Milli Məclisin rəhbərliyində yeniliklər dəstəkləndi; “Bu, siyasi sistemdə partiyaların yerini və rolunu artırmaq yolunda atılan cəsarətli addımın başlanğıcıdır
Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edən prezident İlham Əliyev bildirib ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır: “Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır...
Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır".
Qeyd edək ki, yeni parlamentdə deputatlarının sayına görə ikinci yerə sahiblənən Vətəndaş Həmrəyliyi Partiyasının deputatı Fəzail İbrahimlinin sədr müavini seçilməsi, eyni zamanda Milli Məclisin komitələrinin sədr müavini postlarına azlıqda olan partiyaların deputat sədrlərinin seçilməsi yenilikdir. İndiyə qədər parlamentin idarəçiliyində adətən hakim partiyanın nümayəndələri, həmçinin bitərəf deputatları iştirak edirdilər. Bu baxımdan yeni Milli Məclisin ilk iclasındaca yeniliyə imza atıldığını söyləyə bilərik.

VHP sədri, deputat Sabir Rüstəmxanlının sözlərinə görə, ölkə başçısı İlham Əliyev Milli Məclisdəki çıxışında çoxpartiyalılıq əsasında parlamentin formalaşdırıldığını diqqətə çatdırdı və bu prosesin islahatların tərkib hissəsi olduğunu bəyan etdi: “İslahatlar davam edir. Bu, həmin siyasətin göstəricisidir. İqtidar, müxalifət məsələləri xırda söhbətlərdir. Parlament rəhbərliyinin bu cür müəyyənləşməsi hesab edirəm ki, ölkənin taleyi üçün düşərli olar”.

AVP sədri, deputat Fəzail Ağamalı isə bildirdi ki, prezident İlham Əliyev siyasi islahatların ciddi əhəmiyyət daşıdığını önə çəkərək, Milli Məclisdə təmsil olunan partiyaların məsuliyyət yükünün artırılmasına xidmət edən amillər üzərində də dayandı və onların parlament rəhbərliyində təmsil olunmasının zəruriliyinə diqqət çəkdi: “Milli Məclisdə təmsil olan bütün partiyalar parlament rəhbərliyində təmsil olundu. Bu, siyasi sistemdə partiyaların yerini və rolunu artırmaq yolunda atılan cəsarətli addımın başlanğıcıdır, cənab Prezidentin üstün və cəsarətli xarakterindən, idarəçilik fəlsəfəsindən qaynaqlanan addımların növbətisidir. Bu yenilik siyasi partiyaların daha da güclənməsinə öz töhfəsini verəcək”.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev də bildirib ki, parlamentdə ikinci ən çox deputatla təmsil olunan partiyanın nümayəndəsinin sədr müavini və komitə sədri, digər partiya təmsilçilərinin bəzilərinin komitə sədrlərinin müavini təyin olunması bir yenilikdir və çox mütərəqqi haldır: “Bu, Milli Məclisin çoxpartiyalılıq prinsipi əsasında fəaliyyətinə dair qanunvericiliyin tələblərinin icrası, siyasi islahatların başladılmasıdır və mütləq siyasi sistemin inkişafına öz müsbət təsirini göstərəcək”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə qeyd edib ki, indiyə qədər adətən parlament rəhbərliyində ancaq hakim partiyanın nümayəndələri və bitərəf deputatlar təmsil olunurdu. Faktiki olaraq, azlığın da təmsilçiliyi olmalı idi deyə, belə bir istiqamət müəyyən edildi: “Bu, müsbət tendensiyadan xəbər verir. Parlament rəhbərliyində VHP 3 deputatla təmsil olunurdu və hakim partiyadan sonra əsas partiya idi. Ona görə, irəli sürülən təklifin müstəqillər və hakim partiya nümayəndələri tərəfindən dəstəklənməsi müsbət hal kimi qiymətləndirilə bilər.
Parlamentdə digər azlığı təmsil edən partiyaların nümayəndələri komitə sədrlərinin müavini təyin edildilər. Bu da bir irəliləyişdir. Belə ənənə gələcəkdə də davam etdirilməlidir".
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə də bu hadisənin Azərbaycanda uğurla başlanan islahat siyasətinin məntiqi davamı olduğunu qeyd edib: “Parlamentdə baş verən dəyişikliklər, inkişafda olan islahatlar ölkəmizi daha güclü edəcək, Azərbaycan xalqının iradəsini əks etdirəcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






