Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, Avropa Oyunlarından Azərbaycana müasir idman infrastrukturu, irimiqyaslı beynəlxalq tədbirlərin təşkili və keçirilməsi təcrübəsi, dünya idman tarixinə ölkəmiz adına bir səhifə və nəhayət, bayrağımız altında çıxış edən idmançıların medalları qaldı:
“Xeyli insan bir anlıq da olsa özünü bayramda hiss elədi, bayram yaşadı. Qaliblərin maddi mükafatlandırılması da uşaqlar, gənclər, valideynlər arasında idmana meylin artmasına əlavə təkan verəcək. Birmənalı qəbul edilməməsinə baxmayaraq, son illərdə ilk dəfə olaraq siyasi partiyalar dövlət protokolunda iştirak etdilər. Bu müddət ərzində müsbət və ya mənfi olmasından asılı olmayaraq Azərbaycan beynəlxalq informasiya məkanında əsas gündəm mövzularından biri oldu. Dünyanın və cəmiyyətin diqqəti daha həssas və geniş şəkildə Azərbaycana, onun tarixinə, mədəniyyətinə, Qarabağ məsələsinə, eyni zamanda neft və siyasət, neft gəlirləri və svilizasiyalılıq, Azərbaycanda siyasi rejimin avtoritar xarakteri, siyasi məhbus, təqiblər, korrupsiya, demokratiya və tərəqqi, ölkənin geosiyasi seçimi kimi məsələlərə cəlb edildi.
Azərbaycan dövlətinin beynəlxalq vəziyyəti, o cümlədən mövcud iqtidarın beynəlxalq imici baxımından ciddi problemlərinin olduğunu açıb göstərdi. Bir çox həqiqətlər bir daha təsdiqləndi. Heç bir parlaq, möhtəşəm şou bizim siyasi, sosial, iqtisadi, geosiyasi problemlərimizi, hətta iqtidarın öz problemlərini həll etmək bir yana, onların mövcudluğunu pərdələmək üçün yetərli deyildir. Ölkədə, siyasətdə ciddi, fundamental dəyişikliklər, islahatlar zəruridir. Bütün bunlar pozitivlərdir. Eyni zamanda Avropa Oyunlarının yekunu olaraq narahatedici hisslər və düşüncələr də azalmaq əvəzinə daha da artdı. Köhnə suallar qaldı və yeniləri yarandı. Biz hara gedirik?
Pozitiv kimi dəyərləndirdiyimiz yuxarıdakı nəticələr naminə bu qədər məsrəfə və cəmiyyətin bütün yaşam sisteminin bu qədər gərginliyə məruz qoyulmasına ehtiyac vardımı? İkinci, üçüncü belə gərginliyə sistem davam gətirərmi? Bütün bunlar qiyamət zamanı ziyafət olmasın? Hakim siyasi elita, prezident oyunların ortaya qoyduğu əsas çağrını köklü dəyişikliklər və islahatların zəruriliyi çağrısını qəbul edəcək və adekvat addımlar atacaqmı? Yoxsa hər şey əvvəlki kimi davam edəcək və bu halın məntiqi sonucları labüddür? Mənim fikrimcə, bu suallara indiyə qədər baş verənlərə və mövcud vəziyyətə əsaslanaraq cavab vermək nə qədər təbii və məntiqli görünsə, doğru cavab bundan sonra nələrin olacağından asılıdır. Oyunlar başa çatdı. İdman, yarışlar olub və olacaqdır. Bizimkilər də həmişə qalib olsun! Lakin siyasətin əsasən idman üzərindən aparılması dövrü də nəhayət ki, qurtarmalıdır. Siyasət öz təbii gündəminə qayıtmalıdır. Qarabağ və işğal olunmuş torpaqların qaytarılması naminə milli birlik, beynəlxalq təcrid prosesini geri döndərmək, siyasi məhbus problemini həll etmək, köklü demokratik dəyişikliklərə, fundamental islahatlara başlamaq lazımdır. Hələ imkan və vaxt var”.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Avropa Oyunlarının yekunları iki aspektdən təhlil olunmalıdır. Biri texniki-təşkilati baxımdan, ikincisi isə beynəlxalq reaksiya baxımından: “Texniki, təşkilati baxımdan kifayət qədər uğurlu keçdi. Hesab edirəm uğurlu alındı. Beynəlxalq reaksiyalara gələndə isə Avropa Oyunlarına beynəlxalq reaksiya hakimiyyət üçün də, bütövlükdə Azərbaycan üçün də istənilən səviyyədə olmadı. Təbii ki, obyektiv, subyektiv səbəblər oldu. Avropa institutları çalışdılar ki, Azərbaycanla indiyə qədər danışdıqları məsələləri həll etmək baxımından Avropa Oyunlarından da yararlansınlar. Amma dəyişən bir şey olmadı. Dəyişən yalnız o oldu ki, münasibətlər bir qədər də gərginləşdi. Bu münasibətlərin gərginləşməsi isə nə Azərbaycana, nə də beynəlxalq təşkilatlara uğurlu nə isə vəd etmir. Ortaq məxrəc tapılmalıdır. Beynəlxalq təşkilatlarsa bəzən ortaq yolları tapmaq, Azərbaycan hakimiyyətinə ümumiyyətlə problemlərin beynəlxalq standartlara uyğun səviyyədə həll olunması üçün ciddi çaba xərcləyir. Güman edirəm ki, artıq bundan sonra masa arxasında Azərbaycana aid problemlərin çözülməsi istiqamətində danışıqlar olacaq. Oyunlar dövründəki ritorika indi daha yumşaq ritorika ilə əvəzlənəcək. Hər halda, Avropa Oyunları artıq tarixdir və bu tarixin odaqlanıb qalmaq yox, nə onun mənfilikləri, nə üstünlükləri istiqamətində köklənib qalmaq lazım deyil. Gələcəyə baxmaq lazımdır”.
AMİP sədri Yusif Bağırzadə Avropa Oyunlarını xalqın, dövlətin başını uca eləyən bir tədbir kimi xarakterizə etdi: “Bütün dünyaya Azərbaycan sübut etdi ki, möhtəşəm mədəniyyəti, tarixi var, ”Sarı gəlin"in müəllifi bizik, butanın sahibi bizik. İdmançılarımız da böyük uğurlara imza atıb dövlətimizin bayrağını dəfələrlə ucaltdılar. Azərbaycan sübut etdi ki, təkcə təşkilatçı kimi yox, eyni zamanda iştirakçı kimi də yüksək səviyyədə hazırlaşıb. Avropa Oyunlarında dünyaya bir daha sübut olundu ki, biz tolerant xalqıq. Avropa Oyunları bir sınaq idi. Azərbaycan bu sınaqdan üzüağ çıxdı".
Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirdi ki, açılış və bağlanış mərasimləri dünya standartları səviyyəsində oldu: “Bu birinci Avropa Oyunları olduğu üçün bir təcrübə yox idi. Açılış və bağlanış mərasimlərində Azərbaycanın milli mədəniyyəti çox parlaq şəkildə ortaya qoyuldu. İdmançılarımız kifayət qədər uğur qazandılar. İlk dəfə olaraq Azərbaycan Avropanın böyük idman dövlətləri sırasında ilk üçlüyə daxil ola bildi. Bilirsiniz ki, Avropada böyük idman dövlətləri sayılan İngiltərə, Almaniya, Fransa, İtaliya, Belçika kimi ölkələri Azərbaycan önləyərək Rusiyadan sonra ikinci yerə çıxdı. Bu, böyük nailiyyətdir. Ümumi oyunlara gəldikdə isə bura sərf olunan vəsaiti biz götürə bilmədik. Artıq bu, arxada qalıb. Məncə, Avropa Oyunları Azərbaycanın imicində pozitiv rol oynayacaq. Maddi itkiləri saymasaq, ümumilikdə mən pozitiv dəyərləndirirəm”.
Etibar SEYİDAĞA