsinin tarixdə qalan ən görkəmli siyasi liderinə çevrilə bilər”
İyunun 22-də İkinci Dünya müharibəsinin başlamasının 80 illiyi tamam oldu. Almaniya kansleri Angela Merkel faşist Almaniyasının bəşəriyyətə qarşı törətdiyi cinayətlərə görə ölkəsi adından dünya xalqlarından üzr istəyib. Faşizm ideologiyasını dövlət siyasətinə çevirən və on minlərlə azərbaycanlının soyqırımını həyata keçirmiş Ermənistanın da cinayətlərinə görə nə zamansa Almaniya kimi üzrxahlıq edəcəyini gözləmək olarmı?
Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, faşist Almaniyası yəhudilərə qarşı soyqırımı siyasətini də həyata keçirib və buna görə də Almaniya yəhudi xalqından üzr istəyib. Bu gün isə Almaniya lideri özündə iradə taparaq bütün dünya xalqlarından faşist Almaniyasının etdiklərinə görə üzr istəyib. Bunlar tarixi həqiqətlərdir: “Eyni başqa bir tarixi həqiqət də var ki, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı Rusiyanın ”Rossiya 24" telekanalına müsahibəsində olduqca ibrətamiz fikirlər səsləndirdi və o fikirlərin nə qədər dəqiq olduğunu tarix təsdiqlədi. Cənab Prezident 6 il öncə söyləmişdi ki, bu gün Avropada çox təhlükəli tendensiya müşahidə olunur, bizə belə gəlirdi faşizm tarixin arxivinə atılıb və siyasi səhnəni birdəfəlik tərk edib, amma bu gün bir sıra Avropa ölkələrində, xüsusilə də Almaniyada baş verən hadisələr neofaşizm cərəyanlarının dirçəlməsini göstərir. Hətta cənab İlham Əliyev vurğulamışdı ki, faşizm sağ radikal qüvvələr formasında yenidən peyda olmaqdadır və onların bir çoxu Avropa parlamentlərində yer ala biliblər və proses bu cür davam etsə üçüncü dünya müharibəsinə sürüklənə bilərik. Bu kontekstdə Azərbaycan Prezidenti Ermənistanda faşizm ideologiyasının dövlət siyasəti səviyyəsinə qalxdığını, faşizmə xidmət etmiş şəxslərin Ermənistanda qəhrəmanlaşdırıldığını qeyd etdi, faşist Qaregin Njdenin timsalında konkret misallar üzərində dayandı. Ermənistan bu gün də faşizm ideologiyası olan dövlətdir. Ermənistan Almaniyadan qat-qat kiçik dövlətdir və bir gün gələcək Ermənistan siyasi rəhbərliyi də Azərbaycan xalqına qarşı etdikləri cinayətlərə, faşizm ideologiyası ilə hərəkət etdiklərinə görə üzr istəyəcəklər".

Elman Nəsirov
Deputatın sözlərinə görə, bu gün ən idealı o ola bilər ki, Ermənistanın siyasi rəhbərliyi, nəhayət, ölkəsinin faşizm ideologiyasından imtina etdiyi istiqamətində addımlar atsın. Bu ideologiya Ermənistanın özünə də bəlalar gətirib, erməni xalqının özünü bu gün faciəvi vəziyyətlə üz-üzə qoyub: “Ermənistan hakimiyyəti faşistlərə qurduqları heykəlləri dağıtmalı, faşizm ideologiyasına əsaslanan ideologiyaya son qoymalıdır, terror siyasətindən imtina etməli və özündə güc tapıb faşist hərəkətlərinə görə üzrxahlıq etməlidir. Hesab edirəm ki, seçkidə partiyası qalib gəlmiş və yaxın günlərdə baş nazir seçiləcək Nikol Paşinyan belə bir addım atarsa, yəni faşizm ideologiyasından imtina edərsə, Qaregin Njdenin və digər faşistlərin heykəlini sökdürərsə, eyni zamanda Xocalıda həyata keçirdikləri soyqırıma görə şəxsən Paşinyan məsuliyyət daşımır, ona görə də o, özündə cəsarət tapıb Azərbaycan xalqından ölkəsi adından üzr istəyərsə, bu, ölkələrimiz arasında yeni münasibətlər pəncərəsi aça bilər. Bununla da Nikol Paşinyan ölkəsinə ən böyük yaxşılığı etmiş olar və ölkəsinin tarixdə qalan ən görkəmli siyasi liderinə çevrilə bilər. Erməni xalqı onu Ermənistanı faşist ideologiyası buxovundan azad edən siyasətçi kimi həmişə yad edər. Paşinyan istəsə iradə göstərib bütün bunlara nail ola bilər. Paşinyan ilk növbədə revanşist ideoloji xəttə son qoyulması istiqamətində addımlar atmalı və bu zərərli ideologiyanın daşıyıcılarını həbs etdirməlidir, hüquq müstəvisində onları cəzalandırmalıdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






