İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan separatçıları təbrik etdi, Xankəndinə niyə gəlmədi? - Politoloq Vaqif Hüseynlə CANLI YAYIN

1687 02.09.2021 15:47 Gündəm A A

Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndindəki separatçıları “müstəqillik günü” münasibətilə təbrik edib. 44 günlük müharibədən sonra Azərbaycan qarşısında kapitulyasiya aktına imza atan Paşinyan yenə separatçı ənənəsinə sadiq qalıb.

Müharibənin ağır nəticələrini unutmağa və öz xalqına unutdurmağa çalışan Paşinyan növbəti dəfə separatçılara “gələcək müqəddərat” vədini verib. O, “Dağlıq Qarabağ münaqişəsi”nin həll edilmədiyini, bölgədəki ermənilərin “gələcək müqəddərat”ının müəyyən edilməsinin vacib olduğunu bildirib.

“Bu gün bütün beynəlxalq platformalarda Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyini təsdiqləyirik. Bunu da həmsədr ölkələrin bəyanatları sübut edir. Münaqişə ATƏT-in Minsk qrupunun həmsədrliyi tərəfindən irəli sürülən və müdafiə olunan tanınmış prinsiplərə əsaslanaraq sülh prosesi ilə hərtərəfli həllini gözləyir”, - Paşinyan qeyd edib.

Baş nazir vurğulayıb ki, sülh prosesi xalqların öz müqəddəratını təyin etmək hüququna əsaslanaraq “Qarabağın statusu”nu konkretləşdirməlidir. Onun fikrincə, sülh prosesi ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində tənzimlənməlidir.

Göründüyü kimi, Ermənistan yenə də sülh müqaviləsinin yalnız “status” verilməsi ilə mümkün sayır. Ermənistanın sabiq prezidenti Robert Köçəryan isə 44 günlük müharibədən sonra Qarabağdakı separatçıların gələcəyinin qeyri-müəyyənlik qarşısında qaldığını deyib. Onun sözlərinə görə, Qarabağda yaşayanlar mövcud vəziyyətin ciddiliyini anlamalıdırlar.

Bununla belə Paşinyan təbrik ünvanladığı Xankəndi separatçılarının nə yanında olub, nə Azərbaycan ərazisinə ayaq basıb. Əgər doğurdan da onlar müqəddəratını düşünürsə, “artsax”ı qəbul edirsə, niyə onları tək qoydu, nə üçün onların saxta bayram tədbirinə qatılmadı?

Ötən illərdə Ermənistan rəhbərliyi bayramda mütləq Qarabağa gedirdi, hərbi paradlarda və s. iştirak edirdi. Amma indi, müharibədəki məğlubiyyətdən sonra ermənilər Qarabağa gedən yolun rus sülhməramlılarının nəzarəti altında olduğunu, onlara Azərbaycan hərbiçilərinin “nəzarət etdiyini”, onların Ermənistandan gələn hər bir şəxsi gördüyünü qeyd edirlər.

Ümumiyyətlə, 30 ildə ilk dəfə “Arsaxın müstəqillik günü”nü yarıqaranlıq, yarısusuz Xankəndində “qeyd edirlər”. Ermənistanın bir neçə deputatının mandatlarından istifadə edərək Xankəndinə gəlməsi bu göz yaşı içərisində qeyd edilən “bayram”a yeni rəng vermir.

Bu arada Rusiyanın baş diplomatı Serey Lavrovun Ermənistanla müttəfiq olduqlarını qabardaraq, Azərbaycana qonşumuz deməsi Kremlin son aylar yeritdiyi siyasi xəttin konturlarını bir daha ortaya qoyur. Çünki Azərbaycanı Rusiyanın sadəcə, qonşusu adlandırmaq Bakı-Moskva münasibətlərini geri çəkmək, dostluq münasibətlərini görməzdən gəlmək deməkdir.

Gündəmdə olan digər məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanı dialoqa çağıran son açıqlamalarıdır. Yada salaq ki, Türkiyə prezidenti Ərdoğan ötən həftə ermənistana tarixi şansdan istifadə edərək, münasibətləri tədricən normallaşdırmağı təklif edib. Ərdoğan qeyd edib ki, İrəvan bölgədə sülhün bərqərar olması üçün müsbət addımlar atarsa, Türkiyə buna adekvat reaksiya verəcək. Onun sözlərinə görə, 2020-ci ilin payızında Qarabağ müharibəsindən sonra bu istiqamətdə irəliləyiş üçün yeni imkanlar yaradılıb.

Bəzi iddialara görə, Türkiyənin dünyada və regionda artan mövqeyi Ermənistan rəhbərliyini Ankara ilə münasibətləri tənzimləmək faktı qarşısında qoyub. Güman etmək olar ki, baş nazir Nikol Paşinyanın Qərbdəki “ağıl babaları” Türkiyə ilə anlaşmağı məsləhət bilirlər.

Bu gün TVMusavatın canlı yayınında, saat 16:15-də aparıcı Emil Salamoğlu ilə politoloq Vaqif Hüseyn gündəmi dəyərləndirir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR