İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün...”-ermənişünas alim

489 07.02.2024 14:22 Siyasət A A


“Rəsmi İrəvan mövcud konstitusiya ilə nə Azərbaycanla, nə də Türkiyə ilə sülh müqaviləsinə gedə bilməz. Ermənistan hakimiyyəti bunu başa düşür. Çünki həm 1991-ci il Ermənistanın Müstəqilik Bəyannaməsində, yəni konstitusiya aktında ölkələrimizə qarşı ərazi iddiaları var. Həmçinin sözügedən Bəyannamədə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qeyd olunub”.


Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Ekspert bildirib ki, Türkiyənin Şərqi Anadolu vilayətləri də 1995-ci il Ermənistan Konstitusiyasında “Ermənistan əraziləri” kimi göstərilib, qondarma “erməni soyqırımı” ideologiyası yer alıb: “Bunlardan imtina etmədən bağlanacaq hər hansı müqavilə Konstitusiya ilə ziddiyyət təşkil edəcək. 2009-cu ildə Türkiyə ilə imzalanan protokollar bu səbəbdən Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunmamışdı. İndi Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Konstitusiya dəyişikliyinə getməlidir, bu isə referendumla olmalıdır. Ermənistanda artıq yalnız Konstitusiya dəyişikliyi yox, yeni Konstitusiyanın qəbulu məsələsini gündəmə gətirilib. Cəmiyyətin bəzi qrupları buna Azərbaycanın tələbi kimi baxır. Ancaq bu, Azərbaycanın tələbi deyil, bir zamanlar şovinist əhvalı ruhiyyə nəticəsində edilmiş siyasi avantüranın düzəldilməsidir”.

Q.Çaxmaqlı əlavə etdi ki, düzəldiləsi çox şeylər var və onu Paşinyan və onun komandasında olan bəzi yetkililər səsləndirirlər: “Məsələn, Ermənistanın gerbindəki Ağrı dağı təsviri götürülməlidir! Eyni zamanda Ermənistanın himnində yer alan “düşmən” ifadəsi, orta məktəb kitablarında “erməni ordusu” ifadəsinin Ermənistan ordusu adı ilə dəyişdirilməsi və sair zamanın tələbidir. Bütün bunların sülh prosesinə mənfi təsirini hər kəs bilir. Həm də Paşinyan hakimiyyətinin möhkəm əsaslarla davam etməsi üçün qaçılmaz bir prosesdir. Ümumiyyətlə, bu il həm yeni Konstitusiya qəbul edilməsi və növbədənkənar seçkilərin keçirilməsi gözlənilir”.


ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR