Ermənistanda vəziyyət durmadan gərginləşir. Baş nazir Nikol Paşinyan koronavirus dövründə əhalinin sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə üzləşdiyi üçün sosial dayaqlarını sürətlə itirir. Artıq Ermənistan müxalifəti yaranmış durumla əlaqədar hökumətin təcili istefa verməsini tələb edir. Erməni iqtidarının buna cavabı Milli Təhlükəsizlik Xidmətinin 14 iyunda “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açması olub.
Baş verən bu hadisələr düşmən ölkədə siyasi mühiti olduqca gərginləşdirib. Başqa sözlə, Paşinyan faktiki olaraq başını itirib. Tsarukyan baş nazirin həmlələri qarşısında geri çəkilməyib. Əksinə sərt addımlar atıb. Belə ki, 15 iyunda onun partiyasının parlament fraksiyası (25 deputat) və tərəfdarları Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçiriblər, “Paşinyan get!”, “Tsarukyan baş nazir!” kimi şüarlar səsləndiriblər. Mətbuatda gedən xəbərlərə görə, bu aksiya zamanı 90-a yaxın iştirakçı saxlanılıb.
Demokratiyadan dəm vuran Paşinyan hökuməti isə rəqibinin mandat toxunulmazlığını da aradan qaldırıb. 15 iyunda Baş Prokuror parlamentə Tsarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərib. 16 iyunda məsələ parlamentdə müzakirə edilib və 87 səslə Tsarukyanın deputat toxunulmazlığı götürülüb. Bununla da erməni baş nazir rəqibinin həbsinin qarşısında duran ən böyük maneəni aradan qaldırıb.
Siyasi partiyalar Tsarukyana qarşı olanların siyasi məqsəd daşıdığını, onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər. Paşinyan hökuməti isə həyasızcasına qanun çərçivəsində hərəkət etdikləri barədə görüntü yaratmağa çalışır.

Qaqik Tsarukyan
Tsarukyanla bağlı son hadisələr bir məsələni yenidən gündəmə gətirib. Bu hadisələrə “azadlıq carçısı” olan bəzi beynəlxalq qurumların, QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssiz qalmaları heyrət doğurub. Hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-lərin sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın, Avropa ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.

Haqlı olaraq, Qərbin niyə susması ilə bağlı suallar yaranıb. Nəzərə almaq lazımdır ki, Qərbin sükutu Paşinyanın əl-qolunu daha da açır. Əslində bunu yeni saymaq da olmaz. Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq demişdi: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”.

Qərbin Ermənistandakı hadisələrə susqunluğu haqlı olaraq bir fikir yaradır: Belə hadisələr Azərbaycanda baş vermiş olsaydı, indi bəyanatlar ard-arda gəlirdi. İndiyə qədər ən xırda məsələyə belə verilən reaksiyalardan çıxış edərək bunları deyirik. Ancaq Ermənistana münasibətdə tam fərqli mövqe sərgiləyirlər.
Faktiki olaraq son hadisələrdən sonra ölkəsində Paşinyanı diktator sayanların sayı durmadan artır. Düşmən ölkə təkcə koronavirus böhranı deyil, həm də siyasi böhran yaşayır. Görünən budur ki, Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Bir sözlə Ermənistanda totalitar inqilabi diktatura qurulub.
Bu arada erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr də dərc edilir. Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi şübhə doğurmur.

Nikolun 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəlli idi. Ermənistanda anti-sorosçuların həbsi də dediklərimizə bariz sübutdur.
Nikol kilsə ilə də böyük problemlər yaşayır. Hazırda Ermənistan hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. Paşinyanın nəzarəti altında olan erməni KİV-ləri bunu daha çox kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx əməkdaşlığını əsas gətirsələr də, əslində məsələnin başqa tərəfi var. Məlumdur ki, ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Belə olan halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsi də təbiidir. Hər kəsə məlumdur ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz Paşinyan ötürüb...

Əhəd Məmmədli: “Tsarukyanın həbsi antidemokratik bir addımdır” |
Politoloq Əhəd Məmmədli düşmən ölkə ilə bağlı durumu bu cür dəyərləndirdi: “Ermənistanda vəziyyət gərgindir. 15 iyunda Sarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını söyləyib. Bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Sarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurmaya bilməz. Onun tərəfdarları 17 iyunda Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc belə tətbiq edib.
COVİD 19 vəziyyəti daha da gərginləşdirib. Ermənistanda ölüm və yoluxma çoxalıb. Paşinyan iqtidarı virusun öhdəsindən gələ bilmir. Sosial narazılıq artır. COVİD 19 bu narazılığı daha da sürətləndirdi, genişləndirdi. Sarukyanın həbsi antidemokratik bir addımdır. Əsas müxalifət partiyasının sədri mitinq təyin etdiyinə görə demokratik ölkədə həbs edilməməlidir. Qərbin erməni rejiminin bu antidemokratik addımlarını sükutla qarşılaşması ikili standartlarla əlavə, Ermənistanın bir ölkə kimi az maraq daşıdığının göstəricisidir. Avropa üçün Ermənistan maraqsızdır. Ona görə balaca kasıb dağlıq ölkəsində nələr baş verdiyi dünya üçün az maraqlıdır. Xatırlayırsınızsa, Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdiyi zaman da reaksiya verilməmişdi.
Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atdırır Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb. Hazırda bu istiqamətdə istintaq davam edir. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bu fonda Qərbin sükutu Paşinyanın əl-qolunu daha da açır. Həm də unutmayaq ki, qərbyönümlü sayılan Paşinyan rus yönümlü müxalifəti həbs etdiyi üçün bu bir mənada Qərbin maraqlarına da uyğun gəlir”.

Elşən Mustafayev: “Paşinyan da, müxalifətdə olan Tsarukyan da cinayətkardılar” |
AMİP-in beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayevin sözlərinə görə, Ermənistanda baş verən son hadisələri şərh edərkən hamı bir məqama diqqətlə fikir verməlidir: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən, 20 faizə yaxın torpaqlarımızı işğal altında saxlamaqla bu günə qədər qaytarmaq fikrində olmayan işğalçı dövlətdir. Bu işğalı vaxtilə həyata keçirdən Levon Ter-Petrosyan, Köçəryan, Sərkisyan da, bu gün həmin işğalçılıq siyasətini dəstəkləyib davam etdirən, hakimiyyətdə olan Paşinyan da, müxalifətdə olan Sarukyan da cinayətkardılar. Mən onların heç birinə fərq qoymuram. Ona görə də bu məsələlərdə elə münasibət ortaya qoyulmalıdır ki, Paşinyanı ittiham edəndə qarşı tərəf əzilən hüquqları tapdalanan kimi görünməsin. Çünki mənim üçün onlar arasında heç bir fərq yoxdur. Olanlara münasibəti isə belə bildirə bilərəm. Paşinyan hakimiyyəti son zamanlar bütün sahələrdə tənəzzülə doğru gedir və bundan istifadə edən Rusiya ona qarşı siyasi müxalifəti aktivləşdirməyə başlayıb. Öncələr müxalifət olaraq Sərkisyan və Köçəryandan istifadə olunması nəzərdə tutulmuşdu. Ancaq hər ikisinin hakimiyyəti dövründə insanlar arasında nüfuzunun kəskin aşağı olması səbəbindən bu proyektin effekt verməyəcəyi məlum oldu və onlar hələlik ikinci plana keçirilib. Düşünürəm ki, indiyədək hakimiyyətdə təmsil olunmayan siyasətdən daha çox biznes fəaliyyəti ilə məşğul olan Sarukyanın aktivləşdirilməsi məhz bu səbəblərdən qaynaqlanır. Bunu yaxşı anlayan Paşinyan Sarukyanın gələcəkdə siyasi müxalifət olaraq güclənə bilməsi ehtimallarını göz önünə alaraq onu indidən sıradan çıxartmağı qərara alıb. Ölkədə baş verən hadisələrə Qərb institutlarının, insan haqları təşkilatlarının reaksiya verməməsinin əsas səbəbi isə qarşıdurmanın rusiyapərəst və qərbpərəst güclərin arasında olmasındandır. Hesab edirəm ki, Azərbaycan siyasətçiləri, politoloqları təhlillərində Paşinyanı tənqid edib, qarşı tərəfə bəraət vermək kimi görünən açıqlamalardan çəkinməlidirlər. Qədim məsəldə olduğu kimi, “ilanın ağına da, qarasına da lənət”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






