Ermənistanı masaya qaytaran səbəb – İrəvanın ifasında məkrli oyunlar bitdimi?
“Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevə müharibənin yenidən başlaması sərfəli deyil. Bütün əlamətlərdən görünür ki, onlar sülh sazişinin imzalanmasına doğru gedirlər”.
Bunu rusiyalı politoloq Stanislav Tarasov sərhəddə Ermənistanın son təxribatını və onun nəticələrini şərh edərkən deyib.
Əslində müharibə ən əvvəl iqtisadi-siyasi böhran bataqlığında olan və hələ blokadada qalan Ermənistana sərf eləmir. Üstəlik, hərbi cəhətcə canlı və maddi itkiləri getdikcə daha da artır. Belə olan surətdə məntiqlə daimi sülh və əməkdaşlıqda yenə ən çox İrəvan maraqlı olmalı, buna ən çox o çalışmalıdır.
Azərbaycan isə növbəti dəfə Ermənistanın dərsini verməklə həm də onun havadarlarına dərs verdi, mesaj göndərdi ki, sülh müqavilıəsinin alternativi Ermənistanın yeni və ağır itkiləridir – canlı və mövqe itkiləri. Elə isə Ermənistan və onun rəhbərliyi nəhayət, ağla gələcəkmi? Havadarları ona sülh üçün təzyiqlərə başlayacaqmı? Tarasov haqlıdırmı, həqiqətənmi İlham Əliyev və Nikol Paşinyan sülh sazişinin imzalanmasına doğru gedirlər? İlin sonuna üçlü görüş mümkünmü?
Bəllidir ki, Paşinyan dünən Moskvanın Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı təkliflərini “qəbuledilən” adlandırıb və yeni müdafiə naziri Suren Papikyana tapşırıb ki, rusiyalı həmkarı Şoyqu ilə detalları dəqiqləşdirsin. Bu, Paşinysnın vaxt udmaq üçün növbəti gedişi də ola bilərmi?
Terrorçu Mirzayan mövzusu niyə tez qapandı – Bakı onu tələb etdimi?
Daşaltıda (Şuşa yaxınlığında) törədilən erməni terror aktından bir həftə keçir. Terror hücumunun əsas icraçısı Norayr Mirzəyan sanki heç nə olmayıbmış kimi unuduldu. Yəqin ki, indi o, sərbəst şəkildə azadlıqda gəzir. Halbuki erməni tərəfi yalandan da olsa “araşdırma” aparılacağını vəd eləmişdi. Ancaq heç bir tədbir görülmədi?
Təbii ki, belə şey gözlənilmirdi də! Əksinə, onu dərhal qəhrəmanlaşdırdılar, mükafat verdilər. Bəs Mirəzyanı qanunsuz şəkildə separatçılara təhvil verən Rusiya sülhməramlı kontingentin rəhbərliyi niyə məsələyə seyrçi yanaşır? Axı bu, həm də Rusiya üçün imic, etimad məsələsidir. Qumbara rus hərbçilərə tərəf atılsaydı, Moskva bu məsələni belə qoyardımı? Bu, o anlama gəlmirmi ki, terror hücumunda Rusiya da maraqlı olub?
Daha bir sual: Azərbaycan niyə Mirzəyanın bizə təhvil verilməsində israr eləmir, zamanı uyğun saymır, yoxsa ayrı səbəb var? Yoxsa tələb edib? General Rüstəm Muradovun Bakı və İrəvanda peyda olmasının bu məsələyə də dəxli ola bilərdimi? Yəni Bakı onun vasitəsilə İrəvana mesaj çatdıra bilərdi.
“Qarabağa 73 min erməni qayıdıb...” – Ermənistanın növbəti həyasız yalanında hədəf
“44 günlük müharibə nəticəsində “artsax”dan olan köçkünlərin sayı 91 min nəfər olub. Onun da 80%-i artıq geri qayıdıb”.
Bunu Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan deyib.
Yəni belə çıxır ki, 73 min erməni Qarabağa geri dönüb”. Ruslar yenə insaflı idilər: 52 min rəqəmi demişdilər. Gerçəkdə isə səhih məlumatlara görə, anklavda cəmi 20-25 min erməni qalıb.
Bəs belə həyasız yalanlar və saxta statistika ilə erməni tərəfi, rəsmi İrəvan nəyə nail olmaq istəyir?
Bu və gündəmdəki digər xəbərləri Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






