İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiyaların ölümünə plüralist və ritorik BAXIŞ

2110 16.04.2023 20:31 Yazarlar A A

 

“Bütün günü “gilyotin” sözünü yada sala bilməmişəm. Başım etiraz edirdi”

                                                                               (Stanislav Yeji Lets)

Azərbaycanda siyasi fəaliyyətin nə qədər mənasız, məzmunsuz, boş iş olduğunu anlamaq üçün uzağa getməyə ehtiyac yoxdur, elə son bir-iki ayda ləğv edilən, daha dəqiq ifadə eləsək, özünü buraxan partiyaların sayına və xarakterinə baxmaq yetərlidir. Burada hər cür istiqamətdə partiyaya rast gəlmək mümkün idi. Sosial-demokrat partiyası da məhv oldu, milli-demokrat partiyası da. Özünü liberal adlandıran siyasi qurumumuz da artıq yoxdur, kommunist partiyamız da. Vəhdətçilər, ayrımçılar, birlikçilər, dirlikçilər (qafiyə üçün yazmıram, deyəsən ləğv edilən partiyalar arasında kəndlilərin partiyası da vardı; yazıya nöqtə qoymazdan öncə bunu dəqiqləşdirdim, kəndli partiyamız hələ 2021-də özünü buraxıb YAP-a qoşulmuşdur)... Hərəsi bir bəhanə ilə aradan çıxdı. Hərçənd, hamıya aydındır ki, siyasi partiyalar haqda təzə qanun köhnə partiyalarımızı cəhənnəmə vasil edən son zərbə olmuşdur.

O partiyaların siyasət aləmimizdə nəsə zənginlik yaratdığını, nəyəsə, hansısa yaralı barmağa dərman olduğunu iddia etməkdən uzağam. Çoxu, bəlkə də hamısı onsuz diri ikən ölü idilər, bəziləri isə lap elə ölü doğulmuşdular. Ancaq hər halda ölkənin siyasət aləmi rəngarəng olmalıdır, orda palitra zənginliyi olmalıdır. Bir partiyalı Sovet hökumətinin axırı necə oldu, hamımız yaxşı bilirik. Plüralizm olmalıdır.

Yeri gəlmişkən, fikir vermisinizmi, 20-30 il qabaq leksikonumuzda yetərincə populyar, işlək olan bu söz indi tamamilə arxaizmə dönüşüb? Hətta mən “plüralizm” yazanda anidən nostalji olub diksindim. And içərəm ki, indi bu yazını oxuyanların böyük qismi bu sözü yaddan çıxarıb, bir qismi anlamını unudub, bir qismi isə ümumiyyətlə eşitməyib.

Yenə xüsusi yazıram, mən Milli Demokrat Partiyasının milli demokratiya platformasının inkişafında, yaşamasında hansısa böyük rol-filan oynadığı fikrindən çox uzağam və bəlkə də bu oyunbazlıqlara son verməyimiz, süni partiyaların çıxdaş edilməsi yaxşı haldır. Ancaq qəzetdə “İsgəndər Həmidovun yaratdığı partiya özünü buraxdı” oxumaq hər halda kədərlidir. Mən hətta ASDP-nin buraxılmasını da qüssə ilə oxudum, çünki Azərbaycan müstəqil olanda qurulan ilk partiyalardan biri məhz Sosial Demokrat Partiyası olmuşdu. Araz Əlizadə bu partiyanı nə qədər darmadağın etsə, nə qədər ideolojisinə uyğun olmayan yerlərə sürükləsə də, ASDP sıralarında ölkəmizin siyasi həyatında iz qoymuş çox adamlar olub. İndi bu yazını yazarkən mən hətta iki qəribə hadisəni də xatırlayıram. Bunlardan biri 90-cı illərdə ASDP-nin hardasa Nizami küçəsindəki baş ofisində keçirilən dəyirmi masadan reportaj yazmağım idi. Təsəvvür edin: ölkə siyasi qurumları o zamanlar paytaxtın mərkəzində yerləşirdi. İndi maşın şütüyən ərazilərdə... Özünüz nəticə çıxarın. İkinci hadisə isə hansısa seçki vaxtı olmuşdu. ASDP-nin Badamdardakı məntəqədə müşahidəçisi seçki saxtalaşdırılmasına ciddi etiraz edərək yekun protokol haqda rəy hazırlamışdı və onu polislə hədələyirdilər. Daha bir dəfə “təsəvvür edin” yazmaq istəmirəm. Çünki bunu təsəvvür eləməyin necə çətin olduğunu anlayıram.

Qabaqlar hökumət bizdə siyasi mühitin inkişafından dəm vurarkən adətən Ədliyyə Nazirliyinin qeydiyyat siyahısında 50-60-dan çox partiyanın olduğunu söylərdi. Görəsən indən belə nə ilə öyünəcəklər? Özünü buraxan partiyaların sayı iləmi? Kim bilir, bəlkə bu da bir uğurdur...

O cümlədən, maraqlı olan budur ki, partiyalar dayanmadan özünü buraxır, ləğv edilir, lakin bu proseslərə etiraz edən partiya üzvlərinin səsi gəlmir. Bircə nəfər də yoxdur! Bu, bizim siyasi mühitin əslində çoxdan ölü olmasına dəlalət etmirmi?

 Sual, əlbəttə, ritorik sualdır. Ümid edirəm bu sözü hələ işlədirik...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR