İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiyamız gəncləşir

1767 06.03.2021 08:10 Yazarlar A A

“Azərbaycan deyəndə,

Ləpələr şairləşir.

Anaların bətnində,

Qara gözlü körpələr

Pələngləşir, şirləşir".

(Tofiq Bayram)

Bəşərin vicdanı, eşqi, ürəyi, bütün yer üzünün xoş gələcəyi olan partiyamızın qurultayı heç şübhəsiz, qədəm qoyduğumuz 2021-ci ilin əsas hadisələrindən biri kimi tarixə düşəcəkdir. Doğrudur, bu qurultay bir növ növbədənkənar hadisə idi və axıracan da heç kəsə bunun keçirilməsi səbəbləri məlum olmadı, ancaq nə ziyanı? Əsas odur qurultay olsun. Ona qalsa elə müxalifət partiyacıqları var ki, axırıncı dəfə qurultayı bizim eradan qabaq keçiriblər. Ədliyyə Nazirliyi də irad-zad tutmur. Mərifətləri olsa həmin partiyalar gəlib ana partiyamıza qoşulardılar. Dünənki qurultayda 6 partiya bu addımı atmışdır. Halal olsun. Məncə bütün xalqımız partiya üzvü olmalıdır, birlik nümayiş etdirməliyik. Yoxsa biri partiyasına Xalq Cəbhəsi adı qoyur, o biri Müsavat... Bizim yumruq kimi birləşən, vahid cəbhədən çıxış edən vaxtımızdır. Xalqın cəbhəsi hazırda Sünikdən keçir, sən Bakıda öz oyuncaq təşkilatına süni “Xalq Cəbhəsi” adı qoymaqla nə dəyişir? Ar olsun.

Partiyamızın Siyasi Şurasının ləğv edilməsi nə qədər, olduqca, çox, hətta deyərdim son dərəcə müdrik addım oldu... Axı biz siyasətin əxlaqsız məşğuliyyət olmasından xəbərdarıq. Ölkəmizdə kimdən soruşsan, haqlı olaraq “mən siyasətə qarışmıram” deyəcəkdir. YAP da çoxdan siyasətdən uzaqlaşmışdı. Siyasi Şura orada atavizmdən başqa şey deyildi. (Ramiz müəllim söz verib ki, yazılarımda belə elmi sözlərdən çox qoysam, məni akademiyanın elmi işçisi götürəcək). Siyasi Şuranın yerində Veteranlar Şurasının yaradılması isə mütərəqqi haldır. Orada partiyanın qurucularından Ramiz müəllim, Arif müəllim, Abel müəllim və başqaları toplaşacaq, nərd, domino, “duraki” oynayacaq, asudə vaxtlarını səmərəli keçirəcəkdir. Təbii, ara məsafəsi qorunmaq şərtiylə.

Siyasət temasında şair Şəhriyardan da bir beyti bura həkk eləyim, oxuyub feyziyab olun: “Mənim yolum məhəbbət caddəsiydi, Son sözlərim haqqın iradəsiydi, Məhəbbətin risalət vədəsiydi, Yoxsa məndə bir kəs ilə qərəz yox, Siyasət adlı məndə bir mərəz yox”. Gördüyümüz kimi, müdrik şair siyasəti xəstəlik hesab edir.

Yeri gəlmişkən, pandemiya şəraitində partiyamızın qurultay keçirməsi də onun xalqın taleyini nə qədər düşündüyünü bilavasitə biruzə verir. Biz bir-birimizi küçədə görəndə yarım kilometrdən fırlanıb gedirik, lakin partiya heç bir virusdan qorxmadan, çəkinmədən eyni damın altına toplaşdı. Camaat koronaya görə evlənə bilmir. Görünür viruslar partiyamıza yaxın gəlməkdən çəkinirlər. Bu da bizi yeni-yeni üfüqlərə səsləyir.

Səyavuş müəllimin partiya İdarə Heyətindən (İH) çıxarılması onun orden-medallarının qüvvədən düşməsi ilə bağlı ola bilər. O cümlədən, hər iki Əli Həsənovlar, toyqırım qurbanımız Ramiz Mehdiyev də İH üzvü qoyulmadılar. Əvəzində İH üzvlərinin sayı ikiqat artırıldı, 20 idisə, 40 oldu. Bu da o məna verir ki, həmin qovulan şəxslərin hər biri İH-də azı 2 adamın yerini tuturmuş. Ramiz müəllim bəlkə də 10 adamın yerini zanit edirmiş, nə biləsən... Bütün bu ölçülər, partiyamızın etalon sistemi həmişə xalqa qaranlıq qalmışdır. Yəqin belə daha düzgündür. Şəffaflıqdan heç kim xeyir görməyibdir. Məsələn, Avropanın bəzi xalqları var, heç pəncərəyə pərdə vurmur, evin içində öpüşənlər, söyüşənlər, görüşənlər hamısı açıqda qalır. Bizim mentalitetə görə pərdə, hasar, örtülü sistem olmalıdır. Kimin vuayerizmdən, o cümlədən, onun siyasi növündən xoşu gəlirsə, çıxsın getsin o tərəflərə. Bizim Qarabağı minalardan təmizləmək dərdimiz vardır. Kaş millətdə ruh yaşasın. (Çoxdan yazmırdım, birdən oxucular elə zənn edər unutmuşam).

Son günlər əhalinin “e-manat” aparatlarını söküb aparması cəhdləri artmışdır. Binəqədi rayonunda ən azı 2 hadisənin xəbərinə özüm baxmışam. 4 gənc saxlanmışdır. Bu da gəncləşmə siyasətinin bütün istiqamətlərdə uğurlu tətbiqindən xəbər verir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR