İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiyalar haqda yeni qanun gəlir, müxalifətin helikopteri olacaqmı?

723 05.03.2021 08:05 Ölkə A A

Ekspertlər deyir ki, dəyişikliklərin məqsədi budur ki, siyasi mübarizə düşmənçilik kimi yox, sağlam rəqabət mühitində keçsin...

Azərbaycan hakimiyyətinin 2018-ci ildən başlayaraq idarəçiliyə yeni yanaşması, bütün istiqamətlərdə siyasətinin dəyişməsi göstərir ki, ölkədə siyasi palitra əvvəlki və ənənəvi mənzərə ilə vidalaşır.

“Yeni Müsavat” yazır ki, bu yeniliklər, iqtidarın opponentlərinə münasibətində fərqli baxışı, dialoqa meyllilik, hətta barışmaz müxalifətlə diskussiyalara açıq olması belə deməyə əsas verir ki, Azərbaycanın siyasi poliqonu düşmənçilik, kindən qurtularaq loyal, pozitiv bir müstəvidə inkişaf edəcək.

Xüsusən 2019-cu ilin noyabrında Prezident Administrasiyasında baş verən komanda dəyişikliyi ölkə siyasətinə yeni nəfəs gətirdi. Burada Ədalət Vəliyevin fəaliyyətini xüsusi qeyd etməyə dəyər. O, 2019-cu ilin noyabrında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edildikdən sonra ölkə başçısı İlham Əliyevin tapşırığı ilə yeni siyasi kursun icrasını uğurla həyata keçirməkdədir.

Ə.Vəliyevin timsalında ölkədəki siyasi partiyaların sədrləri ilə görüşlər, onların fikirlərinin dinlənilməsi, təkliflərinin eşidilməsi, dəyərləndirilməsi şübhəsiz ki, həm cəmiyyətin, həm müxalifətin ən azı son 20 ildə əsas gözləntilərindən biridir. O baxımdan, Ə.Vəliyevin partiya sədrləri ilə görüşləri, pandemiya səbəbindən videoformatda müzakirələr iqtidar-müxalifət dialoqu istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir. 

Bunun nəticəsi olaraq Azərbaycanda xeyli sayda siyasi partiya rəsmi dövlət qeydiyyatından keçdi, siyasi münasibətlər sistemində yeni çalarlar meydana gəldi, həmçinin bir sıra partiyalar ofislə təmin olundu. Eyni zamanda Ədalət Vəliyev bir müddət öncə keçirilən onlayn tədbirdə siyasi partiyalarla bağlı qanun layihəsinin hazırlanacağını bildirib.

Şöbə müdiri bununla əlaqədar partiya rəhbərlərinin təkliflərini gözlədiklərini də qeyd edib. Artıq REAL, Böyük Quruluş partiyaları təkliflərini göndərib. Məlum məsələdir ki, ölkədə müxalifət partiyalarının əsas problemi maliyyələşmədir. Dövlət son illər bu istiqamətdə müəyyən addımlar atıb.

Amma partiya siyahısı ilə -  yəni proporsional seçki sistemi ləğv olunduğundan, ana müxalifət partiyası deyilən bir termin tarix olub. Halbuki Türkiyədə müxalifət partiyalarının təkcə möhtəşəm qərargahları deyil, dövlət səviyyəsində mühafizəsi, rəsmi protokollarda təmsilçilikləri, hətta mərkəzi ofislərində helikopter enişi üçün meydançaları, partiya sədrlərinin bəzi hallarda öz ofisindən hansısa bölgə təşkilatındakı görüşə helikopterlə getmək kimi lüksları belə var. 

Yeri gəlmişkən, Azərbaycan bir sıra hallarda qardaş Türkiyədəki idarəçilikdən nümunə kimi istifadə edir. Məsələn, ordu quruculuğunda Türkiyə modeli kimi. Qardaş ölkənin təhsil, səhiyyə sistemi də bir sıra hallarda Azərbaycan üçün nümunə ola bilir. O zaman siyasi partiyaların fəaliyyətini də Türkiyə siyasi sisteminə uyğunlaşdırmaq mümkündür.

Bəs bunun üçün “Siyasi partiyalar haqqında” Qanunda nələri dəyişməliyik? Hansı şərtlər olmalıdır ki, müxalifət cəmiyyətin bir parçasına çevrilsin, dövlətin içində inkişaf etsin?

Aydın Mirzəzadə: "O uşaqdan popkorn almaq lazım idi..."

Aydın Mirzəzadə

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, həqiqətən də “Siyasi partiyalar haqqında” yeni qanuna ehtiyac var. A.Mirzəzadə hesab edir ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyir və bu istiqamətdə yeniliklər də olmalıdır: “Yeniliklər təkcə hakimiyyət tərəfindən verilmir, onun subyekti olan partiyalardan da təkliflər olmalıdır. Yeni qanun layihəsinin təkliflər siyahısında bir sıra məsələlər ola bilər. Məsələn, partiyaların qeydiyyat məsələsinə, qeydiyyat üçün tələb olunan partiya üzvünün sayının dəyişilməsinə, seçkidə müəyyən səs toplamış partiyalara dövlət tərəfindən yardım verilməsinə baxıla bilər. Eyni zamanda siyasi partiyalara biznes subyekti kimi baxmaq doğru deyil, ofis təminatında onların ya icarə haqqını azaltmaq, ya müəyyən hissəsini dövlət üzərinə götürməsi ola bilər. Həmçinin seçkilərdə iştirakla bağlı ilkin səs toplama faizi aşağı salına bilər. Bir sözlə, dəyişikliklərin məqsədi budur ki, siyasi partiyaların fəallığı artsın, təkliflərini versinlər, siyasi mübarizə düşmənçilik kimi yox, sağlam rəqabət mühitində keçsin”.

A.Mirzəzadənin sözlərinə görə, Prezidenti Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və quruma idarəçilik təcrübəsi olan Ədalət Vəliyevin rəhbər təyin olunması bir çox pozitiv addımlarla müşayiət olundu: “Siyasi partiyalarla əlaqələr gücləndi, görüşlər keçirildi, onların problemləri öyrənildi, partiyaların hamısı ofislə təmin olundu. Onların problemləri dövlət başçısına çatdırıldı, qeydiyyata alınmaq üçün müraciət edən partiyaların qeydiyyat işi çox sadələşdirildi.  Artıq bitərəf kimi seçilən iki deputatımızın partiyaları parlament partiyası seçildi, dövlətdən dəstək aldılar. Bütün bunlar Azərbaycan dövlətinin siyasi partiyalara, cənab Prezidentin demokratiyanın inkişafına göstərdiyi diqqətdir. Partiyalar ictimai-siyasi həyatda nə qədər fəal olarsa, dövlətçiliyin inkişafı, vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində töhfə vermiş olarlar”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirdi ki, “Siyasi partiyalar haqqında” Qanunun işləməsi və demokratik, çoxpartiyalı siyasi sistemin formalaşması istiqamətində cüzi dəyişikliklərə ehtiyac var. Onun sözlərinə görə, Azərbaycanda 60-dan yuxarı siyasi partiya dövlət qeydiyyatına alınıb, lakin onların bir çoxu artıq tarixdə qalıb, fəaliyyət göstərmir, heç üzvlərinin sayı da məlum deyil, ictimai-siyasi həyatda iştirakları nəzərə çarpmır. Deputat hesab edir ki, bu istiqamətdə müəyyən təmərküzləşmə prosesi getməlidir, partiyalar güclənməlidirlər: “Partiya cəmiyyətin sosial sifarişini yerinə yetirir. Yəni tək qanun dəyişiklikyindən söhbət getmir, ümumilikdə siyasi sistem güclənməlidir. Burada yalnız iqtidar-müxalifət məsələsi deyil, cəmiyyətin bir sıra təbəqələrinin səsinin siyasi qərarların qəbulunda eşidilməsi olmalıdır”.

Asim Mollazadə: Dövlət başçısı İlham Əliyevin təşəbbüsü dünya miqyaslı  hadisə kimi qiymətləndirilir - İki sahil

Asim Mollazadə 

A.Mollazadənin fikrincə, Türkiyə və dünya təcrübəsindən də istifadə edilə bilər: “Partiyaların dövlət dəstəyini alması modeli bizdə də var, parlamentdə təmsil olunan siyasi partiyalar dövlət dəstəyi alır. Almaniyadan nümunə gətirə bilərəm, həm partiyalar dövlət dəstəyi alır, həm ideyalarını çatdırmaq üçün təşviqçi fondlar dövlətin dəstəyini görürlər”. 

Partiya sədri qeyd etdi ki, son dövrlərdə iqtidar-müxalifət dialoquna doğru mühüm və çox ciddi addımlar atılıb: “Xüsusən də Prezidentinin Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasından və müvafiq quruma Ədalət Vəliyevin müdir təyin edilməsindən sonra bu struktur fəaliyyətini intensiv həyata keçirir. Hesab edirəm ki, ölkənin siyasi sisteminin güclənməsi, inkişafı üçün bir prosesdir, müsbət addımları müşahidə edirik”.

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - Modern.Az Azərbaycan və dünya xəbərləri

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli isə bildirdi ki, 50-dən çox siyasi partiya dövlət qeydiyyatından keçib: “Amma araşdıranda məlum olub ki, partiya sədrlərinin bir hissəsi ya dünyasını dəyişib, ya da sədrlikdən gedib, bəzi partiyalar qurultay ərəfəsində sənədləşməni düzgün həyata keçirməyiblər, bir sözlə, müasir partiya quruculuğunun tələbləri var. Ona görə ölkədə çoxpartiyalı siyasi sistemi özündə əks etdirəcək bir qanun layihəsi hazırlanmalıdır”.

Politoloq hesab edir ki, son dövrlərdə Prezident Administrasiyasındakı müvafiq şöbə partiyalarda nöqsanların aradan qaldırılması istiqamətində ciddi işlər görüb: “Partiyalar təsis qurultaylarını yenidən keçiriblər, sənədləşməni sahmana salıblar, nizamnaməyə uyğun iclaslarını həyata keçirirlər və sair... Bu mənada partiyaların qeydiyyata alınmasında sərt intizamın gətirilməsinə ehtiyac duyulur. Siyasi cəhətdən fəal, qohum-qardaşı başına yığmayan partiyalar olmalıdır. Hər halda, Azərbaycan kimi ölkədə 50-dən çox partiyanın mövcudluğu, bir çoxunun fəaliyyətinin hiss olunmaması açıq şəkildə anormallıq yaradır. Bəzi partiyalar hesabat vermirlər, maliyyə qaynaqları barədə məlumat verməkdən yayınırlar. Bu baxımdan yeni qanuna ehtiyac var ki, nizam-intizam gətirilməsinə şərait yaransın”.

Q.Hüseynlinin sözlərinə görə, partiyaların qurultayı vaxtında keçirilmir, qurultaylararası ali məclislər iclasları vaxtı-vaxtında keçirmir: “Elə partiyalar var ki, Bakı rayonlarında təşkilatları yoxdur. Partiyaların bəziləri maliyyə hesabatları verirlər, əksəriyyəti açıqlamır, Ədliyyə Nazirliyinə veriməli olan sənədlər işlənib hazırlanmır.  Partiyalarda ciddi təftiş işi aparılsa, üzvü 1000-dən aşağı olan xeyli belə təşkilat aşkarlamaq olar. Bu da mövcud qanunvericiliyə uyğun gəlmir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR